Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:53

Nursultan Nazarbayev öz xalqını növbədənkənar prezident seçkisinə alışdırıb


Qazaxıstan prezidenti Nursultan Nazarbayev növbəti qələbəsini qeyd edir, Astana, 27 aprel 2015

Qazaxıstan prezidenti Nursultan Nazarbayev növbəti qələbəsini qeyd edir, Astana, 27 aprel 2015

.

Nursultan Nazarbayev növbəti 7 illi prezidentlik müddətində də Qazaxstana rəhbərlik edəcək. Aprelin 26-da keçirilən prezident seçkisinin rəsmi nəticəsinə görə o səslərin 97.7 faizini toplayaraq qalib gəlib.

Azı 31 ildir hakimiyyətdə olan Nazarbayevin müxalifətə təzyiqlər və mediaya üzərindəki sərt nəzarət fonunda asanlıqla qalib gələcəyi gözlənirdi. Ondan başqa prezidentliyə daha iki nəfər namizəd idi. Elə də tanınmayan və hökumətyönlü fiqurlar sayılan həmin namizədlərin seçkiyə rəqabət ovqatı yaratmaq üçün qatıldıqları deyilir.

Onlardan biri - 68 yaşlı Turgun Syzdykov keçmiş vilayət rəhbəridir və Kommunist Partiyasını təmsil edir.

Digər namizəd, 63 yaşlı Abelgazy Kusainov seçkiyə müstəqil namizəd kimi getsə də, vaxtilə bir neçə nazirlikdə vəzifə tutub və hazırda Qazaxıstan həmkarla ittifaqları federasiyasının rəhbəridir.

NAZARBAYEV: “XALQ MƏNİM SİYASƏTİMƏ DƏSTƏKDİR”
Keçmiş Sovet İttifaqı Siyasi Bürosunun üzvü olan Nazarbayev dəfələrlə bəyan edib ki, ölkədə demokratik islahatlara başlamazdan əvvəl, güclü və çiçəkıənən ölkə qurmaq niyyətindədir. Nazarbayev dünən səs verəndən sonra jurnalistlərə müsahibəsində deyib ki, Qazaxstan xalqı onun apardığı siyasətə dəstək olacaq:

"Mən əminəm ki, Qazaxstan xalqı ilk öncə ölkəmizin stabil inkişafına və millətin yaxşı güzəranı üçün səs verəcək. İkincisi isə dövlətimizin stabilliyinə və mənim liderliyim altında aparılan siyasətə dəstək olacaq".

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərdə 95.22 faiz seçici iştirak edib.

NAZARBAYEV 97.7 FAİZ SƏSLƏRİ NECƏ ALA BİLDİ?
ATƏT-in müşahidəçiləri Qazaxıstanda keçirilən prezident seçkisinin real müxalifət və ifadə azadlığı olmadan pozuntularla keçirildiyini deyirlər.
Nazarbayevin hakimiyyəti dövründə bir çox rəqibləri və tənqidçiləri ölkəni tərk edib, onlardan bəziləri müəmmalı vəziyyətdə öldürülüb və ya vəfat edib. Müəmmalı vəziyyətdə ölənlərdən biri də Nazarbayevin keçmiş kürəkəni Rakhat Alievdir. 2007-ci ildə 2 qazaxıstanlı bankirin qətlində ittiham edilən R.Aliev Vyana həbsxanasında ölü tapılıb. Avstriya məhkəməsi və həbsxana rəsmiləri onun özünü asdığını bildirirdilər.

Rakhat Aliev Qazaxıstanın Avstriyadakı səfiri idi. Sonradan o, Nazarbayevin kəskin tənqidçilərindən birinə çevrilmişdi və ona qarşı məhkəmə işinin siyasi motivli olduğunu deyirdi.

Qazaxıstan məhkəməsi 2008-ci ildə onu hakimiyyət çevrilişinə cəhd və insan oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar qrup yaratma ittihamı ilə 40 il azadlıqdan məhrum edib.

O həmçinin 2013-cü ildə Qazaxıstanda müxalifət liderləri Altynbek Sarsenbaiuly və onun 2 tərəfdaşının qətlində şübhəli bilinirdi.

NAZARBAYEV KİMDİR?
Rəsmi olaraq ölkənin “Millətin lideri” adını alan Nazarbayev 6 iyul 1940-ci ildə anadan olub.

22 yaşında Kommunist Partiyasına qoşulub və qısa müddətdə Gənc Kommunistlər Liqasının tanınmış üzvlərindən olub. Partiyada işləməyə başlayan Nazarbayev Karaganda Politexnik İnstitutunda təhsilini də davam etdirir. 30 yaşında Karaganda Metallurgiya Kombinatında Kommunist Partiyasının katibliyinə qəbul olunur, 4 il sonra isə ikinci katib seçilir.
1984-cü ildə - 44 yaşında Qazaxstanın Baş naziri təyin olunur.

Həmin ərəfədə - Elmlər Akademiyasının rəhbəri Askar Kunayevi tənqid edir. Askar Kunayev onun rəhbəri Dinmukhamed Kunayevin qardaşı idi. Nazarbeyin qardaşını açıq-aşkar tənqid etməsindən hirslənmiş və bunu özünə qarşı xəyanət kimi qiymətləndirirdi.

Kunayev Nazarbayevin istefası ilə bağlı Moskvaya yollanır. Həmin vaxtsa Nazarbayevin tərəfdarları onun özünün istefasını tələb edirlər.

NAZARBAYİN SİYASİ YÜKSƏLİŞİ…
Beləliklə, 1986-ci ildə Kunayev vəzifəsindən uzaqlaşdırılır. Rusiya onun əvəzinə Gennady Kolbini təyin edir. 1989-cu ildə Nazarbayev Kommunist Partiyasının lideri seçilir. 1990-cı ildə Qazaxıstan SSR Ali sovetinin sədri və postuna kimi çatır.

1 il sonra – 1991-ci il dekabrın 1-də isə ümumxalq səsverməsi ilə müstəqil Qazaxıstanın prezidenti seçilir.

1995-ci ildə onun prezidentlik müddətini referendum yolu ilə 2000-ci ilədək uzadılır.

Xalq Assambleyasının təklifi ilə keçirilən referendum nəticəsində 1996-cı ildə prezident seçkisinə ehtiyac qalmadı. Amma Nazarbayev 2000-ci ildə keçirilməli olan seçkiləri 1999-cu ildə vaxtından əvvəl keçirir. Və yenidən 2005-ci seçkilərindək qalib gəlir.

2011-ci ildə isə 96 faiz səslə yenidən vaxtından əvvəl prezident seçkisinin qalibi olub.

VAXTINDAN QABAQSEÇKİLƏRİN YEGANƏ QALİBİ…
Müstəqillik əldə edəndən bəri Qazaxstanda 5 dəfə prezident seçkiləri olub və hər birində də Nazarbayev qalib gəlib. Bu seçkiləri beynəlxalq müşahidəçilər azad və ədalətli hesab etməyib.

Qazaxstan xalqı seçkilərin növbədən kənar, yəni bir il tez keçirilməsinə alışıb. Elə sonuncu - 2015-ci il seçkiləri də vaxtından əvvəl keçirildi. Əslində 2016-cı ilin aprelində keçirilməli olan seçkilərin vaxtını Nazarbayev yenidən dəyişdi. Seçkilərin vaxtını dəyişmək Nazarbayevə nə qazandırır? Bu sualın bir mənalı cavablandırmaq çətindir.

Amma Nazarbayev seçki ərəfəsində məqaləsində bildirirdi ki, ölkəni çətin vəziyyətdən çıxarmaq üçün seçki prezidentə dəqiq mandat verəcək.
Çətin vəziyyət deyərkən, Nazarbayev dünya bazarında neftin qiymətinin kəskin düşməsi və onun əsas ticarət tərəfdaşı olan Rusiyaya qarşı beynəlxalq sanksiyaları nəzərdə tuturdu. Bütün bunlar Qazaxıstan iqtisadiyyatına da mənfi təsir göstərməyə başlayıb.

QAZAXSTAN 2050…
Nazarbayev seçkilərin nəticəsi açıqlanandan sonra ona səs verən sadə Qazaxstan xalqına təşəkkür edib:

“Biz bütün dünyaya göstərdik ki, Qazaxstan siyasəti birlik və mənsubiyyət deməkdir. Hamı seçki məntəqələrinə gəldi. Əlbəttə, prezident seçmək öz gələcəyini seçməkdir. Onlar öz gələcəklərini seçməyə gəldi. Hər kəs gələcəyə ümidi, öz istəyi və iradəsi ilə səslərini verdi. Bütün sadə qazaxstanlılara dərin təşəkkür edir, qarşılarında baş əyirəm”.

Yenə növbədən kənar seçki təyin edilməsə, 75 yaşlı Nursultan Nazarbayevin ömrü vəfa eləsə Qazaxstanda növbəti prezident seçkisi 7 il sonra - 2022-ci ildə olmalıdır.

Nazarbayev hökuməti 2050-ci ild Qazaxstanın Milli İnkişaf Strategiyasını hazırlayır. Məqsəd 2050-ci ildə Qazaxstanı dünyanın inkişaf etmiş 30 ölkəsindən birinə çevirməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG