Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:07

Əli Kərimli: “Neçə nəfər mənim kimi “stajlı müxalifətçi” kimi qala bilib?”


Əli Kərimli

Əli Kərimli

.

Aprelin 28-də AXCP sədri Əli Kərimlinin 50 yaşı tamam oldu. AzadlıqRadiosuna müsahibəsində o, apardığı mübarizəyə necə və neçə qiymət verməsindən,“stajlı müxalifətçi” adlandırılmasından, ən böyük arzusundan, “müxalifət zirvəsində yaranan seyrəklikdən” danışıb.

- Əli bəy, 50 yaşınız mübarək.
- Təşəkkür edirəm.

- 50 olanda ömür yarılanır deyirlər, bu mənada arzularınızın heç olmasa yarısını gerçəyə çevirə bildinizmi? Və nə qədəri hələ ürəyinizdə qalır?
- Hesablamamışam, amma çin olan da var, uğrunda mübarizə aparmalı olduğumuz arzular da çoxdur. Ən əsası odur ki, etdiyim seçimlər, verdiyim qərarlar üçün peşman deyiləm.

- Bu günə ən böyük arzunuz nədir?
- Bu günə ən böyük arzum Qarabağın işğaldan azad olmasıdır.

- Demokratiya yox?
- Demokratiya olacaq. O da arzumdur. Şübhəsiz, Azərbaycana azad, ədalətli, demokratik dövlət arzulayıram. Amma Qarabağ üçün daha çox narahatam, nəinki demokratiya üçün. Demokratiyanın bərqərar olacağını daha aydın təsəvvür edirəm, nəinki Qarabağın işğaldan qurtulmaısnı. Qarabağ üçün bizim millət olaraq daha çox səy göstərməyimiz lazımdır.

- Əli bəy, Qarabağla bağlı 27 il əvvəl narahatlığınız daha çox idi, ya indi?- Emosional olaraq onda problem mənim üçün daha kəskin idi. O zaman döyüş gedirdi, proses təzə başlamışdı, tələbə yoldaşlarımla sərhədə getmişdik...

Yəni emosional olaraq o zaman gündəmimiz birbaşa Qarabağla bağlı idi. İndi çox təəssüf ki, atəşkəs dövrü, gündəlik qayğılar, problemlər nəticəsində Qarabağ heç də hər zaman gündəmimizin əsas məsələsi olmur. Bu, bir faktdır.

Amma əqli baxımdan, oturub düşünəndə görürsən ki, çox böyük fürsətlər əldən verildi. Açığı, o zaman biz inanırdıq ki, əl-qolumuzu bağlayan olmasa, tezliklə Qarabağı işğaldan azad edə bilərik. Onu etiraf etmək lazımdır ki, münaqişənin ilkin mərhələsində millətimizin özgüvəni indikindən qat-qat artıq idi. Öz rəhbərlərimiz, ermənilərin himayədarları və böyük dövlətlərin tərəfindən biz haqq etmədiyimiz məğlubiyyət yaşadıq. Bu məğlubiyyət kompleksindən hələ də azad ola bilmirik. Sonradan dövlətin də əl-qolu bağlandı, fürsətlər itirildi. Açığı, münaqişənin hərbi baxımdan daha asanlıqla və tezliklə həlli fürsətləri xeyli arxada qaldı. O zaman bizim döyüşən 33 batalyonumuz ləğv edildi, qeyd-şərtsiz Azərbaycan atəşkəsə məcbur edildi, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra 6 rayonumuz işğal olundu... Sonradan ordu quruculuğu da dövlətin əsas hədəfi olmadı.

Beləliklə, fürsətləri ilbəil azaltdıq. Azərbaycan hakimiyyətində təmsil olunan adamların boş-boş bəyanatlarına fikir verməyin, “lazım olsa, 5 gündə belə edərik, 3 gündə elə edərik”. Onların qəhrəmanlığı saytlarda kənd almaqları kimidir. Çox təəssüf ki, Azərbaycana rəhbərlik edənlər onu müttəfiqsiz qoyublar. Qarabağı indi qaytarmaq 15, 25, 27 il öncə olduğundan daha çətindir.

- Təmsil olunduğunuz düşərgənin bunda günahı payı yoxdur?
- Bizim hər şeyə görə müəyyən məsuliyyətimiz var. Amma bu məsuliyyəti bizi məğlubiyyətə aparanlarla bərabər tutmaq olmaz, müzakirə də etmək olmaz. Bizim düşərgə Qarabağla bağlı milli hərəkata başlayıb, silaha sarılıb, minlərlə şəhid verib.

Azərbaycan hökuməti isə Qarabağla bağlı yalnız spekulyasiya ilə məşğul olub, PR aksiyaları keçirib. Bizim bir məsuliyyətimiz də var, bu uzun illər ərzində ölkəni sülalə hakimiyyətindən xilas edə bilmədik. Bunda hamımızın payı var. Amma biz də əlimizdən gələni etmişik.

- Qayıdaq yubiley söhbətinə. Keçdiyiniz ömür yoluna, apardığınız mübarizəyə necə və neçə qiymət verərdiniz?
- (Gülür) Bu 50 illik ömrün 28 ilini – 1988-ci ildən başlayaraq ictimai-siyasi fəaliyyətlə məşğulam. Başa düşdüyüm şəkildə və bacardığım qaydada millətimə xidmət etmişəm.

1987-ci ildə tələbə dostlarımla birgə, gizli, antisovet “Yurd” Birliyini təsis edəndən bu günədək mənim üçün hərəkətverici qüvvə millətimə və vətənimə xidmət etməkdir. Müəyyən mərhələdə tələbə hərəkatı yaradıb müstəqillik uğrunda mübarizə aparmaq olub, müəyyən mərhələdə gizli qəzet çıxarmaq olub, müəyyən mərhələdə dostlarımı səfərbər edib Qarabağa gedib döyüşmək. Müəyyən mərhələdə dövlət xidmətində olmuşam, sonra – daha uzun müddət müxalifətdə ideallarım uğrunda mübarizə aparmışam.

Əlbəttə, hər şey başqa cür də ola bilərdi. Ya azad, ya da yarımazad ölkədə siyasətçi olsaydım, yəqin hökumətdə, parlamentdə daha çox təmsil olunmaq, xalqa daha praktik fayda vermək imkanlarım olardı. Bu halda isə ömrümün xeyli hissəsi ölkədəki vəziyyətin, xalqımın durumunun daha da pisləşməməsinə həsr olunub. Bizdən nəticə istəyənlər onu görmürlər ki, tək mən yox, minlərlə insan bu ölkə avtoritarizm, totalitarizm bataqlığına yuvarlanmasın deyə həyatımızın çoxsaylı illərindən, günlərindən keçmişik.

- Amma demədiz ömür yolunuza, mübarizənizə neçə qiymət verərdiz?
- Mənim qiymət verməyim nə qədər düzgün olar? Söhbətin əvvəlində dedim ki, yaşadıqlarıma, etdiyim seçimlərimə, verdiyim qərarlara, seçdiyim dəyər və prinsiplərə görə qətiyyən peşman deyiləm. Əksinə qürur duyuram. Mənim fəaliyyətimə isə yalnız xalq qiymət verə bilər.

Özümə qarşı tələbkaram. Hər zaman düşünürəm ki, daha yaxşı işləmək, mübarizə aparmaq, daha təkmil olmaq şansı var. Buna da can atıram. Hər halda indiyədək etdiklərim məndə peşmançılıq və ya vicdan əzabı yaşatmayıb. Xalqımın qarşısında alnım açıq, üzüm ağdır. Yubiley mənim üçün bir hesabat məqamıdır.

Geri baxanda peşman deyiləm, nəyisə təzədən başqa cür etmək barədə düşünmürəm, bu mənada yaşadıqlarımdan məmnunam. Amma nə qədər faydalı olmuşam, yaşadıqlarımı, bu məhrumiyyətləri nə qədər faydalı sayırlar, bu başqa söhbətdir.

- İtkiləriniz nə olub? Və təbii ki qazancınız....
- İtkilərimi saymaq istəmirəm. Əlbəttə, itkilərim olub, şəxsi planda, maddi planda, siyasi planda. Münasibətlər baxımından məhrumiyyətlər yaşamışam. Amma onların çoxu xalqın gözü qarşısında olub. Ona görə saymaq istəmirəm.

Qazancım isə çoxdur. Mübarizədə keçən illərimi qazanc sayıram, mən onları itirilmiş illər saymıram. İsraf olunmuş illər saymıram. Apardığım mübarizə, öz başa düşdüyüm şəkildə yaşamağım məni xoşbəxt edir. Mən danışmaq lazım olan yerdə susmamışam, susmaq lazım olanda danışmamışam. Vicdanım rahatdır, o baxımdan həyatımdan razıyam.

Qazancım çoxdur, çox ləyaqətli insanlarla əhatə olunmuşam. Azərbaycan xalqının xeyli hissəsi məni başa düşür, mübarizəmi qiymətləndirir, bu, mənə təsəllidir. Ailə həyatımdan razıyam, ailəm, uşaqlarım məni başa düşür, mübarizəmi qiymətləndirirlər. Yaşadığım məhrumiyyətlərə görə mənə tənə etmirlər. Bu ağır zamanda yaxşı adamlarla əhatə olunuram. Bu da mənə ruh verir.

Eyni zamanda, xalq hərəkatından çıxıb AXCP-yə sədr olmaq, müxalifət liderlərindən biri kimi çətin illərdə mübarizənin önündə durmaq mənə məmnunluq verir. Bir insan ömrü üçün bunu uğur kimi qiymətləndiririəm. Mənə acıyanlar da çoxdur, mənim məhrumiyyətlərimdən mütəəssir olanlar da. Ancaq bu yolu şüurlu seçmişəm, narahat deyiləm. 50-də geri baxıb əminliklə deyirəm ki, həyatımdan məmnunam.

- Əli bəy, bəzən düşərgə liderləri haqqında “stajlı müxalifətçi” ifadəsi işlədirlər. Bu, sizi qıcıqlandırmır?
- Əksinə. Mənə fəxrdir. Neçə nəfər “stajlı müxalifətçi” kimi qala bilib? Elə bilirsiz asandır, dəyirman daşından salamat çıxmaq? Mənimlə bir yerdə, məndən daha əvvəl və məndən daha sonra bu yola çıxanlardan nə qədəri bu mübarizənin ön sıralarında qala bilib?

Düşündükcə məmnun oluram ki, Allahıma şükür, mən bu sınaqlardan çıxa bilmişəm. Maneələri aşa bilmişəm, ideallarımdan imtina etməmişəm. Qaldı müddətin uzun çəkməsinə, bu, mənimlə bağlı deyil ki. Avtoritar rejimlərdə bu cür qaranlıq dövrlər olur. Sizcə, Rusiyada, Belorusda ağıllı adamlar yoxdur? Orda niyə dəyişiklik olmur? Elə şey var ki, bir adamın imkanları xaricindədir. O şərtlər insan iradəsindən güclü olur. Bu şərtlər içində bir nəfərin iradəsi Azərbaycanın taleyini köklü dəyişə bilməz.

O baxımdan bizim müxalifətdə keçən ömrümüzün uzun olmasını bu işi bacarmamağımızla bağlamıram. Çox şükür ki, sınmadıq, usanmadıq, ruhdan düşmədik. Mənimlə çiyin-çiyinə olan nə qədər adam vardı ki, müxtəlif səbəbdən artıq mübarizədə deyillər.

Bir çoxunda yanlış fikir var ki, guya bu “stajlı müxalifət” çəkilsə, onların yerini hansısa qüvvələr tutacaqlar. Həmin adamlara demək istəyirəm, baxın, Azərbaycan siyasətində nə qədər yer boşalıb. İndi zəhmət olmasa, o boşalmış yerləri doldurun. Kim bacarırsa, kim kimi nəzərdə tutursa, o yeri doldursun. Zaman uzun çəkdiyindən yorulub yolda qalan da, mühacirətə gedən də, mövqeyini satan da olub, hər cür sıradan çıxan da. Bu gün müxalifət zirvəsində tünlük yox, seyrəklikdir, o seyrəkliyi doldurmaq lazımdır.

- Bundan sonraya planlarınız nədir?
- Xalqıma xidmət göstərməkdə davam edəcəm. Azərbaycanın müstəqil, demokratik, ərazi bütövlüyü təmin olunmuş, seçkilərlə hökumətlərin dəyişdiyi, hüquqi bir dövlət quruluşunun ölkəmizdə bərqərar olması üçün əlimdən gələni edəcəm.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG