Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:29

-

“Allahın hökmündən başqa bütün hökmləri inkar edirəm. Sizə nə ifadə verirəm, nə də suallarınıza cavab verəcəm. Sizin bizi etdiyiniz mühakimənizi qəbul etmirəm. Danışmayacam. Məhkəmənizi inkar edirəm”.

Bunu aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bashar Assad-a qarşı döyüşməkdə ittiham olunan şəxslər deyib.

Hakim Mirzə Xankişiyev ilk olaraq Sənan Baxışova ifadə verməyi təklif edib. Sənan Baxışov məhkəməni və mühakiməni qəbul etmədiyini dedi:

"ALLAHIN HÖKMÜNDƏN BAŞQA HÖKM TANIMIRIQ"

“Yüz dəfə də aparıb gətirsəniz, danışmayacağam. Allahın hökmündən başqa bütün hökmləri inkar edirəm”.

Hakim:

- Mühakimə etmirəm, mən sadəcə maraqlanıram, Suriyaya niyə getmişdiz?

Müttəhim:

- Cavab verməyəcəm…

Hakim bir neçə dəfə ifadə verməyi təklif etsə də, razılaşmadı.

Prokuror:

- İfadə vermirsə, bu onun hüququdur. İstintaqa verdiyi ifadəsini elan edin.

Hakim Sənan Baxışovun ibtidai istintaqa verdiyi ifadəsini elan etdi.

Sonra ifadə vermək digər təqsirləndirilən şəxsə - Ruslan Cəfərova təklif olundu. O da ifadə verməkdən imtina etdi. Hakim buna belə münasibət açıqladı:

- Mənə çox maraqlıdır, aranızda dini fəlsəfəni dərindən bilən, Quranın ayələrini təmiz bilən varmı ki, onunla söhbət edək?”.

Ruslan Cəfərov:

- Allah Məhəmməd peyğəmbər vasitəsi ilə Quranı yolladı ki, oxuyun. Amma indi oxumaq əvəzinə aparıb servanta qoyurlar. O kitab servant üçün göndərilməyib, oxumaq üçün göndərilib. Oxuyub, Allahın buyurduğu kimi ömür sürməyə göndərilib. Ürəyim partlayır, ha deyirəm danışmayım. Özümə söz vermişəm ki, cinayət dediyiniz şeylə bağlı bir kəlmə belə etməyəcəm”.

Hakim:

- Çox təəssüf edirəm ki, sizin kimi gənclərin ağlını şikəst ediblər. Hansı cihaddan danışırsınız? Kimsə orada kreslo davası edir, siz də əlinizə silah alıb sizə aid olmayan bir işdən ötrü döyüşmüsünüz.

"GETDİM Kİ, MÜSƏLMAN QARDAŞLARIMA KÖMƏK OLAM"

Əvvəlki təqsirləndirilən şəxslərdən fərqli olaraq Məmmədşah Məmmədəliyev ifadə verdi. O, ifadəsində Suriyaya getdiyini etiraf etdi:

- Siz bizi Allahın göndərdiyi kitabla deyil, Roma papasının verdiyi konstitusiya ilə mühakimə edirsiniz. Burda nə danışaq, nə deyək. Allahın əmri ilə Suriyaya getdim ki, orada müharibədən əziyyət çəkən müsəlman qardaşlarıma kömək edim. “Cəbhətül Nüsra” adlı dini qrupun üzvü olmuşam. Orada xəstəxanada döyüşdə yaralanan qardaşlara kömək etmişəm. Heç bir silahlı təlimdə iştirak etməmişəm. Çünki buna ehtiyacım olmayıb. Hərbi xidməti cəbhə bölgəsində etmişəm. Silahdan istifadəni çox yaxşı bilirəm. Orada silahım olub. Yerli camaatdan almışam. Peşman deyiləm. Allahın yolundan Cihada getmişəm”.

Hakim:

- Məmmədşah, övladın var?

Təqsirləndirilən şəxs:

- 3 övladım var.

Hakim:

- Hakim olmasaydım, indi burada məhkəmə zalında oturmasaydım və səninlə kənarda danışmalı olsaydım, elə şeylər deyərdim ki, gözlərin kəllənə çıxardı. 5-6 kitab oxumaqla savadlı olmurlar. O birilər heç olmasa subaydılar. Ancaq sən 3 azyaşlı övladını onun-bunun ümidinə buraxıb getmisən.

Təqsirləndirilən şəxs:

- Cihadın şərtləri var. Mən onlara riayət edirəm. Kitabları oxuyub özüm nəticə çıxartdım ki, ora mütləq getməliyəm. Mənim qardaşlarım orada müharibədən əziyyət çəkirlər”.

İttiham olunan şəxslərdən Əhməd Həsənov və Mərdanov Maarif də ifadə verməkdən imtina ediblər. Əhməd Həsənov qısa çıxışında verilən ittihamların heç bir əsasının olmadığını qeyd edib.

Təqsirləndirilən şəxslərin ifadələri elan olunduqdan sonra hakim Mirzə Xankişiyev cinayət işində heç bir zərərçəkmiş və şahidin olmadığını bildirdi. Mayın 5-nə təyin olunan növbəti məhkəmə iclasında sənədlər elan ediləcək.

Sənan Baxışov, Eldost Quliyev, Ruslan Cəfərov, Maarif Mərdanov, Əhməd Həsənov, Məmmədşah Məmmədəliyev 2011-2013-cü illərdə Türkiyədən qaçaq yolla Suriyaya keçərək Bəşər Əsədin ordusuna qarşı döyüşən silahlı birləşmələrə qoşulmaqda və vuruşmaqda ittiham olunurlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG