Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:05

Səddam Hüseyn ölümə məhkum edildi


Səddam Hüseyn, 5 noyabr 2006
Səddam Hüseyn, 5 noyabr 2006
Bağdad məhkəməsi keçmiş İraq diktatoru Səddam Hüseyni bəşəriyyətə qarşı cinayətlərdə təqsirli bilərək edam yoluyla ölüm cəzasına məhkum edib.

Digər iki müttəhim – Səddamın ögey qardaşı Bərzan İbrahim ət-Tiqriti və keçmiş baş hakim Avad Əhməd əl-Bəndər də ölümə məhkum ediliblər.


İraqın keçmiş vitse-prezidenti Taha Yasin Ramadan ömürlük həbs cəzası alıb. Üç müttəhimə 15 il həbs cəzası kəsilib. Baas partiyasının daha bir keçmiş fəalı isə günahı sübuta yetirilmədiyindən azadlığa buraxılıb.


Hökm oxunduqdan sonra Səddam «Yaşasın İraq xalqı!» və «Düşmənlərə ölüm!» şüarları səsləndirib.


Səddam Hüseyn və onun tərəfdaşları 1992-ci ildə İraqın Ducayl kəndində 148 şiə məzhəbli insanın qətlində ittiham olunurdular.


İraq hökuməti məhkəmə hökmündən sonra mümkün zorakılıqların qarşısını almaq üçün Bağdad və ətraf ərazilərdə komendant saatı tətbiq edib.



Çıxarılmış hökmün nə vaxt icra oluna biləcəyi hələlik məlum deyil. Səddamın apellyasiya hüququ var. Amma Ducayl kəndindən olan şiələrin qətli Səddamın bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirildiyi yeganə iş deyil. Məhkəmə həmçinin, İraqın şimalında kürdlərin də kütləvi qətliylə bağlı buna bənzər işə baxır. İstisna deyil ki, hazırkı hökmün icrasını bu ikinci işə dair məhkəmə hökmü çıxarılana qədər təxirə salacaqlar.


Hər halda, müşahidəçilərin əksəriyyəti hesab edir ki, ali məhkəmə instansiyaları bugünkü hökmü ləğv etməsələr, yaxud da heç olmasa yumşaltmasalar, Səddamın edamı yalnız bir neçə aydan sonra baş tutacaq.


İraqın keçmiş prezidenti Səddam Hüseynə edam cəzasının kəsilməsinə azərbaycanlı siyasətşünaslar ümumilikdə normal yanaşır, ancaq eyni zamanda bu cəzanı kəsən məhkəmənin legitimliyinə şübhəylə yanaşanlar da var.


Müsavat partiyası başqanının müavini Qabil Hüseynli Səddam Hüseynə ölüm cəzasının kəsilməsini diktatora layiqli cəza adlandırır: «Region və dünya üçün ciddi problemə çevrilmiş bir adama bu cür cəzanın kəsilməsini mən ədalətin təntənəsi kimi qəbul edirəm».


Qabil Hüseynlinin fikrincə, əslində, İraqda koalisiya qüvvələrinə qarşı Səddam Hüseyn tərəfdarları deyil, xaricdən qızışdırılan qüvvələr mübarizə aparır. Bu mənada ona kəsilən ölüm cəzası İraqda bundan sonrakı proseslərə çətin ki, ciddi təsir etsin.


Politoloq Zərdüşt Əlizadə isə deyir ki, Səddam Hüseynə ölüm hökmü də azdır. Çünki o, İraq xalqına, İraqa böyük fəlakətlər gətirib. Ancaq siyasətşünas bu hökmü çıxarmış məhkəmənin nə dərəcədə qanuni olmasına diqqət çəkir: «Bu mühakimə hansı fonda baş verir? İraqda nə qədər adam ölür? Mən əminəm ki, bu hökmdən sonra İraqda qarşıdurma dərinləşəcək. Əslində, koalisiya qüvvələri qanun pozuntusu nəticəsində İraqa girdi. BMT-nin bu barədə qərarı olmamışdı. İndi də Səddamı mühakimə edirlər».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG