Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:14

-

Uşaqlar lap “Şərikli çörək”filminin qəhrəmanı Vaqif kimi acdılar. Qazanın boş olduğunu bilə-bilə gedib-gəlib ağzını açırıq. Qapağın cingiltili səsiylə doyuzdururduq gözümüzü sanki...

Sevinc Elsevər

BƏDBƏXTLİK TAPANDA SEVİNƏNLƏR...

(Hekayə)

Əl eləyib bir taksi saxlatdırdım. Tələsirdim.

Qənaətcil , bəlkə də dırnağından darı sızmaz biri olduğumdan taksiyə nadir hallarda minərəm. Minəndə də müştəri tutmaq üçün çağıra-çağıra adamın qabağına qaçan bir manatlıq taksilərə.

Bir nəfərlik taksi tutanda da nə qədər tələssəm, sürücüyə bunu büruzə vermirəm. Əvvəla, sürücünün qəza törədəcəyi qorxusundan. İkincisi də, taksi tutanda danışıb qiyməti endirirəm, qorxuram ki, tələsdirsəm, sürücü endirim fikrindən vaz keçə.

Özümü elə aparıram, guya heç mənim taksiyə ehtiyacım yox idi, avtobusla da gedə bilərdim. Onun minnəti olsun, bayaqdan boş dayanmışdı, maşınına mindim.

Mindiyim taksi gəldi-gəldi, yolun yarısında tıxaca düşdü. Bu vaxt gözünə döndüyüm yağın içində bir mersedes bizim qəhrəmanın köhnə hyundayını arxadan vurdu. Sürücü maşından düşdü, nə danışdılar, nə danışmadılar, yanlarında olmadığımdan bilmədim, geri qayıtmağı çox çəkmədi. Tıxac bir yandan, bunlar da yolu dəqiqələrnən kəsə bilməzdilər. Hadisəni uzaqdan- yaxından görən sürücülər artıq hər tərəfdən siqnallamağa başlamışdılar. Qorxurdular ki, mübahisə çox uzana, qabaqdangəlmişlik edirdilər.

Sürücü qayıdıb gələndə qanı qaralmaq əvəzinə, kefi kökəlmişdi. Mən də içimi gəmirirdim ki, sürücü birdən ayağımın ağır olduğunu düşünər, taksi vurulduğundan gediş haqqını artırar. Ya da bu maşın basabasının içində məni salar yerə, deyər ki, hara gedirsən get.

Sən demə, maşının arxa buferi elə əvvəldən dağılıbmış. Sürücünün düzəltdirməyə imkanı yox imiş. İndi maşını arxadan vuran sürücü təmiri boynuna götürürdü.

-Qardaş, məncə sən maşını heç düzəltdirmə. Yaxşı gəlir yeridi. Şəhərdə gəz, dolan, vuran olan kimi tut təmirin pulun al- dedim zarafatla.

Qardaşın çiçəyi çırtladı.

-Bə mən neyləyəcəm, ay bacı? Mən də elə eləyəcəyəm də! – dedi, üstündən də hırıldadı.

- Bəs necə? Kasıbın da Allahı var! - mən ürəyimdə, sürücü dilində dedi.

Sürücü bayaq hırıldayanda ona qoşulub gülə bilmədim. Çünki bu hadisə anamla bağlı qəmli bir əhvalatı yadıma saldı. Üstəlik bu basabasda hələ mən Çaplinin “Körpə ”filmini də xatırladım. Həmin filmdə Çaplin sınıq pəncərə şüşələrini təmir edir. Müştəri tapmaq üçün körpəylə birgə maraqlı üsul tapıblar. Körpə qabaqda gedir, atdığı daşla evlərin pəncərələrini sındırır, ev sahibələri də körpənin dalınca küçənin tinində görünən təmirçini çağırıb iş gördürürlər. “Körpə” filminə baxmayanlar bəlkə Şabanın eynisüjetli filminə baxıblar. Şabanın filmində süjet olduğu kimi qalır. Bircə Çaplinin yanındakı uşaq oğlandı, Şabanınkı qızdı.

“Körpə” filminin boyat təəssüratından məni sürücünün səsi ayırdı.

-Ay bacı, mən hələ yaxşıyam e. Mən neylədim?! Kor deyildi ki! Günün günorta vaxtı gətirib maşınını maşınıma çırpmayaydı. Ağzını ayıra-ayıra, qulağında telefon, musiqiyə də “polnı “səs verib, elə biləsən Allahın bacısı oğludu. Nə olsun sənin maşının mənim maşınımdan bir az bahadı?! Axtarsan altında yoxdu eyy, amma yalandan da, düşmən məni alverdə görsün. Camaat yumurtadan yun qırxır. Bizim kənddə dədəmgilin qonşusu var, gör dolanışığını hardan çıxarır? Harda kor, axsaq inək var, pul verib alır. Maşınların gur gəlib-gedən vaxtı inəyi çıxardır yol kənarına. İnəyi qışdayıb yola ötürəndən sonra özü bir ağacın dalında gizlənir. Elə ki, bir maşın inəyi vura, ya yanından ötə ha... Özünə bir əl qatır gəl görəsən... İnək olur, öləndə badamgözlü, sağlığında kor Fatma. Yanıbalalı inəyin pulunu almayınca sürücüdən əl çəkmir. Uçastkovı-zad da tanıyır o kişini. İndi yəqin uçastkovının da ağzını murdarlayır ki, göz yumur.

Uçastkovı gözünü orda yummağında olsun, mən də maşın artıq tıxacı yarıb çıxdığına görə diqqətini yola yönəltdiyindən daha darıxmayan, bayaq əlindən –ayağından çox ənginə cəhd gələn sürücüdən canımı qurtarmış, yorğun başımı arxa oturacağa atıb gözlərimi yummuşdum. Axır vaxtlar hansı taksiyə oturursan, sürücüsü özünü ali təhsilli həkim, müəllim, aqronom, mühəndis kimi təqdim edir, sonra da yalan demədiyini sübut eləməkdən ötrü hardan gəldi danışır, özünü çoxbilmiş göstərir. Bu taksi sürücüsü də dediyinə görə keçmiş döyüşçü idi, həm də politexniki bitirmişdi.

Gözlərimi yummağımın əsas səbəbi ürəkbulanmam idi. Təzyiqim aşağı olduğundan maşının pəncərəsindəki təsvirlər gözümün qabağından keçdikcə gözüm qaralır, başım hərlənir. Elə uşaqlıqdan bu mərəz canımdadı, çıxmır ki çıxmır. Çox adam məsləhət görür ki, gözümü yumub pəncərəyə baxmasam, başım hərlənməz, ürəyim də qalxmaz. Bu fikri ixtisasca həkim olan taksi sürücüləri də təsdiqləyir. Düzdü, gözümü yummaqla problem tam həll olunmur, amma köməyi də dəyir.

Gözüyumulu halda yuxuyla ayıqlıq arasında anamın başına gələn əhvalatı xatırladım, yoxsa yuxuda gördüm heç bilmirəm.

Sovet dövründə anam rayonumuzdakı yeganə böyük ticarət mərkəzində satıcı işləyirdi. Çoxlu alıcıları, çoxlu hörməti vardı. Elə pulu da vardı azdan-çoxdan.

Bir şey ki, anam ixtisaslı satıcı olmağıyla fəxr edirdi. İndi bişmiş toyuğun yanında ixtisaslı satıcı olmağınla fəxr eləsən, gülməyi gələr. Anamın qazancı atamınkından da çox olurdu. Sovet dövründən sonra satıcılar o qədər çoxalmağa, qaydalar elə sürətlə dəyişməyə başladı ki, anam başını itirdi. O, bu qaydalarla ayaqlaşa bilməzdi. Rayondakı ticarət mərkəzi bağlanmışdı, biz artıq şəhərə köçmüşdük. Anam cürbəcür mağazalarda işləyirdi. Hərəsində də uzağı bir ay, iki ay.Atamın işi isə əvvəlki kimi daş hörmək idi. İş olsa işləyirdi, olmasa yox. Bəzən elə olurdu , bütün qışı atam işsiz qalırdı. İndi bunları düşündükcə tüklərim ürpərir. Hekayə yazsan, vallah qəhrəmanı yazıqdı. Bir qadın təsəvvür eləyin: indikindən daha pis zamanda, üç uşağı var, əri işsiz , kirayə qalırlar, qadın haçan baxırsan iş axtarır.

Anam bütün bu problemlərin içində bir də qürurluydu. Bu bəlkə də o vəziyyətdə adamın ağlına gələn ən axırıncı şey olmalıdı. Amma yox, bunu anama başa salmaq çətin idi.

Anam hər dəfə təzə iş tapdığını həyəcanla xəbər verəndə evimizdə əsl toy-bayram olurdu. Atam sevinir, uşaqlar hoppanıb düşürdü. Çünki ağlımız kəsirdi, hamımız məktəbliydik. Yaşamağın çətin olduğunu bilirdik. Sevincimiz tezliklə qursağımızda qalırdı. Bir də görürdün, budur, anam yeni iş yerində bir həftə səbr elədi, təzədən pılını-pırtını toplayıb evə qayıtdı.

Anamın işdən çıxmağına gətirdiyi səbəblər atamı həmişə özündən çıxarırdı:

-İşdən niyə çıxdın? Aylarla küçələrdə gəzib iş tapmışdın. Axı mən də işsizəm. Yenə boş şeyin üstündə işdən çıxmısan, bilirəm.

- Marketin müdiri tələb edirdi ki, alıcıları “Meyvə alın! Tərəvəz alın!” deyə çağırım. Mən məgər bazarda işləyirəm? Mən ixtisaslı satıcıyam, mənim bazarda nə işim var? Mənim on beş illik stajım var. Məgər yumurtasından dünən çıxanlar mənim qədər bilir? Cavanları çıxardıblar boyunlarına, mənim kimi stajlıları işə minnətlə götürürlər.

Atam izah etmək istəyir ki, artıq bazarla mağazanın fərqi yoxdu. Kişi nə qədər başa salırdı, anam üçün xeyri yox idi. Anam bütün bu illər boyu doğma piştaxtasının arxasında ətirin, kosmetikanın içində, bəzəkli kukla kimi geyinib oturmuşdu. Parça şöbəsində işləyirdi. Əlləri gül kimi olurdu, meyvəyə, tərəvəzə dəymək nə idi?

Növbəti dəfə işlədiyi konfet, şirniyyat şöbəsi marketin giriş qapılarından birinin ağzında yerləşirdi və müdirin əmri ilə qapı açıq qalmalı idi. Müdir açdırırdı, anam bağlayırdı. Soyuq yellərin qabağında oturmağa öyrəncəli deyildi. Həmin marketdən də qapıya görə qovuldu. Anam heç vaxt qovuldum sözünü dilinə gətirməzdi. İşdən çıxdım deyərdi. Sanki ərizə -zad yazıb işdən çıxırdı. İşdən çıxdım sözünü elə vurğulayırdı, gəl görəsən. Biz onun qovulduğunu, yoxsa özünün işdən çıxdığını bilmirdik.

Hər işdən çıxanda evimizə dərd-ələm gətirirdi çantasında, bircə onu bilirdik.

Bir səhər ertədən atamla anam iş axtarmaq üçün bir yerdə evdən çıxdılar. Evdə dişə çəkməyə bir şey yox. Uşaqlar lap “Şərikli çörək”filminin qəhrəmanı Vaqif kimi acdılar. Qazanın boş olduğunu bilə-bilə gedib-gəlib ağzını açırıq. Qapağın cingiltili səsiylə doyuzdururduq gözümüzü sanki.

Həmin axşam anam evə axsaya-axsaya qayıtdı. Bir həftə yerdə yatdı. Amma əlində bir ay dolanışığımıza yetəcək qədər pul gətirmişdi. Atamla anam necə sevinirdilər, ilahi. Deməli, anam avtobusdan enəndə , sürücü sərnişinin avtobusun pilləkənindən düşüb-düşmədiyinə fikir vermədən maşını işə salıb. Anam avtobusun qapısı ağzında tirtap yerə dəyib. Bu vaxt həmin dayanacaqda dayanan polis sürücünün başının üstünü aldırıb. Nə illah eləyibsə, anam sürücüdən şikayətçi olmayıb. “Vallah, işsizlikdən, fikirdən başımı itirmişəm. Neçə gündü elə fikirli gəzirəm, özüm yıxıldım” deyib durub....

Polis sürücünü şöbəyə aparmağa səbəb tapmamışdı. Görüb ki, anam da “Heç yerim ağrımır” –deyə israr eləyir, polis əl çəkib gedib. Sürücü isə anamın yaxşılığını cavabsız buraxmayıb. Bütün kasıblar bir-birinin dillərini anlayırlar. Anama çıxarıb pul verib ki, iş tapana qədər gərəyi olar. Anam pulu götürmək istəməsə də, evdə ac qoyub gəldiyi uşaqları yadına düşüb. İş tapsa belə əzildiyinə görə bir həftə-on gün də işləyə bilməyəcəyinin fərqinə vararaq, pulu alıb, bədbəxtliyinə sevinə-sevinə evinə qayıdıb.

Anam başına gələnləri danışanda bilmədik sevinək, ya ağlayaq. Yaxşı ki, anam maşınına mindiyim sürücü kimi özünü gündə bir avtobusdan atmaq qərarına gəlməmişdi. Anam canını o qədər az istəmirmiş. Bundan sonra avtobuslardan düşəndə nə qədər fikirli olsa da ehtiyatlı davranmağı bacarmışdı.

Sürücü maşını dediyim ünvanda saxlayandan sonra arxaya çevrilərək “Bacı çatmışıq, düşə bilərsən”- deyəndə mən gözü yumulu halda ağzımı quş balası kimi açaraq səs gələn tərəfə əyilmişəmmiş. Sonra da əməlli-başlı ağız atmışam.

Bir onda gördüm ki, sürücü əlini atıb çiynimi silkələyir.

-Eyyy... eyyy... siz neyləyirsiniz?

Ayılanda gördüm ki, hələ də nəsə yeyirmiş kimi əngimi oynadır, ağzımı marçıldadır, dodaqlarımı yalayıram. Anladım ki, yuxu görürəmmiş və yuxunun son akkordları vardı ha- hansında ki, anam yaxşı bir süfrə açmışdı canı ağrıya-ağrıya. Və biz günlərdi belə süfrə görməyən uşaqlar ləzzətlə o süfrəyə daraşmışdıq.

Gördüm ki, hərəkətimin yaxşı izahı yoxdu. Sürücüyə gördüyüm yuxunu olduğu kimi danışmalı oldum. Hətta ürəyim soyumadı, evə çatan kimi bu əhvalatı yazıb redaksiyanıza göndərdim , həmin sürücü qabağına çıxana deməsin ki, dünən maşınına mindirdiyi qadın ağıldan kəm idi. İstədim bu hekayə ilə onu qabaqlamış olum.

Günün bütün mövzuları

XS
SM
MD
LG