Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 11:34

«Bloomberg»: Dağlıq Qarabağ münaqişəsi kəmərlərə risk yaradır


Qarabağda Azərbaycan artilleriyası - 1992
Qarabağda Azərbaycan artilleriyası - 1992

-

«Bloomberg» agentliyi yazır ki, Rusiyanın cənub periferiyasında müharibə qorxusu 1990-cı illərdən bəri ən təhlükəli həddə çatıb.

Cəbhə xəttində zorakılığın intensivləşməsi milyardlar xərclənmiş, Azərbaycanı Türkiyə, İtaliya və Avropanın qalan hissəsi ilə birləşdirən kəmərlərə təhlükə yaradır.

«Royal Bank of Scotland Group Plc.»nin yaydığı məlumata görə, mayın 3-də Dağlıq Qarabağda keçiriləcək seçki daha geniş qarşıdurmaya yol aça bilər. «Bu səsvermə mübahisəli ərazidə gərginliyi artıra bilər», - RBS-nin Londondakı təhlilçisi Anna Tokar deyir.

Bu ilin ilk dörd ayında cəbhə xəttində toqquşmalarda 31 nəfər həlak olub. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli belə deyir.

«Bu münaqişəni genişləndirməyin yeri qalmayıb», - qonşu Gürcüstanda çalışan Qafqaz üzrə siyasi təhlilçi Lawrence Sheets deyir. «20 il kiçik silahlarla döyüşürdülər. Sonradan artilleriya, pilotsuz qurğulara, təyyarələrə keçdilər».

Müəllif yazır ki, münaqişənin genişlənməsi Azərbaycan ətrafındakı enerji infrastrukturunu silkələyə bilər. Bu ərazi Orta Asiya xammalını Rusiyadan yan keçməklə Qərbə çatdıran yeganə marşrutdur. Bakı-Tbilisi-Ceyhan neft kəməri isə atəşkəs xəttinin 100 kilometrdən də az məsafəsindən keçir.

İRAN LİDERİ AVTOMOBİL QƏZALARINA GÖRƏ VARLI BALALARINI TƏNQİD EDİR

İranın ali dini lideri Ayətulla Ali Khamenei İran küçələrində «psixoloji təhlükə»yə görə maşınları sürətlə sürən varlı balalarını tənqid edib. Belə ki, ötən həftə iki qəza məhz yüksək sürət səbəbindən törədilib və beş nəfər həlak olub.

Ali Khamenei
Ali Khamenei

Polis rəisləri qarşısında çıxış edən Khamenei deyib ki, rəsmilər sürəti artıran sürücülərə görə planlar hazırlamalıdır.

«Varlı nəsildən çıxan, puldan başı dumanlanmış gənclər lüks maşınlar sürür, küçələrdə yürüşə çıxırlar və təhlükə yaradırlar», - khamenei.ir saytı yazır.

Ötən həftənin əvvəlində vaxtilə qaçış çempionu olmuş Hamid Reza Kamali və iki dostu yüksək sürətlə hərəkət edən BMW-də həlak olub. Onlardan heç biri təhlükəsizlik kəmərini bağlamayıb. Maşın saatda 200 km sürətlə gedirmiş. Daha 3 nəfər xəsarət alıb.

Ötən həftə baş vermiş daha bir qəzada isə gənc qız «Porsche Boxster» idman avtomobilinə nəzarəti itirib və Tehranın şimalında ağaca çırpılıb. Maşının sahibi də az sonra xəstəxanada keçinib.

İranda ildə yol qəzalarında 20 minədək insan həlak olur. Əsas səbəb kimi sürücülərin qaydaları gözləməməsi göstərilir.

NAZARBAEV YAZIR

«Düşmənçilik və inamsızlıq kölgəsində qalan Qazaxıstan sərt seçimlə üz-üzədir». Bu başlıqlı məqaləni «The Financial Times» dərc edib. Müəllifi aprelin 26-da keçirilmiş seçkini 97 faiz səslə, 5-ci müddətə udduğu bildirilən Nursultan Nazarbaev-dir.

Nursultan Nazarbaev
Nursultan Nazarbaev

Nazarbaev yazır ki, Rusiya ilə Qərb arasında artan gərginliklər, qlobal iqtisadiyyatda davamlı problemlər, ekstremizmin güclənən təhlükəsi bütün dünyada paytaxt şəhərlərdə narahatlıq yaradıb. Beynəlxalq münasibətlərdə inam böhranı dövlətlərin müasir problemlərlə məşğul olmaq bacarıqlarını zəiflədib.

«Ukrayna ilə dərin tarixi və fərdi münasibətlərimiz var. Orada davam edən münaqişə bizə və daha geniş regiona dərin təsir göstərib. Ukrayna böhranının həllinə yardım məqsədilə yorulmadan işləmişik. Minsk sazişləri uzunmüddətli həll üçün şərtlər yaradıb».

«Qazaxıstan bir dövlət olaraq qonşularımız Rusiya və Çin, Birləşmiş Ştatlar və əlbəttə ki, ən böyük ticarət tərəfdaşımız və sərmayəçimiz Avropa Birliyi ilə isti münasibətlər yaradıb. Ona görə də, «Soyuq müharibə» dönəmindən bəri görünməmiş düşmənçilik və inamsızlığın bütün səviyyələrindən dərin narahatıq».

Nazarbaev yazır ki, Qazaxıstana qarşı olmasa da, sanksiyalar Orta Asiyaya təsirini göstərib, neftin qiymətinin düşməsi enerji istehsalçısı olan Qazaxıstanın gəlirlərini azaldıb.

XS
SM
MD
LG