Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:02

1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş erməni ölümlərinin Yerevanda keçirilən 100-cü ildönüm mərasimində termin məsələsi əsas mövzu olub.

Fransa prezidenti Francois Hollande Türkiyəni Osmanlı imperiyasında həyata keçirilmiş kütləvi erməni qırğınlarını “başqa sözlərlə” adlandırmağa çağırıb.

Hollande bu bəyanatı aprelin 24-də Yerevanda qətliamın 100-cü ildönümünə həsr olunmuş çıxışda verib.

Bu mərasimdə çıxış edən Rusiya prezidenti Vladimir Putin də 1915-ci il ölümlərini “soyqırım” adlandırıb.

Bir sıra təhlilçilər Rusiya prezidentinin bu çıxışının Moskva-Ankara münasibətlərinə köklü zərbə vuracağına inanırlar.

Türkiyə: 1915-də türk müsəlmanlar da qırılıb

Türkiyə 1915-1916-cı illərdə Osmanlı imperiyasında ermənilərə qarşı zorakılıqları etiraf etsə də, bu hadisələrin “soyqırım” olmasını qətiyyətlə rədd edir.

Rəsmi Ankara bildirir ki, əvvəla ölənlərin sayı 1, 5 milyon olmayıb və qətllər Birinci Dünya Müharibəsinin kontekstində baş verib.

Türkiyə həmçinin bu iddiadadır ki, beynəlxalq birlik 1915-ci il hadisələrində qətlə yetirilmiş müsəlman türkləri, ümumiyyətlə nəzərə almır.

Lakin Türkiyənin rəsmi mövqeyinə baxmayaraq, indiyədək dünyanın 22 ölkəsi 1915-ci il erməni qırğınını “soyqırım” kimi tanıyıb.

“Unutma məni” çiçəyi

Ermənistan prezidenti Serzh Sarkisian mərasim zamanı etdiyi çıxışda ümidvar olduğunu bildirib ki, qətliamın “soyqırım” olaraq tanınması “yüz ilin qaranlığını dağıda bilər”.

Yerevanda qətliam qurbanlarının yüksək təpəlikdəki abidəsi önünə hər ölkə lideri bir qızılgül qoyub.

Bu güllərin düzüldüyü əklil ümumilikdə “yaddaşçışəyi”ni xatırladırdı. Dünyanın əksər dillərində adı “unutma məni” kimi səslənən bu çiçək mərasimin simvolu idi.

Türkiyə bayrağı yandırıldı

Sarkisian-nın mərasimə qatılanların hamısına təşəkkür bildirməsi ayaq üstə və sürəkli alqışlarla salamlanıb.

Mərasim zamanı erməni diasporasının yaşadığı ölkələrin bayraqları dalğalanırdı.

Axşamdan xeyli keçmiş minlərlə insan tonqal yürüşünə qatılıb.

Nümayişçilərin arasında olan Daşnaksütyun partiyasının gənc fəalları Türkiyə bayrağını yandırıblar.

Aprelin 25-i niyə 24-ü oldu?

Bu arada Türkiyə aprelin 24-də başqa bir tarixi hadisənin – Qalipoli döyüşünün 100 illik mərasimini keçirib.

Birinci Dünya Müharibəsinin ən ölümcül döyüşlərindən olan Qalipolidə Müttəfiqlərlə Osmanlı qoşunları üz-üzə gəliblər. Hər iki tərəfdən on minlərlə insanın həlak olduğu bu döyüş Osmanlı ordusunun qələbəsi ilə başa çatıb.

Bu döyüşdə verdikləri ağır itkilərə görə bu mərasimdə Britaniya, Avstraliya və Yeni Zelandiya ən yüksək səviyyədə təmsil olunublar. Qalipoli mərasiminə Britaniya şahzadəsi Charles, onun oğlu şahzadə Harry, Avstraliya və Yeni Zelandiyanın isə baş nazirləri qatılıblar.

Lakin Qalipoli döyüşündə həlak olanların xatirəsi adıçəkilən ölkələrdə yüksək tutulsa da, yadetmə mərasimləri hər il aprelin 24-də yox, döyüşün əslində baş verdiyi gündə - aprelin 25-də keçirilir.

Məhz buna görədir ki, Türkiyənin tənqidçiləri, o cümlədən Ermənistan lideri Ankaranı Qalipoli mərasimini bir gün “irəli çəkməklə” diqqəti erməni qırğınlarından yayındırmaqda ittiham edirlər.

Birinci Dünya Müharibəsi Osmanlı imperiyası və Almaniyanın məğlubiyyəti ilə başa çatsa da, Qalipolu Türkiyə tarixçiləri tərəfindən müasir Türkiyə Respublikasının doğulduğu gün hesab edilir.

Avstriya və Almaniya da “soyqırım”ı dilə gətirdi

Türkiyə prezidenti Recep Tayyip Erdoğan öz çıxışında bildirib ki, “demokratiyalarda ermənilərin güman etdiklərini həqiqət kimi qəbul edib, başqa baxışları yasaqlamaq praktikasına yer ola bilməz”.

Buna baxmayaraq, beynəlxalq aləmdə 1915-ci il hadisələrinin “soyqırım” kimi qəbul edilməsi üçün təzyiqlər artır.

Almaniya hökuməti ölkə parlamentinin “soyqırım”ı tanımaq barədə qətnaməsini dəstəkləyib.

Aprelin 22-də Avstriya siyasi partiyaları “erməni soyqırımı”nı tanımağa çağırandan sonra Ankara bu ölkədəki səfirini geri çağırıb.

“Rusiya soyqırımı hamıdan yaxşı bilir”

ABŞ-da prezident Barack Obama bu dəfəki çıxışında da “soyqırım” sözünü işlətməkdən çəkinib və Ağ Ev bunu Vaşinqton-Ankara münasibətlərinin qlobal təhlükəsizlik üçün mühüm olması ilə izah edib.

Lakin bu xüsusda ən böyük qarşıdurma Moskva ilə Ankara arasında baş verib.

Türkiyənin Xarici İşlər Nazirliyi Putin-nin Yerevanda “soyqırım” sözünü işlətməsini kəskin pisləyib.

Nazirliyin bu barədə rəsmi bəyanatında deyilir: “Ötən əsrdə Qafqazda, Mərkəzi Asiyada və Şərqi Avropada həyata keçirdiyi kütləvi qətllər və sürgünlər nəzərə alınarsa, Rusiya soyqırımın nə olduğunu hamısan yaxşı bilir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG