Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:32

Bakının kələ-kötür yollarında mənimsənilən milyardlar


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Yeni Müsavat» qəzeti yazır ki, Bakıda yollar bərbad vəziyyətdədir. İlboyu yollarda təmir-bərpa işləri aparılır, büdcədən milyonlarla manat vəsait bu sahəyə ayrılır. Ancaq problem həllini tapmır.

Bəs görəsən ildə bir neçə dəfə yenilənən paytaxt yollarının hələ də ağ günə çıxmamasının səbəbi nədir?

Qəzetin bu sualına cavab verən nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynov deyib ki, əsas səbəblərdən biri korrupsiya və yeyinti faktlarıdır: «Asfalt örtüklərin tez-tez aşınması, keyfiyyətsiz vurulması, yollarda vaxtaşırı təmir-bərpa işlərinin aparılması dövlət əmlakını mənimsəmək niyyətində olan məmurlara əlverişli şərait yaradır».

İqtisadçı Qadir İbrahimli isə «Yeni Müsavat»a bildirib ki, dövlət büdcəsi hesabına yolların təmir edilməsi üçün son illərdə 1 milyarda yaxın vəsait ayrılıb:

«Beynəlxalq maliyyə təsisatlarından da Azərbaycanda yolların tikintisi üçün vəsait ayrılır. Orta hesabla götürsək, Azərbaycanda hər il üçün 1.5 milyardlıq yol büdcəsi olur. Həmin vəsait səmərəli xərclənmədiyi üçün yol problemi hələ də həllini tapmayıb».

Avropa Oyunları məşəlinin alovlandırılması mərasimi - 26 aprel 2015
Avropa Oyunları məşəlinin alovlandırılması mərasimi - 26 aprel 2015

AZƏRBAYCAN İLK AVROPA OYUNLARINA YÜKSƏK SƏVİYYƏDƏ EV SAHIBLİYİ EDƏCƏK

«Yeni Azərbaycan» qəzeti yazır ki, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları mühüm idman hadisəsi olmaqla yanaşı, siyasi, iqtisadi nöqteyi-nəzərdən də ölkə reallıqlarının təbliği baxımından mühüm əhəmiyyət kəsb edir:

«Prezident İlham Əliyevin hakimiyyəti dövründə biz çox ciddi nailiyyətlər əldə etmişik. Həyatımız yaxşı mənada çox böyük sürətlə dəyişib. Bu dəyişikliklər həm ölkəmizin ümumi həyatında, həm də insanların şəxsi həyatında hiss olunur. Artıq inkişafın Azərbaycan modeli dünyaya təqdim olunub. İlk Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələn xarici qonaqlar da Azərbaycanın necə inkişaf etdiyinin əyani şahidi olacaqlar».

BANKLAR MALİYYƏ NƏTİCƏLƏRİNİ GİZLƏDİR

«Azadlıq» qəzeti yazır ki, birinci rübün başa çatdığı 31 mart tarixindən keçməsinə baxmayaraq, hələ də 45 bankdan 30-u rüblük maliyyə nəticələrini açıqlamayıb.

Mərkəzi Bank
Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankı da yanvar-mart ayları üzrə statistik məlumatları hələ açıqlamayıb. Fevral ayı üzrə bir çox məlumatları açıqlayan Mərkəzi Bank, «Bank fəaliyyətinin maliyyə nəticələri» adlı statistik göstərəciləri yeniləməyib. Bu göstərici, mənfəət və zərərlə işləyən bankların sayını, əldə etdikləri mənfəəti və etdikləri zərəri göstərir. Banklar bildirirlər ki, maliyyə nəticələrinin açıqlanması onların müştərilərində, xüsusilə əmanətçilərdə inamsızlıq yarada bilər.

İqtisadçı-ekspert Nemət Əliyev qəzetə bildirib ki, «ölkənin tədiyyə balansına aid göstəricilər keçən ilin 9 ayını, yəni üç rübü əhatə edirdi. Halbuki, devalvasiya həyata keçirilib, çox ciddi sosial-iqtisadi proseslər gedib. Hər kəs ölkənin maliyyə ödəmə qabiliyyətinin nə dərəcədə olduğunu öyrənmək istəyir. Həmin məqamda belə məlumatları daha tez açıqlamaq əvəzinə, Mərkəzi Bank göstəricilərin açıqlanma müddətini uzadır».

LƏĞV OLUNAN KOMİTƏNİN İKİ MİN İŞÇİSİ MAAŞSIZ QALIB

«Bizim Yol» qəzeti yazır ki, bu ilin fevralındaprezidentin fərmanı ilə ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olmuş, hazırda da fəaliyyət göstərən 4 təşkilatın əməkdaşları iki aydır əməkhaqqı ala bilmir.

Foto illüstrasiya
Foto illüstrasiya

Dövlət Yerquruluşu Layihə İnstitutu, Dövlət Aerogeodeziya Müəssisəsi, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi və Bakı Kartoqrafiya Fabrikinin işçiləri yaranmış durumdan şikayətçidirlər. Onlar Ləğvetmə Komissiyasının tabeliyində bugünədək işləyirlər.

Əməkhaqqının verilməməsinin səbəbi ilə maraqlananda onlara bildirilib ki, Maliyyə Nazirliyi bu təşkilatın işçiləri üçün dövlət büdcəsindən ayrılmış vəsaiti hesaba köçürmür. Həmin 4 struktur vahidində ümumilikdə 2000 nəfərə yaxın işçi çalışır.

«Banklara külli miqdarda borcumuz var. Qohum-əqrəbadan, dost-tanışdanborc alıb, bankalardan götürdüyümüz krediti veririk. Amma biz nə vaxta qədər borc alıb kredit verə bilərik? Bu ilin fevral və mart aylarından biz əməkhaqqımızı ala bilmirik», Monitorinqi Elm-İstehsalat Mərkəzinin adının çəkilməsini istəməyən əməkdaşı qəzetə bildirib.

Məsələ ilə bağlı olaraq ötən həftə Maliyyə Nazirliyinin mətbuat xidmətinə sorğu göndərilib. Sorğuya cavab olaraq bildirilib ki, şikayət nazirliyin uyğunşöbəsində araşdırılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG