Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:24

Vidadi İsgəndərli: «Keçmiş prokurorluq işçisi kimi qondarma işin nə olduğunu yaxşı bilirəm»


Vidadi İsgəndərli
Vidadi İsgəndərli

-

«Əqidə qeyrətdir, qeyrət isə satılmır».

Hüquq müdafiəçisi onu fəaliyyətsizlikdə, satılmaqda ittiham edənlərə cavab verir.

- Vidadi bəy, həbsiniz, həbsxanada keçən günləriniz xatirənizdə necə qalıb?

Vidadi İsgəndərli

Vidadi İsgəndərli

Hüquq müdafiəçisi Vidadi İsgəndərli 2011-ci ilin aprel ayında İctimai Palatanın mitinqi zamanı saxlanılıb.

O, həmin il Milli Məclisə keçirilən seçki zamanı namizədliyini irəli sürmüşdü. Vidadi İsgəndərli səsvermə məntəqələrində səsverməni pozmaqda, məntəqə üzvləri ilə kobud rəftar etməkdə təqsirləndirilirdi. Məhkəmə ona 3 il həbs cəzası vermişdi. 2012-ci ilin dekabrda prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

- Sözsüz ki, həbs olunanda bilirdim ki, siyasi fəaliyyətimə, hüquq müdafiəçisi kimi gördüyüm işlərə görə həbs olunuram. Tam səmimi deyirəm ki, hökm çıxmamışdan ABŞ kimi dövlət, Avropa insan haqları institutları mənim müdafiəmə qalxmışdı. Mən özüm də keçmiş prokuror işçisi kimi qondarma işin nə olduğunu yaxşı bilirəm. Yəni bilirdim ki, bunun arxasında dayana bilməyəcəklər. Mən keçmiş prokurorluq işçisiyəm, ədliyyə müşaviriyəm, məni qanunla hüquq-mühafizə orqanlarının işçiləri üçün nəzərdə tutulmuş «9-cu kolon»a göndərmək əvəzinə, min nəfər narkomanın, qatillərin, cinayətkar aləmin içinə göndərdilər. Mənim fərqim onda oldu ki, mən orada da hüquq müdafiəçisi kimi fəaliyyətimi davam etdirdim. «14-cü kolon» mən orda olduğum müddətdə Azərbaycanda dustaqlar üçün ən yaxşı «kolon»a çevrildi. Bu, təbii ki, təkcə mənim yox, sonradan gələn 8-ə yaxın siyasi məhbusun hesabına oldu. İnsan haqları uğrunda mübarizə aparıb həbs olunmaq bir şərəfdir. Görün, İntiqam Əliyev nə deyir: «Məni ev-eşiyimə göndərin. Bu gün həbsxana bəzi şərəfli insanların evi olub». Baxmayaraq ki, ora həbsxanadır, mən «konslaqer» deyirdim. Mən bu şərəfli yolu keçmişəm. Bəlkə də ikinci dəfə bu yolu keçmək imkanı da olacaq. İndi tam açıqlamaq istəmirəm, amma növbəti siyasi proseslərdə fəallığım görünəcək.

- Amma indi həmin fəallıqdan sanki əsər-əlamət yoxdur. Həbsdən sonra sizin sankı bir kənara çəkildiyiniz hiss olunur.

- İndi çoxu məni fəaliyyət göstərməməkdə ittiham edir. Bunun bəzi səbəbləri var. Həm səhhətim, həm indi evimlə bağlı problem yaşamağım. Həm də fəaliyyət necə olmalıdır axı? Həbsdən çıxandan sonra 54 yaşım olmağına, xəstəliyimə baxmayaraq, məni 3 dəfə həbs edib inzibati cəza veriblər.

- Yəni etiraf edirsiniz ki, bütün bunlar sizi geri addım atmağa məcbur etdi?

- Yox, geri addım atmağıma səbəb siyasi proseslər oldu. Mən həbsdə and içmişdim və çıxanda da müxalifət liderləri ilə görüşdə bildirdim ki, mənim siyasi iddiam yoxdur. Buna heç səhhətim də yol vermir. Sadəcə, siyasətçilərə kömək etmək istəyirəm. Arada bir siyasi inciklik oldu və mən Milli Şuradan uzaq salındım.

- Bəs hüquq müdafiəçisi kimi fəaliyyətinizə nə mane oldu?

- Hüquq müdafiəçisi kimi hal-hazırda 10 nəfərin korrupsiya ilə bağlı şikayətlərini araşdırıram. Sadəcə olaraq, bunları işıqlandıracaq bir mətbuat imkanım yoxdur. Gərək məndən nə etdiyimi soruşsunlar ki, mən də açıqlama edim də. İndi dayanmışam burada, məndən soruşurlar ki, düzdür sizə pul veriblər ki, susasınız. Mən sizə açıq deyirəm, növbəti siyasi prosesləri gözləyirəm ki, mənim üçün tribuna yaransın.

Vidadi İsgəndərli
Vidadi İsgəndərli

- Daha bir həbs ehtimalı qorxudur sizi?

- Mən sizə deyim ki, ya seçkiyə kimi, ya da seçkidən sonra məni tutacaqlar. Bu, məni qorxutmur. Bu gün Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla Yunus və digər hüquq müdafiəçiləri və jurnalistlərin orada-həbsdə olması haradasa məndə bir stimul yaradır ki, dostlarım orada təkdir. Sadəcə, mən siyasətçilərdən incidim deyə, siyasətçilər məni siyasi proseslərdən ayırdılar.

- Dediniz ki, siyasətdə olanlara kömək etmək istəyirsiniz. Kimdir kömək etmək istədiyiniz siyasətçi?

- İsa bəylə dostam, onu özümə qardaş bilirəm. Amma məndən incisələr də, deməliyəm ki, siyasi mərkəz bu gün Milli Şura və onun başinda duran Cəmil Həsənli və Əli Kərimlidir. Amma mənə elə gəlir ki, bir şeyi anlamaq lazımdır ki, Azərbaycanda müxalifyönlü azadlıqsevərlər hamısı bir yerdə olmasa, Azərbaycanda mübarizə aparmaq mümkün olmayacaq. Biz özümüz özümüzlə birləşə, bir-birimizlə dil tapa bilmiriksə kimlə dil tapa bilərik?

- Qondarma cinayət işlərindən danışdınız. Siz prokurorluqda çalışanda da belə bir cinayət işləri olurdumu və sizin də bunda rolunuz var idimi?

- Mən sizə bir sirr açım. Olurdu, parlament seçkilərində prokurorluq saxta rəylər verirdi. Yəni prokurorluq orqanları bu gün öz statusundan kənara çıxıb, artıq siyasiləşib və qanuna deyil, hakimiyyətə qulluq edir. Bu, ümumiyyətlə, sovetlərin avtoritarizmindən qalan bir qanundur. Amma bir nəfər Azərbaycanda məni nədəsə ittiham etmək istəsəydi, əllərində fakt olsaydı, bundan dərhal istifadə edərdilər də, xüsusən siyasi proseslərin içində olduğumu görəndən sonra. Bir dəfə eşitdinizmi prokurorluq mənə belə bir işlərlə bağlı ittiham versin? Bunu özümü tərif üçün demirəm, tam səmimi etiraf edirəm.

- Vidadi bəy, hazırda bir neçə hüquq müdafiəçisi həbsdədir, onlar hüquq müstəvisində fəaliyyət göstərib, mübarizə aparıb və nəticədə həbs olunublar. Bəs bütün bunlar həmin hüquq müstəvisində bir irəliləyişə gətirib çıxarıbmı? Bu səylərin bir nəticəsi varmı?

Vidadi İsgəndərli Göyçay məhkəməsində - 2011
Vidadi İsgəndərli Göyçay məhkəməsində - 2011

- Hər bir dövlətin idarəetmə üsulu var. Azərbaycanda avtoritarizmin olduğunu hamı bilir. Avtoritarizm, korrupsiya olan yerdə nə ola bilər? Formal olaraq nəsə dəyişib, hakimiyyətə qulluq edən işçi qrupu yaranıb. Hansı insan haqlarından söhbət gedə bilər? Azərbaycanda təkcə dolların bahalaşması ilə milyonlarla insanın maraqları alt-üst oldu. Amma bununla bağlı keçirilən mitinqə neçə adam gəldi?

- Bəs onda hüquq müdafiəçilərinin fəaliyyətinin səmərəsizliyində kim günahkardır? Onların fəaliyyətində də çatışmazlıq var deyə bilərikmi? Belə olan halda bəlkə heç hüquq müdafiəçisinə ehtiyac da yoxdur?

- Yox, heç səmərəsi yoxdur deyə bilmərik. Bu gün şəxsən mənim əlimdə 20 nəfərə yaxın adamın korrupsiya faktı ilə bağlı işi var. Biz də olmasaq bu insanlara kim yardım göstərər? Yəni daxildə bu cür fərdlərə hüquq müdafiəçilərinin yardımı danılmazdır. Amma hüquq müdafiəçisinin fəaliyyəti Azərbaycanın hüdudlarından kənara çıxanda, xarici əlaqələr qurulmağa başlayanda, vəziyyət dəyişir. Bu gün hüquq müdafiəçiləri avtoritarizm və korrupsiyanın müəyyən mənada qarşısını alır, yoxsa inanın, hər şey başlı başına olsa, bizə iş verməzlər, elə küçədəcə güllələyərlər.

- Bu günün siyasi məhbuslarına nə demək istərdiniz?

- Azərbaycanda siyasi məhbusların sayı bütün dünyada olan məhbusların sayından daha çoxdur. Elə bu sayın özü mübarizənin göstəricisidir. Ölkəni idarə edənlər özləri də anlayırlar ki, bu yolla dövləti idarə etmək olmaz. Məni tutdular, Rəsul əmələ gəldi, Rəsulu tutdular, sabah başqa biri olacaq. Bunun qarşısını almaq mümkün deyil. Demokratik cəmiyyət qurmaq lazımdır. Demokratik cəmiyyət qursalar, hər şey yoluna düşər. Bizim siyasi məhbusların hər biri Nobel sülh mükafatına layiqdir. Biz həbsxanada olanda, bizi yaşadan azadlıqda olanların dəstəyidir. Bu dəstəyi əsirgəməyək. Bəzən cəmiyyətdə mənim satılmağım barədə də fikirlər səslənir. Həmin fikirlərlə bağlı da demək istəyirəm ki, əqidə ya olur, ya olmur. Əqidə qeyrətdir, qeyrət isə satılmır.

XS
SM
MD
LG