Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:51

Ziyafət Əsgərov: «Maaşları qaldırmaqla problem həll edilməyəcək»


Maaşların artımı məsələsi Milli Məclisin diqqət mərkəzindədir

Maaşların artımı məsələsi Milli Məclisin diqqət mərkəzindədir

2007-ci ilin dövlət büdcəsində maaşların artırılması üçün vəsait nəzərdə tutulur. Bir neçə gün əvvəl Mədəniyyət Məsələləri Daimi Komissiyası büdcəni müzakirə edərkən aydın olmuşdu ki, gələn il 600 min nəfərə qədər adamın əməkhaqqı iki mərhələdə artırılacaq. Gələn ilin büdcəsində münimum əməkhaqqı 70 manat, minimum ehtiyac meyarı isə 35 manat nəzərdə tutulur. Milli Məclisin beş komissiyası noyabrın 3-də büdcəni müzakirə edərkən də maaşların artımı məsələsi diqqət mərkəzində oldu.

Maliyyə naziri Samir Şərifov layihəni təqdim edərkən gələn il də əmək haqqlarının qaldırılması barədə məlumat verdi. Bəzi komissiya sədrləri və millət vəkilləri əməkhaqlarının qaldırılmasını müsbət hal kimi dəyərləndirsələr də, nəzərdə tutulan artımın yetərli olmadığını deyənlər də oldu. Deputat Vahid Əhmədov dedi ki, yaşayış minimumunun 60-70 manata, minimum ehtiyac meyarının isə 35 manata qaldırılması bəlkə də yaxşı hal olardı, amma indiki qiymətlər olmasaydı: «Qiymətlər çox böyük sürətlə qalxır. Ötən illə müqayisədə elə ərzaq məhsulları var ki, qiyməti bu il 50-60 faiz qalxıb. Gündəlik təlabat malları və qeyri-ərzaq məhsulları da həmçinin».



«Qiymətlər çox böyük sürətlə qalxır. Ötən illə müqayisədə elə ərzaq məhsulları var ki, qiyməti bu il 50-60 faiz qalxıb. Gündəlik təlabat malları və qeyri-ərzaq məhsulları da həmçinin»
Cənab Əhmədov hesab edir ki, gələn ilin büdcəsində nəzərdə tutulan minimum əməkhaqqı və minimum ehtiyac meyarına yenidən baxılmalıdır.

Bəzi millət vəkilləri isə elm, mədəniyyət, səhiyyə, təhsil və digər sahələrdə işləyənlərin əməkhaqlarının indiki şəaritə uyğun olmadığını və büdcədə nəzərdə tutulandan artıq vəsait ayrılmasını təklif etdilər.


Maliyyə naziri Samir Şərifov isə mümkün olan artımların edildiyini və şərait tələb etdikdə bu məsələyə yenidən baxılacağını dedi: «Hesab edirik ki, bu işlər tədricən təkmilləşəcək, narahatçılığa əsas yoxdur».


Müzakirələrin gedişində belə məlum oldu ki, sadəcə, maaş artımı gələn ilin büdcəsində hətta indikindən bir neçə dəfə çox nəzərdə tutulsa da, əhalinin maddi durumuna ciddi təsir etməyəcək. Bir az da dəqiq desək, bir müddət sonra bu artım öz təsirini itirəcək. Çünki bəzi millət vəkilləri qiymət artımının sürətinin daha böyük olduğunu deyirlər. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov isə hesab edir ki, yalnız maaşları qaldırmaqla problemi həll etmək mümkün olmayacaq. Vəziyyəti normallaşdırmaq üçün bazarları monopoliydan qurtarmaq lazımdır: «Mən Milli Məclisin sədr müaviniyəm. Bazara özüm gedirəm. Altı ay bundən əvvəlki qiymətlərlə indiki qiymətlər xeyli fərqlidir. Mən aldığım maaşla çətinlik çəkirəm».


Cənab Əsgərovun fikrincə, monopoliyalar aradan qaldırılsa, maaş artımlarının əksəriyyətinə ehtiyac olmaz.


Sənədin müzakirəsi zamanı diqqətçəkən məsələlərdən biri də bəzi millət vəkillərinin elmə az vəsait ayrılmasından narazılıq etmələri oldu. Onlar digər sahələrə büdcədə 20-30 faiz vəsait ayrıldığı halda, elmə cəmi 8 faiz nəzərdə tutulması ilə razılaşmadılar. Beləliklə, parlamentin beş komissiyası - İqtisadiyyat, Sosial Siyasət, Aqrar, Təhlükəsizlik və İnsan Hüquqları komissiyaları mübahisəli məqamların qalan hissələrini parlamentin plenar iclasında həll etmək şərtilə büdcə layihəsini qəbul etdi. Noyabrın 6-da isə Mili Məclisin digər komissiyaları yeni büdcənin müzakirəsinə toplaşacaqlar.


2007-ci ilin büdcə gəlirləri 5 milyard 336 milyon manat proqnozlaşdırılır. Bu, ötən ilə nisbətən 39,1 faiz və ya 1 milyard 499 milyon manat çoxdur. Xərcləri isə 5 milyard 715 milyon manat proqnozlaşdırılır. Bu isə 2006-cı illə müqayisədə 42 faiz və ya 1 milyard 690 milyon manat çoxdur.


Günün bütün mövzuları

XS
SM
MD
LG