Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:04

-

Bunu «Azadlıq» qəzeti 5 may tarixli sayında AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı-ekspert Nemət Əliyevə istinadən yazır.

Ekspert Fondun iki hesabatındakı göstəriciləri tutuşdurub və arada bu qədər vəsait fərqinin heç bir izahat göstərilmədən yarandığını aşkarlayıb.
O, üzə çıxardığı faktı facebook səhifəsində paylaşıb. Nemət Əliyev yazır:

«Neft Fondundan 44.2 milyon dollar yoxa çıxıb? İndi Neft Fondunun itkiləri milyardla ölçülür. Olsun ki, çox iri itkilərə adətkər olmuşuq. Bu üzdən yoxa çıxan (çıxarılan) milyonlar diqqəti cəlb etməyə bilər. Amma xalqımızın o milyonlara çox ehtiyacı var. Neft Fondundan çox pullar xərclənib, əziz dostlar! Lakin hərəsinə bir ad qoyulub. Bu 44.2 milyon dolların isə nə adı bilinir, nə də yeri. Hələ ki, izindən, tozundan əsər-əlamət də görsənmir. Maliyyə Nazirliyinin də səsi gəlmir. Hesablama Palatasının adını tutmağa lüzum qalmayıb. Məsələ burasındadır ki, Neft Fondu «2014-cü il üzrə investisiya fəaliyyətinin yekunları»na dair hesabat açıqlayıb və bildirib ki, ilin əvvəlində valyuta vəsaitləri 35 milyard 877.5 milyon dollar olub, il ərzində bu vəsaitlər 1 milyard 270,8 milyon dollar artıb. Odur ki, 2014-cü ilin sonunda Fondun valyuta vəsaitlərinin həcmi 37 milyard 148.3 milyon dollar təşkil edib. Hesabatda bu qədər aktivin valyuta tərkibi və yerləşmə coğrafiyası da təqdim olunub.

Neft Fondu həm də 2014-cü il üzrə gəlir və xərclərə dair məlumat yayıb və bildirib ki, 2015-ci il yanvarın 1-ə (2014-cü ilin sonuna) Fond aktivlərinin həcmi 37 milyard 104.1 milyon dollar olub. Yəni, aktivlərin həcmi haqqında məlumat təhrif olunmuş - azaldılmış şəkildə ictimaiyyətə ötürülüb və bunun səbəbləri haqqında «məlumat»da heç bir izahat verilməyib.

Fərq 44.2 milyon dollardır (37148,3-37104,1=44.2). Narahatçılıq bundadır ki, Fond özünün növbəti hesabatlarını və hesablamalarını bu kobud səhvin (?) üzərində qurub.

Əli Əhmədov

Əli Əhmədov

Və deyəsən belə hesablama Neft Fondunun işinə yarayıb. Bir sözlə, 44.2 milyon dolların izi-tozu itir...».

«DƏRMANLARIN QİYMƏTİNİN DÖVLƏT TƏRƏFİNDƏN TƏNZİMLƏNMƏSİ QAYDALARI HAZIRDIR»

«Yeni Azərbaycan» qəzeti yazır ki, baş nazirin müavini Əli Əhmədov dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı həyata keçirilən işlərdən danışıb.

Baş nazirin müavini qeyd edib ki, artıq bununla bağlı qanunvericilikdə müvafiq dəyişiklik edilib və prezident fərmanı ilə təsdiqlənib.

Əli Əhmədov vurğulayıb ki, növbəti mərhələdə dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi qaydaları təsdiq olunacaq: «Bu qaydalar artıq hazırdır. Ondan sonra isə ölkədə dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi prosesi həyata keçiriləcək».

Bunun texniki baxımdan xeyli vaxt tələb etdiyini deyən baş nazirin müavininin fikrincə, məqsəd ondan ibarətdir ki, Azərbaycanda dərmanların qiyməti süni şəkildə şişirdilməsin. «Bundan başqa, dərmanların keyfiyyətinin daha da artırılması əsas məqsədlərdən biridir. İnsanlar nə dərmanların qiymətinin yüksək, nə də keyfiyyətinin aşağı olmasından əziyyət çəkməməlidirlər. Qaydalar hazırlanıb həyata keçirildikdən sonra əsas məqsədlərə çatmaq mümkün olacaq», - Əli Əhmədov deyib.

Milli Məclis

Milli Məclis

YENİ PARLAMENTDƏ REKTORLAR OLMAYACAQ?

«Yeni Müsavat» qəzeti yazır ki, Milli Məclisin yeni tərkibində rektor deputatlar təmsil olunmayacaq.Qəzet adının çəkilməsini istəməyən mənbəyə istinadən bildirir ki, ayrı-ayrı dövlət qurumlarına rəhbərlik edənlər seçim etməli olacaqlar: «125 deputat arasında müxtəlif dövlət və özəl ali təhsil ocaqlarının rektorları var. Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Naxçıvan Universitetinin rektoru İsa Həbibbəyli, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev mandat daşıyırlar».

«Yeni Müsavat» xatırladırki, Ədalət Partiyasının sədri İlyas İsmayılov rektor deputatların mandatdan məhrum edilmələri üçün müvafiq qurumlara dəfələrlə çağırış etmişdi.

«Hesab olunur ki, İlyas müəllimin müraciəti hüquqa əsaslanmaqla yanaşı, eyni zamanda müəyyən dairələrlə razılaşdırılmış da ola bilərdi», - qəzet yazır.

«Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu»

«Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu»

«HƏDƏF BAKIDIR. HITLER NEFT UĞRUNDA DÖYÜŞÜ NECƏ UDUZDU»

yap.org.az yazır ki, mayın 4-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş «Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu» sənədli filminin təqdimatı keçirilib. Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin süjet xətti Azərbaycan xalqının faşizm üzərində Qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edir.

Filmin layihə rəhbəri, prezidentin qızı Arzu Əliyeva bildirib ki, İkinci Dünya müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlığı bütün dünyaya çatdırmaq üçün sənədli film çəkməyə qərar veriblər: «Biz dünya şöhrətli prodüser Louis Vaudeville-ə müraciət etdik və mən ona bu uğurlu iş birliyinə görə dərin minnətdarlığımı bildirirəm. Çox xoşdur ki, Bakı neftinin şöhrətindən bəhs edən bu filmi dünya ictimaiyyətinə məşhur rejissor Robert Mugnerot təqdim edir».

Filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır. Müharibənin ayrı-ayrı döyüş səhnələrini əks etdirən, bu günədək nümayiş olunmamış videokadrlar bərpa olunmuş rəngli formatda təqdim edilir.

«Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu» filmi mayın 8, 9 və 10-da «National Geographic» kanalında, o cümlədən Fransa, İngiltərə, Almaniya, İtaliya, Polşa, Macarıstan, Danimarka, Türkiyə, İspaniya, Sloveniya, Balkan ölkələri, Afrika ölkələri, Yunanıstan və Çexiyada nümayiş etdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG