Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:08

Polis məhkəmədə icra başçısının oğlunu necə müdafiə etdi


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Azadlıq» qəzeti yazır ki, Səbail rayon icra başçısı Asif Əsgərlinin 1998-ci il təvəllüdlü oğlu İlham Əsgərlinin mühakiməsi başa çatmaq üzrədir: «McDonald's» rəhbərinin oğlunun ölümünə səbəb olmuş qəzanın günahını yük maşını sürücüsünün üzərinə qoymaq istəyirlər.

Söhbət ötən il sentyabrın 29-da baş vermiş və «McDonald's»ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümünə səbəb olmuş yol qəzası üzrə məhkəmə prosesindən gedir.

İlham Əsgərlinin idarə etdiyi «Mercedes S500» markalı avtomobil Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi «Howo» markalı yük maşını ilə toqquşub. Həmin vaxt İlham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində İlham Əsgərli və Pərvin Fətullayev xəsarət alıb, Sənan Mirzəyev isə dünyasını dəyişib. İlham Əsgərli ilə yanaşı, Əhliman Süleymanov da təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Onların hər ikisinin barəsində məhkəmə hökm verənə qədər ev dustaqlığı qətimkan tədbiri seçilib».

Qəzet yazır ki, aprelin 23-də məhkəmədə Xəzər rayon yol-patrul xidmətinin iki əməkdaşı - Ələmşah İsayevİlkin Lətifov dindirilib. Adları çəkilən şəxslər ibtidai istintaq zamanı şahid qismində tanınmayıb. Məhkəməyə isə icra başçısının oğlunun vəkilinin qaldırdığı vəsatət əsasında çağırılıb.

«Bu polislərin hər ikisi hadisə yerinə qəzadan bir xeyli sonra gəliblər. Onların hər ikisi iddia edib ki, guya, yük maşını yolun kənarındakı dəmirlərin kustar üsulla kəsilməsilə keçid yaradılan torpaq yola dönmək istəyib. Bu zaman arxadan gələn «Mercedes S500» yük maşınının sağ arxa təkərinə dəyib.

Polislərin şahidi olmadıqları qəzaya görə məsuliyyəti açıq-aşkar yük maşınının sürücüsünün üzərinə qoymaq cəhdi Əhliman Süleymanovun vəkili İlqar Musayevin etirazını səbəb olub. Onunla çavuş Ələmşah İsayev arasında belə bir dialoq olub:

- Siz hadisəni görmüsünüz?

- Yox.

- Bəs əminlik haradandır ki, yük maşını yolun solu ilə gedə-gedə qarşıdan sağ tərəfə dönmək istəyib və buna görə qəza olub?

- Yük maşınının sürücüsü dedi.

Yük maşınının sürücüsü Əhliman Süleymanov isə polisin yalan danışdığını bildirib.

Bundan sonra polis sözünü dəyişərək deyib ki, hadisənin məhz belə baş verə biləcəyini ehtimal edir.

Əhliman Süleymanovun vəkili İlham Əsgərlinin ifadəsini üç dəfə dəyişdiyini məhkəmənin nəzərinə çatdırıb:

Yeni tikililər
Yeni tikililər

«Əvvəl deyib ki, sükan arxasında mən olmamışam, sürücü olub. Sonrakı ifadəsində deyib ki, arxadan «marqat» eləyib, yol istədim, vermədi, mən də sağından keçəndə qəza oldu. İndi də məhkəmədə torpaq yola dönmək məsələsini atıblar ortaya. Ayıbdır. Bu cür şahidləri bura tökməklə deyil ki...».

NAZİRDƏN EVSİZ AİLƏLƏRƏ ŞAD XƏBƏR

«İpoteka kreditinin məbləği artırılacaq».

ANS-nin məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, bazarı bir qədər də aktivləşdirmək üçün Mərkəzi Bank əlavə vəsait təklif edə bilər.

Nazirin sözlərindən belə məlum olur ki, hökumətin hazırladığı yeni ipoteka strategiyasının əsas yeniliyi verilən ipoteka məbləğinin artırılması olacaq. Hazırda bu məbləğin yuxarı həddi 50 min manatdır. Amma hesab olunur ki, qüvvədə olan ipoteka şərtləri hazırkı qiymətlərlə müqayisədə yeni mənzil almağa kifayət etmir.

Bu gün Azərbaycanda orta əməkhaqqının 400-450 manat, dövlət təşkilatlarında çalışan şəxslərin isə orta əmək haqları 200-250 manat olduğunu nəzərə alsaq, onların ev almaq istəyinin hələ uzun illər elə arzu olaraq da qalacağını demək olar. 2015-ci il üçün nəzərdə tutulan 50 milyon manatdan yalnız 1000-1200 ailə mənzil ala biləcək ki, bu da ipoteka üçün müraciət edən vətəndaşların heç 35 faizini də təşkil etmir.

Deputat Musa Quliyev deyir ki, əhalinin mənzil şəraitinin yaxşılaşması və prosesi sürətləndirmək üçün sosial evlərin tikintisini təşkil etmək lazımdır.
Mənzil bazarındakı mövcud qiymətləri, həmçinin əhalinin gəlirlərini əsas gətirən deputat Əli Məsimli isə təklif edir ki, vətəndaşlar aylıq 70-100 manat ödəməklə, kirayə kimi qaldığı bu evləri 20-25 ildən sonra şəxsi mülkiyyətinə çevirsinlər. Bu həm də gənclərə böyük stimul verə bilər.

İnkişaf etmiş ölkələrdə sosial ipoteka kreditlərinin illik faizi 0.7-2 faiz arasında dəyişir. Ödəmələr isə kredit götürənlərin əməkhaqqına uyğun olaraq hesablanır.

Ziya Məmmədov
Ziya Məmmədov

ZİYA MƏMMƏDOVUN QARDAŞLARINI SOYUBLAR

«Yeni Müsavat» yazır ki, nəqliyyat naziri Ziya Məmmədovun qardaşları Nəriman və Loğman Məmmədovların bankdan külli miqdarda pulunu oğurlayıblar. Oğurluq Məmmədovların Beynəlxalq Bankın «Nəqliyyat filialı»nda baş verib: «Ən maraqlısı odur ki, Məmmədovlar bank hesablarında 2011-2014-cü illər ərzində oğurlanmış pullardan xəbər tutmayıblar. Yəni, pulların hesablarından silinməsini fərq etməyiblər. Zərərçəkənlərin siyahısında Ziya Məmmədovun və deputat Cavid Qurbanovun yaxın adamları, «Azəryolservis»in vəzifəli şəxsləri də var».

Qəzet yazır ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bu işlə bağlı həbs edilən mütəşəkkil qrupun mühakiməsi başlayıb.

İttiham aktına görə, Beynəlxalq Bankın «Nəqliyyat filialı»nda əməliyyat şöbəsində baş mütəxəssis işləyən Fərid Hadıyev Loğman Məmmədovun bank kartının nömrəsi, məxfi kodu və hesabındakı məbləğ barədə Yaşar Ələkbərova məlumat verib. Y.Ələkbərov da həmin hesabda olan pulları müxtəlif müddətlərdə və müxtəlif pul köçürmə sistemi, o cümlədən «Kontakt» sürətli pul köçürmə sistemi ilə Nair İlişayeviçin hesabına köçürüb. Məlum olub ki, 2013-cü ildə nazirin qardaşının hesabından 69 min 995 ABŞ dolları, 98 avro, 3 min 915 Ukrayna qrivnası (333 manat), 4 milyon 79 min 310 Rusiya rublu (81 min 586 manat) pulunu gizli olaraq mənimsəyiblər.

Ziya Məmmədovun daha bir qardaşı Loğman Məmmədovun da 2014-cü ilin 11 martından 5 mayına qədər bank hesabından ümumilikdə 88 min 300 ABŞ dolları (68 min 874 manat) mənimsənilib. Amma bu dəfə pullar Fərrux Bayramovun hesabına köçürülüb. Pulları bank kartlarına köçürdükdən sonraBakı şəhərində yerləşən müxtəlif bankomatlardan və bank şöbələrindən çıxarıblar.

İttiham olunan dəstə «Azəryolservis»in vəzifəli şəxslərini də demək olar ki, eyni üsulla talayıblar.

Qəzet dəqiqləşdirib ki, Milli Təhlükəsizlik Nazirliyi həqiqətən də ötən il iyunun 17-də kompüter sisteminə qanunsuz daxil olaraq həmin sistemdəki məlumatları ələ keçirməklə müxtəlif bank hesablarından külli miqdarda pul talayan dəstəni həbs edib.

Çanaqqala savaşı
Çanaqqala savaşı

AZƏRBAYCAN KÖNÜLLÜLƏRİ ÇANAQQALADA YOX, QAFQAZ CƏBHƏSİNDƏ VURUŞUBLAR

«Çanaqqalada 3000 azərbaycanlı döyüşməyib».

«Azərbaycan» qəzetində tədqiqatçı Vasif Qafarov belə yazıb. O, «Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı və Birinci Dünya müharibəsində Osmanlı ordusunda vuruşan azərbaycanlılar»la bağlı Türkiyədə araşdırmalardan sonra bu qənaətə gəlib: «İndiyə qədər tarixi mənbələrə və Osmanlı arxiv materiallarına istinad edilmədən ortaya atılan «Çanaqqala döyüşündə 3000 azərbaycanlı iştirak edib» tezisinin ciddi elmi əsası yoxdur və bu kimi rəqəmlər populizm xarakterli mülahizələrdir. Osmanlı arxiv materiallarının tədqiqi nəticəsində gəldiyimiz ümumi qənaət belədir ki, Osmanlı ordusu tərkibində vuruşan Qafqaz könüllüləri Osmanlı və Almaniya hökumətlərinin Qafqaz siyasətinə müvafiq surətdə əsas etibarilə Şərq cəbhəsində vuruşublar.

Osmanlı ordusu tərkibində könüllü surətdə vuruşan azərbaycanlılar haqqında onu qeyd etmək mümkündür ki, Birinci Dünya müharibəsi dövründə, xüsusilə 1915-ci ildən başlayaraq Qafqaz müsəlmanlarından və Cənubi Azərbaycan əhalisindən olan könüllülərdən ibarət taburlar təşkil edilmişdir. Bu taburlara daxil olan könüllülər Qafqaz və Cənubi Azərbaycandan olduqları və bölgəni yaxşı tanıdıqları üçün onlardan Qafqaz cəbhəsində istifadə etmək haqqında qərar qəbul edilmiş və bu könüllü taburlar Çanaqqala cəbhəsinə göndərilməmişdir. Qısası, Azərbaycan könüllüləri Çanaqqala cəbhəsində deyil, Qafqaz cəbhəsində vuruşmuşlar. Bu könüllü taburlar Ərzurum, Mosul və Vandakı hərbi qərargahlardan idarə olunmuş, buradakı Osmanlı ordu komandanlıqlarına tabe olmuşlar. Bununla belə, müxtəlif orduların tərkibində Qərb cəbhəsinə sövq edilən Azərbaycan könüllüləri Çanaqqala döyüşlərində də iştirak etmiş və bir çox qəhrəmanlıqlar göstərmişlər».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG