Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:03

Prezident təqaüdçüsü: “İlin gənc yazıçısı” adına da iddialıyam"


Yeqzar Cəfərli

Yeqzar Cəfərli

-

"Mən AYB-yə üzv olanda müəyyən qədər qalmaqal yaşadım".

"Həmişə müstəqil düşünmüşəm, yazmışam. Bundan sonra da belə olacaq".

Azərbaycan Yazıçılar Birliyinin (AYB) bu il prezident təqaüdü alacaq gənclərin adlarını açıqlaması, daha dəqiqi, siyahıdakı adlar birmənalı qarşılanmayıb. Prezident təqaüdçüsü Yeqzar Cəfərli tənqidlərə cavab verir.

- Yeqzar bəy, AYB-yə üzvlük üçün müraciət edəndə bu qurumda təqaüd verildiyini nəzərə almışdınızmı?

- Yaradıcı gənclərin böyük dostu olan hörmətli prezidentimizə təşəkkür edirəm.

AYB-də təqaüdün, mükafatların verildiyini bilirdim. Amma bu quruma sırf buna görə üzv olmamışam. Sadəcə, ədəbi aləmdə yaxından iştirak etmək, tanınmış yazıçılarla qaynayıb-qarışmaq, birliyin tədbirlərində yaxından iştirak etmək üçün üzv olmağı düşünmüşdüm.

Qeyd edim ki, üzvlük üçün 3 il öncə müraciət etmişdim. Keçən il sənədlərimi üzvlüyə qəbul etdilər, bu il isə təqaüdçülər siyahısına düşdüm. Mənə bildirmişdilər ki, üzv olanlar adətən bir il sonra təqaüdə təqdim olunur. Ümid edirəm ki, bu elə mənə dedikləri kimidir. Mən AYB-yə üzv olanda müəyyən qədər qalmaqal yaşadım. Bu barədə uzun danışmaq istəmirəm.

Amma sağ olsunlar, gec də olsa zəhmətimə qiymət verdilər. Bir də ona inanıram ki, bundan sonra gənc yazarlar mükafatlandırılanda, işlə təmin olunduqda yaradıcılıqları ortaya qoyulacaq.

- AYB-də təqaüd verilərkən hansı parametrləri nəzərə alırlar?

- Mən AYB-nin rəsmi işçisi olmadığım üçün bu suala cavab vermək səlahiyyətim yoxdur. Bu sualı birliyin rəsmi işçilərinə ünvanlasanız daha yaxşı olar. Mənim şəxsi qənaətimə görə sırf yaradıcılıq nəzərə alınmalıdır.

Bu barədə çox danışsam yeni bir qalmaqalın əsası qoyula bilər. Onunçün də keçirəm o biri sualı cavablandırmağa (gülür).

Rüfət Əhmədzadə

Rüfət Əhmədzadə

- Rüfət Əhmədzadə bu günlərdə OxuZalında yazdığı yazısında iddia edir ki, təqaüdə layiq görülmək üçün mütləq müstəqil fikirdən çəkinmək tələb olunur, bu fikirlər razısızmı?

- Rüfət Əhmədzadənin yazısını oxumamışam. Açığı, mən elə bir əqidənin sahibi deyiləm. Heç bir siyasi və dini məsələyə qarışmıram. Sırf ədəbiyyat adamıyam. Şəxsən mənim qarşıma belə bir şərt qoyulmayıb. Müraciət etmişəm, üzv olmuşam.

- Bəzi yazıçılar deyirlər ki, yazıçı, mənəvi azadlığını saxlaması üçün heç bir hakimiyyətdən, ya da siyasi qüvvədən dəstək almamalıdır. Məsələn, tarixdə bu səbəbdən Nobel mükafatından imtina etmiş Jan Pol Sartr nümunəsi var. Necə düşünürsüz, Prezident təqaüdü sizin müstəqil fikrinizi məhdudlaşdırmayacaq ki?

- Mən təbiətən müstəqil adamam. Doğma valideynlərimə belə yaradıcılığıma, müstəqil düşüncələrimə müdaxilə etməyə imkan vermirəm. Ona görə də müstəqil olmağıma nəyinsə təsir göstərəcəyinə inanmıram. Həmişə müstəqil düşünmüşəm, yazmışam. Bundan sonra da belə olacaq. Buna görə məndən inciyənlər, küsənlər də olub. Amma sonda haqlı olduğumu qəbul ediblər. Qaldı ki, dəstəyə, məncə dəstəyin olmağı yaxşı şeydir.

Məni bu təqaüdün maddi tərəfindən daha çox mənəvi tərəfləri maraqlandırır.

Bir gənc yazarın yaradıcılığına dəstək göstərəndə o daha da həvəslənir, yazıb yaradır. Bir də müstəqil fikrin məhdudlaşdırılması yazıçının özündən asılıdır. Yazıçı var ki, ingilis bayrağı kimi haraya desən oraya da əsəcək. Sifarişlə, hətta bir qarın yeməyə də yazanlar var. Amma məni yaxından tanıyanlar necə yazıçı olduğumu bilirlər.

- Azərbaycanda kasıblıq həddindən aşağı yaşayan xeyli tanınmış yazar və şair var, özlərinin göstərdikləri müxtəlif səbəblərdən AYB onları özündən uzaq tutur. Necə düşünürsüz, bu təqaüdü alarkən onların da buna haqqı çatdığı haqda özünüzə hesabat verməliydinizmi?

- Qeyd etdiyiniz şair və yazıçılar ölkədə yaxşı tanınsalar da düşünürəm ki, onlarda mübarizlik yoxdur. Belə düşünürəm ki, özünü bu təqaüdə layiq bilib müxtəlif səbəblərdən ondan uzaqlaşan və siz dediyiniz kimi uzaqlaşdırılan yazarlar ədalət naminə mübarizə aparmalıdırlar.

Mən AYB-nin rəhbəri və ya məsul işçilərindən biri olmadığım üçün deyə bilmərəm ki, AYB həqiqətən belə edirmi və əgər edirsə nə üçün edir?. Məndən qabaq özünə hesabat verməli olan yüzlərlə yazarlar var. Mən belə düşünürəm ki, təqaüdə layiqəm, hətta daha yüksək mükafatlara. 19 yaşında monoqrafiya yazıb çap etdirmişəm və bu kitab ölkənin ən tanınmış alimləri tərəfindən yüksək qiymətləndirilib.

Mənə deyirdilər ki, “monoqrafiya öz yaradıcılığınız deyil, yaradıcılıqlar haqqında yaradıcılıqdır. Siz mütləq ya hekayə, ya da şeir yazmalısınız". Halbuki ədəbi tənqid ədəbiyyatşünaslığın ən mürəkkəb sahəsidir. Bir şair və ya yazıçı haqqında bir neçə söz belə yazmaq lazım olanda onun bütün yaradıcılığını oxuyub öyrənmək lazımdır.

Daha sonra “Uçurum” adlı hekayələr kitabım çap olunub. Amma yenə AYB-yə üzv olunmağım min metrlik bir quyunun dərinliklərinə düşdü. Respublikanın ən tanınmış alimləri tərəfindən bəyənilən, ölkənin ən nüfuzlu dərgi və qəzetlərində 100-ə yaxın elmi, ədəbi tənqidi məqaləm, 30-dan yuxarı hekayəm çap olunmasına baxmayaraq hər dəfə məni AYB-də görəndə “Siz kimsiniz, biz sizi tanımırıq” deyərdilər.

Rəşad Məcid

Rəşad Məcid

Bu gün çap olunmağa 3 kitabım, onlarla hekayəm, bir romanım var. Hazırda “Atropat” romanı üzərində işləyirəm. Bu gün nəsrlə cəmi bir neçə gəncin məşğul olduğunu nəzərə alsaq, özümü bu quruma üzv olmağa və təqaüdə təqdim olunmağıma tamamilə layiq bilirəm. Hətta hər il bir gənc yazara verilən iriməbləğli prezident mükafatına və “İlin gənc yazıçısı” adlarına iddialıyam.

Ədalət naminə deməliyəm ki, mənim kimi çılğın gənc yazarlarla işləmək çox çətindir. Bu mənada birliyin gənclər üzrə katibi Rəşad Məcidin də haqqını itirməmək lazımdır.

Həmçinin Xəyal Rza mətbuat xidmətinin rəhbəri olandan sonra orada əməlli-başlı canlanma yaratdığını xüsusi olaraq qeyd etməliyəm. Yeni layihələr, ideyalar həyata keçirməyini yüksək qiymətləndirirəm. Özü ilə tez-tez təmasda oluram və bunları onun özünə də deyirəm.

- Təqaüd sənin yaradıcılığına necə təsir göstərəcək? Səncə bu, yazarlara nə kimi dəstək verir?

- Təqaüdün mənim yaradıcılığıma həvəsləndirmədən başqa hansısa təsir göstərməyəcəyinə əmin ola bilərsiniz. Çünki, məni bu təqaüdün maddi tərəfindən daha çox mənəvi tərəfləri maraqlandırır.

Bir də ki, mən bir müəllim ailəsində qənaətlə böyümüşəm və təqaüdün mənim maddi həyatımda böyük bir dönüş yaradacağını düşünmürəm. Əvvəl necə idimsə, yenə də elə olacağam.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG