Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:49

Avropa Oyunları siyasi partiyaların da gündəminə çıxarılır


Mirmahmud Mirəlioğlu
Mirmahmud Mirəlioğlu

-

Prezident Administrasiyası siyasi partiyalara gələn ay Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı görüşməyi təklif edib. Görüşün mayın 13-16-da keçirilməsi planlaşdırılır.

«Azadlıq-2015» seçki blokuna daxil olan partiyalar təklifi müzakirə edib. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyir ki, Prezident Administrasiyası görüş formatını partiyalara xəbər vermədən dəyişdirib. İqtidar təmsilçiləri ilə keçirilmiş ikinci görüşdən sonra iştirakçı partiyaların sırasına Xalq Cəbhəsi və Ədalət partiyalarının qoşulması haqda razılıq olub. İndi isə hər-hansı müzakirə və razılıq olmadan Prezident Administrasiyası görüşə «qeydə alınmış və alınmamış bütün partiyalar» formatı təqdim edir:

«Axırıncı görüşdə artıq konkret olaraq tərkib müəyyənləşdi. Bu tərkibə iki təşkilat əlavə olundu. Bizim tərəfimizdən təklif olundu ki, AXCP də dəvət olunsun. Əvəzində Prezident Administrasiyasında təklif olundu ki, Ədalət Partiyası da dəvət olunsun. Bu razılaşma əldə olunmuşdu. Məsələ bitmişdi və qapanmışdı. Tərkib müəyyənləşmişdi. Amma indi qeydə alınmış və alınmamış bütün siyasi təşkilatlar dəvət olunur. Bu da əvvəlki razılaşmanın nəzərə alınmaması deməkdir».

Narazılığa daha bir səbəb isə müzakirə olunacaq mövzunun partiyalarla razılaşdırılmamasıdır. Blok cavabında təklif edilən mövzunun partiyalarda müzakirə edilərək razılıq olduqdan sonra qərar veriləcəyini bildirir. Mirmahmud Mirəlioğlu deyir ki, müzakirələr partiyalarda davam etdiriləcək. Görüşlə bağlı bundan sonra qərar veriləcək.

Pənah Hüseyn
Pənah Hüseyn

SEÇKİ MƏSƏLƏSİNİN MÜZAKİRƏSİ RAZILAŞDIRILIBMIŞ

Xalq Partiyasının sədri Pənah Hüseyn deyir ki, Prezident Administrasiyasının təklifi «Azadlıq 2015» blokunda müzakirə olunacaq və mayın 6-da qərar veriləcək. Pənah Hüseyn də mövzuya və formata tənqidi münasibət bildirdiklərini xatırladır:

«Biz, ümumiyyətlə, təklif etmişdik, razılaşdırılmışdı ki, seçki məsələsi qoyulsun. Görüş seçkilər və seçki islahatına həsr olunsun. Üstəlik də bu, bir mövzu ilə məhdudlaşmamalıdır. Bizim dediyimiz o idi ki, siyasi məhbuslar da daimi gündəlikdə müzakirə edilən məsələlərdən biri olsun. Onların təklifinə gəldikdə, ilkin təəssürat odur ki, görüş yox, bu, Avropa Oyunlarına dəstək kampaniyasının bir tərkibi olaraq dəyirmi masa olmalıdır».

İŞTIRAKI ARZU OLUNSA DA, AXCP GÖRÜŞƏ QATILMAYACAQ

Xalq Cəbhəsi Partiyası isə planlaşdırılan görüşdə iştirak etməyəcək. Bu haqda AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verdi. Gözəl Bayramlı deyir ki, onların belə bir görüşdə iştirak etmək niyyətləri yoxdur:

Gözəl Bayramlı
Gözəl Bayramlı

«Heç vaxt bizim belə bir razılığımız olmayıb. İştirak etmək niyyətimiz də yoxdur və iştirak etməyəcəyik».

BU CÜR GÖRÜŞLƏR ONDA EFFEKTLİ OLAR Kİ…

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, qarşıdan parlament seçkiləri gəlir və Qərb dairələri iqtidarı müxalifətlə dialoqa dəvət etdiyi üçün belə görüşlər keçirilir:

«Ən azı bir imitasiya xətrinə hakimiyyət bu addımı atır. O da ki, konstruktiv hesab etdiyi siyasi qüvvələri bir yerə toplamaqla görüşlər keçirir. Lakin bu tipli dialoqların hansısa böyük effekt verəcəyinə şübhə ilə yanaşıram. Çünki vaxtilə mətbuat nümayəndələri ilə də görüşlər keçirilmişdi. Bu, mətbuatın problemlərini həll etmədi. Əksinə, mətbuata olan təzyiqlər daha da artdı. Digər tərəfdən bu tipli görüşlərin konkret predmeti olmalıdır. Tutaq ki, proporsional seçki sisteminin bərpası müzakirə olunmalıdır. Sərbəst toplaşma azadlığının təmin olunması, mətbuata basqıların, siyasi məhbusların probleminin bir problem olaraq aradan qaldırılması dialoq predmeti olmalıdır».

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

Azər Rəşidoğlu deyir ki, bu cür görüşlərdə dövlət başçısı özü və aparıcı siyasi partiyaların liderləri iştirak etməlidir. Əks halda, danışıqlar effektsiz olacaq.

İndiyə kimi siyasi partiya nümayəndələri ilə iqtidar təmsilçiləri arasında 2014-cü ilin dekabrında və 2015-ci ilin fevralında iki görüş keçirilib. Sonuncu görüşə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və şöbənin müdir müavini ilə sektor müdiri qatılıb. Siyasi partiyalardan isə Klassik Xalq Cəbhəsi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Xalq, Böyük Quruluş, Demokratik İslahatlar, Vətəndaş və İnkişaf, Demokrat, Böyük Azərbaycan, Ümid, Sosial Demokrat, Azadlıq, Milli İstiqlal, Aydınlar, Kommunist və Vahid Azərbaycan Kommunist partiyalarının, Milli Dirçəliş Hərəkatının rəhbərləri iştirak edib.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov sonuncu görüşdən sonra demişdi ki, bu cür görüşlər cəmiyyət üçün lazımlı bir akt kimi dəyərləndirilməli və davam etdirilməlidir. Hakimiyyət təmsilçisi onu da söyləmişdi ki, fəal siyasi fəaliyyətlə məşğul olan bütün siyasi partiyalar bu görüşlərdə iştirak edə bilər.

İyunda keçiriləcək ilk Avropa Oyunlarına dəstək məqsədilə bir qrup hakimiyyətyönlü QHT koalisiya yaradıb. Tənqidi media və beynəlxalq hüquq-müdafiə təşkilatları isə oyunlar ərəfəsində Azərbaycana qarşı qərəzli kampaniya aparmaqda ittiham olunur, insan haqları pozuntuları barədə beynəlxalq tənqidlər qətiyyətlə rədd edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG