Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:30

Əliyev və Hollande insan haqlarından danışıblar


François Hollande və İlham Əliyev
François Hollande və İlham Əliyev

-

Fransa prezidenti François Hollande Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə ölkədəki insan haqlarının vəziyyətini də müzakirə etdiyini bildirib.

O, bunu prezidentlərin insan haqlarına toxunub-toxunmadıqları haqda suala cavabında jurnalistlərə özü deyib: «Biz həmişə bu barədə danışırıq».

Fransa prezidenti Bakıya aprelin 24-də axşam qısamüddətli səfərə gəlib, aprelin 25-də isə Parisə qayıdıb.

Səfər ərəfəsində «Sərhədsiz reportyorlar» François Hollande-dan İlham Əliyevi həbsdə olan jurnalistlər, hüquq müdafiəçiləri və fəalları azad etməyə, onların təqibinə son qoymağa çağırmağı istəmişdi.

Fransa dövlət başçısının Bakıya səfərinin təfərrüatı barədə rəsmi məlumat verilmir.

AzərTAC bildirir ki, prezidentlər iki ölkə arasında əlaqələrin inkişafının vacibliyindən, Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələrin son vəziyyəti barədə danışıblar.

Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu imzalanandan sonra İlham Əliyev, xanımı Mehriban Əliyeva və François Hollande birgə nahar ediblər.

AYAQÜSTÜ NİYƏ GƏLİB

Politoloq Ərəstun Oruclu deyir ki, François Hollande-ın Bakıya səfəri Avropa Parlamentində «erməni soyqırımı» adı altında qəbul edilən qətnamə ilə bağlı idi:

Ərəstun Oruclu
Ərəstun Oruclu

«O, «erməni soyqırımı»nı tanıyan ölkələrlə Türkiyənin münasibətini yoxlamaq üçün Bakıya gəlmişdi. Yəni, bu münasibətlər hara qədər belə davam edəcək? Fransa prezidenti aprelin 24-də Yerevanda 1915-ci il hadisələri ilə bağlı keçirilən anım tədbirlərinə qatılmışdı. Elə Yerevandan da Bakıya gəlib ki, Azərbaycanın da könlünü alsın. Bir növ balans yaradır».

Ərəstun Oruclu düşünmür ki, F.Hollande İlham Əliyevlə görüşündə insan haqları məsələsini, konkret adamların azadlığa buraxılmasını müzakirə edib: «Heç bunu gözləməyə də dəyməz».

Politoloq Avropa Oyunları ərəfəsində insan haqları sahəsində hər hansı müsbət dəyişiklik də gözləmir. O hesab edir ki, Azərbaycan bacardığı qədər ondan siyasi məhbusları azadlığa buraxmağı tələb edən beynəlxalq təşkilatlara qarşı dayanacaq.

XS
SM
MD
LG