Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:12

Ukrayna təhlilçiləri: Kiyev «soyqırımı»nı Türkiyə və Azərbaycana görə tanımadı


Ukraynanın daxili işlər naziri Arsen Avakov "erməni soyqırımı" qətnamə layihəsinin müəlliflərindən biri olub.

Ukraynanın daxili işlər naziri Arsen Avakov "erməni soyqırımı" qətnamə layihəsinin müəlliflərindən biri olub.

Onların sözlərinə görə, özü üçün çox çətin bir vaxtda Ukrayna Türkiyə və Azərbaycanla münasibətlərini korlamaq istəmir.

-

Ukrayna da əksər dünya ölkələri kimi 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş erməni ölümlərini “soyqırım” kimi tanımayıb.

BBC Ukrayna xidmətinin şərhçisi Oleg Kapryak yazır ki, bunun səbəbi tarixi yox, siyasidir.

Onun sözlərinə görə, özü üçün çox çətin bir vaxtda Ukrayna Türkiyə və Azərbaycanla münasibətlərini korlamaq istəmir.

Bundan əlavə Ermənistan da Ukraynanın iddia etdiyi “Qolodomor”u – ukraynanlıların Rusiya tərəfindən bilərkədən aclıqdan öldürülməsini tanımır.

1915-ci il qətliamını yalnız 20 ölkə və Avropa Parlamenti “soyqırım” kimi tanıyıb. BMT “soyqırım”ı yalnız bir komissiyasının səviyyəsində tanıyıb.

Rəsmilər “soyqırım” sözünü işlətsələr də...

Beləliklə, ermənilərin 1915-ci il faciəsi Ukraynada “soyqırım” statusunu qazana bilməyib.

Halbuki bunun üçün ölkədə çox yüksək səviyyədə və çox ciddi cəhdlər edilib.

2005-ci ildə Verkhovna Radanın o vaxtkı sədri Vladimir Litvinov erməni icmasının nümayəndələrinə məktubunda 1915-ci il hadisələrini “soyqırım” adlandırmış və onu Holokost və Qolodomorla bir səviyyəyə qaldırmışdı.

Oleg Kapyak yazır ki, “soyqırım” sözünü işlətməkdən prezident Yushshenko-nun mətbuat xidmətində də çəkinmirdilər.

Ukraynada son hesablamalara görə, az qala 100 min erməni yaşayır.

Arsen Avakov-un layihəsi

Parlamentdə “soyqırım”a dair ilk qətnamə keçirmək cəhdi 2013-cü ildə edilib.

Radanın o vaxtkı deputatlarından, hazırda ölkənin daxili işlər naziri və əslən erməni Arsen Avakov bu təşəbbüsü qaldıranlardan biri idi.

Arsen Avakov həmçinin Radaya təklif olunan qətnamə layihəsinin müəlliflərindən biri idi.

Lakin bu qətnamə parlamentdən keçməyib və Radanın insan haqqları və milli azlıqlar komitəsi buna çox səmimi bir izahat verib: “Belə bir qətnamənin qəbul olunması Ukraynanın xarici münasibətlər sahəsində gərginlik yarada bilərdi”.

Daha bir təşəbbüs

Buna bənzər son cəhd isə bu il aprelin əvvəllərində Radanın Odessa deputatlarından Vitali Barvinenko tərəfindən edilib.

“Özü 1932-33-cü illərdə Qolodomordan keçmiş Ukraynanın bu məsələdən kənarda qalmağa mənəvi haqqı yoxdur” – yazmışdı deputat öz təşəbbüs məktubunda.

Lakin bu təşəbbüs də diqqətdən kənarda qalıb.

Ekspertlər bütün dünyanı Qolodomoru “soyqırım” kimi tanımağa çağıran Ukraynanın erməni məsələsində həvəsli olmamasını iki əsas səbəblə izah edirlər.

“Əgər biz belə bir qərar qəbul etsək, bu, Ukrayna-Türkiyə münasibətlərini korlaya biləcək əlavə faktor ola bilər” – deyib politoloq Sergey Garan.

Ermənistan Rusiyanın müttəfiqidir

Onun fikrincə, Türkiyə ilə münasibətlər ona görə mühümdür ki, Rusiya gələcəkdə Ukraynadan yan keçəcək qaz kəmərlərini Türkiyədə tikmək niyyətindədir. Bundan əlavə Türkiyə ənənəvi olaraq Ukraynaya loyal yanaşan krım tatarlarını dəstəkləyir.

“Açığını desəm, biz indi Realpolitikadan çıxış etməliyik – deyir Garan, - İndiki halda biz bu məsələni sadəcə olaraq qaldırmaya bilərik. Yəni nə “hə” deyirik, nə də “yox”. Real geosiyasət baxımından bu məsələni sadəcə olaraq təxirə salmaq lazımdır”.

Ukrayna Yaxın Şərq Tədqiqatları Mərkəzinin direktoru İgor Semivolos da başlıca səbəbin siyasi olması ilə razıdır, lakin bunun onunla bağlı olmasına inanır ki, Ermənistan da Qolodomoru tanımır. Yerevanın bunu Moskva ilə münasibətləri pozmamaq üçün etmədiyi də bəllidir.

Tanınma yaxın gələcəkdə gözlənilmir

O deyir ki, dünya dəyişir və insan rəğbəti deyilən faktor mövcuddur, lakin Ukrayna ilə Ermənistan arasındakı münasibətlər SSRİ-nin başqa keçmiş respublikaları ilə olduğu qədər yaxın deyil. Ermənistan Rusiyanın müttəfiqidir və özünü buna uyğun şəkildə aparır.

Ukrayna parlamentinin mədəniyyət və mənəviyyat komitəsinin sədri Nikolay Knyajitsky inanır ki, Kiyev də əvvəl-axır “erməni soyqırımı”nı tanıyacaq.

“Hətta Erdoğanın özü keçən il həlak olanların törəmələrinə başsağlığı verdi. Bir vaxtlar bunu heç təsəvvürə də gətirmək olmazdı” – deyib təhlilçi.

Lakin İgor Semivolos belə bir qərarın yaxın gələcəkdə qəbul olunması üçün hər hansı bir əsas görmür.

Günün bütün mövzuları

XS
SM
MD
LG