Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:00

-

"Fərd şəklində azadlıq əldə etsək də, toplum halında hələ də qul təfəkküründəyik..."

Taleh Eminoğlu

HEÇ KƏSİN TANIMADIĞI PREZİDENT TƏQAÜDÇÜLƏRİ

Fridrix Nitsşe toplumda olan insanları üç qrupa bölür.

Bir - sürü insanı. Bu qrup insanlar yüzillərdi mövcud olan adət-ənənə ilə yaşayar və heç bir zaman dəyişməyə cəhd etməz.

İki - azad insan. Bu qrup insanlar isə azadlıq və dəyişmək istər, amma azadlığın nə olduğunu bilməzlər.

Üç - üstinsan. Sonuncu qrupa aid olan insanlar isə azadlığın nə olduğunu bilir, yeni dəyərlər yaradır, birinci və ikinci qism insanları da dəyişməyə vadar edir.

Çox təəssüf olsun ki, bizim toplum ikinci qrup insanlara daha yaxındı. Sürü insanına qarşı çıxırıq, azadlıq istəyirik, amma onu dərk etmirik. Fərd şəklində azadlıq əldə etsək də, toplum halında hələ də qul təfəkküründəyik.

Acınacaqlı durum isə odur ki, yazıçı və şairlərin də böyük bir hissəsi bu təfəkkürün sahibidi.

Bir neçə gün öncə ədəbi gündəmdə baş verən hadisə, yəni təqaüdə layiq görülmüş AYB üzvlərinin müsahibəsi o təfəkkürə mənsub yazarların yeni bir dalğasının gəldiyini göstərdi bizə. Müsahibəni güc-bəla ilə oxudum. Hələ indiyə qədər kiçik bir yazı üstündə bu qədər əsəbiləşməmişdim.

Sağ olsun gülüş hissim, məni əsəbimlə tək qoymadı - yazı boyunca müşayiət etdi. Yəqin ki çoxlarınız məlum müsahibəni oxumusuz. O yazı əslində AYB-nin iç üzünü açacaq dərəcədə sadədir. Qəhrəmanlar bilmədən onlara çörək verən qurumu yamanca gözdən salıblar.

1500-dən çox yazarın toplandığı bir qurumda böyük bir hissənin yaza bilmədiyi məlum məsələdir. Hətta indiyə qədər o təqaüdə layiq görülənlərin çoxlarını da o sıraya aid etmək olar. Hələ onlardan heç biri bunu etiraf etməmişdi, amma bu yeddi nəfər etdi. İnsan özü öz qələmini zəif saydığı halda, bəziləri onu təqaüdə layiq olacaq dərəcədə üstün hesab edir.

Niyə?

Axı özü deyir ki, qələmim zəifdi. Müsahibəni oxuduqca əsəb qarışıq gülüş gəlirdi mənə. Təqaüdçülərdən biri buna layiq olduğunu o tərzdə deyirdi ki, sanki AYB hələ onu bu təqaüdə layiq görməkdə gecikib. Deyirdi ki, ədəbiyyata göstərdiyim xidmətlər qiymətləndirilib.

Maraqlıdır, ədəbiyyata xidmət necə olur?!

Bu meyarlar nə zaman bilindi də mənim xəbərim olmadı. Diqqətimi çəkən daha bir nüans oldu. Səhv etmirəmsə üçüncü müsahib deyirdi ki, Anarın qəbulunda olandan sonra hər şey yoluna düşüb. Əvvəllər ona verilən bütün vədlər elə o gün qüvvədən düşürmüş. Alın, bu da sizə təqaüd məsələsində dəllalların olmasına sübut. Demək ki, kənardan kimlərsə vəd verib təqaüd verilmə prosesinə "barmaq" edə bilir. Hələ bu harasıdır, müsahibənin kulminasiya nöqtəsi qabaqda idi. Sən demə iki-üç manat (lap olsun dörd-beş manat) bir yazıçıya misrasını, cümləsini, vergülünü və hətta nidasını (nidaya diqqət) dəyişdirməyi diqtə edə bilərmiş.

Bu isə o deməkdir ki, manata görə yazısını daha diqqətli yazıb, çərçivələyən biri gələcəkdə düşüncə və fikrini çərçivələməyə qadirdi. Yazını oxuduqca sevinirdim ki, heç olmasa burda Qarabağa toxunulmayıb. Amma sevincim gözümdə qaldı. Müsahibəyə final Qarabağla vurulurdu. Təqaüd alma uğurunu Kəlbəcəri (dolğulduğu yer olsa belə) işğaldan azad etmə uğuruna tay tutan yazar sizcə... Əşşi nəysə nöqtələri də siz tamamlayın.

Bu müsahibə məndə sual doğurdu. Heç kəsin tanımadığı bu şəxslər necə oldu ki, təqaüdə layiq görüldü və bu seçim necə aparıldı? Bu suallar sadə olsalar da insandan düşünmək tələb edir.

Yəqin ki, AYB-də 1500-dən çox üzv arasında bu təqaüdə həqiqətən də ehtiyacı olan yazarlar vardı. Amma bu gənclər seçildi. Görəsən bunun səbəbi təqaüd veriləcək gəncləri çərçivələmək və digər gənc yazarlarla aralarında uçurum yaratmaqdımı? Hər nə olursa-olsun bu artıq baş verib.

Yeddi təqaüdçü - ədəbiyyatın itirdiyi potensial yeddi yazar, qurulmuş yeddi tələ, AYB-nin yeddi üzü. Deyəsən yeddi daha müqəddəs rəqəm deyil.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG