Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:27

-

Günay Səma Şirvan

SƏN QADIN DOĞULMADIN Kİ…

Ehh, sən gəlmədin ki,

sən bilmədin ki

“Tı çımı coniş…” *

Cavi Dan

İçin-için sökülməyin,

Ləçək-ləçək tökülməyin

nə olduğunu sən heç bilmədin ki…

Gülüşü dodağında,

Sevgini yatağında boğmadın ki…

Qadınsan:

batmandan ağır olmalısan,

qulağı sağır olmalısan…

İncə, zərif, mehriban…

amma, fağır olmalısan.

Sən heç yaşamadın ki…

Min acının ağrısını,

min ağrının acısını,

sən heç daşımadın ki…

Yaşa, yaşıdım oğlan!

Bəxtəvər başına!

Sən qadın doğulmadın ki!..

***

Bəxtim teldən asılı,

tel tavandan.

Taleyin gərdişinə,

gəlişinə, gedişinə

dözümüm çox.

Təkcə, sənin inamsızlığına tabım yox!

Bir gün tapacaqlar bədənimi,

taleyimin asıldığı yerdə,

yelləncək qurandan sonra.

Ayağı yerdən,

əli Allahın ətəyindən üzülü.

Dodaqlarımda

innabı günəşin təbəssümü–

“əlvida” rəngində.

Və bir də,

deyimi dil yandıran

“haqqını halal et”—kəlməsi–

“Yetim -Segah”ın ahəngində.

***

Doğmalaşdıq

qətrə-qətrə,

zərrə-zərrə.

Bir can olduq

gülə-gülə,

sevə-sevə.

Çörək ətirli

kövrək sətirli

şeirimsən.

Heca-heca,

söz-söz,

misra-misra

səndə doğuldum.

Gözlərinin ayrılıq dadı

dodaqlarımda.

Xatirən hər zaman

yarpaqlayacaq

ömür ağacımın budaqlarında…

Bilirsənmi,

Mən sənin əsərin,

sən elə mənsən.

____________

*Sən mənim canımsan

Günün bütün mövzuları

XS
SM
MD
LG