Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:43

Araşdırmaçı jurnalist istintaqın onu müalicə üçün də kənara buraxmadığını deyir


Aynur Imranova
Aynur Imranova

.

Aprelin 29-da müstəqil jurnalist Aynur İmranova ona edilən təzyiqlərlə bağlı baş prokuror Zakir Qaralova müraciət edib. Jurnalist bildirir ki, 1 ildən çoxdur bank hesablarına həbs qoyulub. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə saysız-hesabsız çağırışlar, müalicəsi ilə bağlı ölkədən çıxmağına qoyulan qadağalar səhhətini daha da pisləşdirib.
Jurnalist deyir ki, müalicəsi davamlı olmazsa, həkimlər ona bir gözünün tutulacağı ilə bağlı xəbərdarlıq ediblər. Ancaq həm maddi sıxıntılar, həm də hərəkət məhdudiyyətinə görə müalicəsini davam etdirə bilmir.

– Aynur xanım, sizə qarşı təzyiqlər nə vaxtdan başlanıb, bu təzyiqlər nəylə bağlıdır?
- Keçən ilin mayından məşhur QHT işi ilə bağlı şahid kimi cəlb edilmişəm. May ayından sentyabra qədər dəfələrlə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağrılmışam. Müalicə üçün xaricə getməyimə qadağa qoyulub, mənim konstitusion hüquqlarım pozulur. Tez-tez istintaqa çağırılıram. Mənə aid olmayan suallara cavab vermək məcburiyyətində qalıram, saatlarla vaxtım gedir, əsəblərim pozulub. Gəlirəm, bir neçə gün özümə gələ bilmirəm. Səhhətimlə bağlı həkim rəyi var ki, mən müalicəmi davam etdirməliyəm. Ancaq çıxmağıma imkan verilmir.

– Siz təzyiqlərin jurnalist fəaliyytinizlə bağlı olduğunu deyirsiniz.
- Mən təqsirləndirilən şəxs olmamışam. İlk gündən şahid kimi cəlb olunmuşam. Əslində QHT işində olan adamların heç biri ilə əməkdaşlıq etməmişəm. Mənə dəxli olmayan şeyləri soruşurlar, bu, təzyiq vasitəsidir.

Özü də hər araşdırma yazım çıxandan sonra sorğulara çağrılmağım da intensivləşir. Görürəm ki, bu, mənim birbaşa işim, fəaliyyətimlə bağlı olan basqıdır. Buna görə də ictimaiyyətə müraciət etmək qərarına gəldim. Bəlkə bir az insafları olar ki, xəstəliyimlə bağlı imkan versinlər, gedim müalicəmi elətdirim.

– Bu arada ailə üzvlərinizə də təzyiq edidliyini yazmısız.
- Mənim qeydiyyat ünvanım anamın yaşadığı ünvandır. Cəmi bir dəfə telefona cavab verə bilməmişdim. Axşamı anam zəng vurdu ki, polis gəlib, əlaqə saxlamağımı tələb edirlər. Anam qorxmuşdu, çox ağlamışdı. Polis dedi ki, “təcili əlaqə saxlamalısınız. Sorğularda iştirak etməsəniz sorğuya polislə aparılacaqsınız”.

Oğlumla bağlı sətiraltı hədə-qorxuları hiss edirəm. Oğlumun 15 yaşı var, onun bu məsələ ilə nə əlaqəsi ola bilər? Çox narahatam. Gözünün qabağında yaxın dostlarım həbs olunub. Dəfələrlə sorğuya gedən vaxt ona demişəm ki, “ola bilər ki, bu gün həbs olunacağam”. Ona çox ona pis təsir edir.

– İndi də sorğu-suallar davam edir?
- Bəli. Ancaq yazılı heç bir ifadə yoxdur, ancaq şifahidir. Profilaktik tədbir kimi çağırırlar, bir neçə sual verirlər. Bu, bir təzyiq vasitəsidir. Bu həftə sorğu olmayıb. Ancaq keçən həftəyə qədər davam edirdi.

– Siz Xədicə İsmayılın işi ilə bağlı istintaqa cəlb olunmusunuz?
- Dekabr-yanvar aylarında olub. İstintaq sirridir deyə, bu haqda konkret danışa bilməyəcəyəm. Ancaq iki ay hər gün 7-8 saat sorğuya çağırıblar. Xədicənin şəxsi həyatına dair, işə aid olmayan suallar verirdilər. Onda da onları maraqlandıran cavablar olmadığından sorğu-sual yazılı şəkildə olmurdu. Sonra dayandı. Fevraldan isə ancaq bu QHT işi ilə bağlı sorğular davam edir.

– Hazırda fəaliyyət göstərə bilirsinizmi?
- Heç yerdə işləyə bilmirəm. Həftədə 2-3 dəfə sorğuya çağrılırsan, özün də xəstəsən. Belə vəziyyətdə necə fəaliyyət göstərmək olar? Övladımı dolandırmaq məcburiyyətindəyəm. Ancaq heç yerdə işləyə bilmirəm. Elə bil böyük həbsxanadayam.

Çarəsizəm. İndi mən neyləməliyəm? Müraciətimdə də yazmışam ki, Avropa Oyunları üçün ölkəyə gələn turistlərin qarşısında özümü yandırım? Bu addımım kiməsə hədə-qorxu gəlmək üçün deyil. Çarəsizlikdən başqa bir şey deyil. Çarəsizliyimin səviyyəsini göstərmək istəyirəm. Övladımın həyatını təmin edə bilmirəm.

P.S. Jurnalist hələlik prokurorluqdan müraciətinə cavab almayıb. Onun müsahibəsində səsləndirdiyi ittihamlarla bağlı prokurorluğun da fikirlərini yaymağa hazırıq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG