Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:07

XİN-dən xəbərdarlıq: Dağlıq Qarabağa gedənlərə cinayət işi açılacaq


Dağlıq Qarabağda «parlament seçkiləri» - 2010.
Dağlıq Qarabağda «parlament seçkiləri» - 2010.

-

«Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin mayın 3-də qanunsuz «parlament seçkiləri» keçirməsi Azərbaycan Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır».

Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bəyan edib.

H.Hacıyev deyib ki, Azərbaycanda siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Konstitusiyası və qanunları təşkil edir:

«ATƏT-in Minsk Qrupu həmsədrlərinin sülh sazişi üzərində işə başlamaq barədə çağırışlarına məhəl qoymayaraq, Ermənistan tərəfdən «seçki» adı altında atılan bu təxribatçı addım yalnız danışıqlar prosesinə xələl gətirmək və Azərbaycana qarşı işğal və təcavüzü pərdələmək məqsədi daşıyır».

Hikmət Hacıyev xatırladır ki, bu seçkilərin tanınmadığı ATƏT-in Minsk Qrupu həmsədrlərinin aprelin 30-dakı bəyanatında da vurğulanır.

O, özünü müşahidəçi adlandıran şəxslərin Azərbaycan qanunlarını kobud şəkildə pozduğunu da bildirib: «Özünü «müşahidəçi» elan edən bu şəxslərin fəaliyyəti işğal, təcavüz və Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmənin nəticələrinin təşviqinə xidmət edir. Slovakiya vətəndaşı František Mikloško-nun halında olduğu kimi, işğal olunmuş ərazilərə qanunsuz səfər edən və Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozan bu kimi «müşahidəçi»lərə münasibətdə də cinayət təqibinin başlana biləcəyi istisna deyil».

Slovakiya vətəndaşı František Mikloško barəsində əməliyyat-istintaq hərəkətləri davam etdirilir. O, Interpol vasitəsilə axtarışa verilib.

XS
SM
MD
LG