Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:52

Qarabağ döyüşlərində ata və oğul qurban verən Aşağı Əskiparalı bir ailənin acı həyatı...


Gülnaz Məmmədova

Gülnaz Məmmədova

-

Qazax rayonu Aşağı Əskipara kənd sakini, Qarabağ döyüşlərində əri və oğlunu itirən Gülnaz Məmmədova rayon rəhbərliyinin biganəliyindən gileylənir. O, 2-3 ildir ki, evlərinin qəzalı vəziyyətdə olduğunu deyir:

«Mən 2-3 ildir ki, evsiz-eşiksizəm. Çünki qəzalı vəziyyətdə olan fərdi yaşayış evinə sığmırıq. Külfət artıb, ailə böyüyüb, nəvələrimin biri mənimlə, digər ikisi ata-anası ilə yatırlar. Bu barədə dəfələrlə bütün aidiyyəti şəxslərə, qurumlara müraciət etsəm də, heç kim bu günə qədər mənim acınacaqlı vəziyyətimlə maraqlanmayıb. Hətta hamıya dağılmış evimə gəlib baxmalarını da demişəm. Vətənin azadlığı uğrunda gedən döyüşlərdə həm oğlumu, həm də həyat yoldaşımı itirmişəm. Lakin onların adı sadəcə baş daşlarında qalır. Rayonda şəhidə hörmət yoxdur. Rayon icra başçısı və müavinləri məni boş vədlərlə get-gələ salırlar. İcra hakimiyyəti deyir, sizə torpağı bələdiyyə verəcək, bələdiyyə də deyir, icra hakimiyyəti. Ömrüm idarələrə getməklə keçir. Qoca arvadam, nə vaxtadək məni aldadacaqlar?».

«ZAKİR QARALOV QAZAXDA VƏTƏNDAŞLARI QƏBUL EDƏNDƏ...»

Gülnaz Məmmədova daha sonra deyir ki, Baş prokuror Zakir Qaralov Qazaxda vətəndaşları qəbul edəndə o da boş oturmayıb:

Qəzalı ev

Qəzalı ev

«Mən də problemimi dilə gətirmək üçün getmişdim. Amma yerli rəhbərlikdən qabağımı kəsib qoymadılar ki, problemini həll edəcəyik. Üstündən illər keçib, amma hələ də bizə 5-6 sot torpaq vermirlər ki, ev tikib altına köçək. O icra hakimiyyətində işləyənlər gəlib bir ay bu evdə 6 nəfərlə yaşasınlar, mən onlardan heç nə tələb etməyəcəyəm!».

«ATAM VƏ QARDAŞIM BİZ SƏFİL HƏYAT SÜRƏK DEYƏ, CANLARINDAN KEÇİBLƏR?»

Gülnaz Məmmədovanın oğlu Əhliman Allahverənov isə deyir ki, atasını və qardaşını bayram günü itiriblər:

«Atam və qardaşım martın 21-də, Novruz bayramı günü şəhid olublar. İndi o məmurlar bayram keçirdəndə mən yas tuturam. Atam və qardaşım biz səfil həyat sürək deyə, canlarından keçiblər? Bələdiyyəyə müraciət etmişəm torpaq verin, özümə bir şərait qurum, amma hər dəfə bir bəhanə ilə yubadıblar».

Divarda çatlar

Divarda çatlar

«RAYONDA SOSİAL YARDIMI, TORPAQLARI PULLU ADAMLARA VERIRLƏR»

Ailə şikayət edir ki, rayonda sosial yardımı, torpaqları və dükan yerlərini pullu adamlara verirlər. Əlacsız qalıb prezidentə 20-dən çox teleqram vurublar. Ancaq əlacı yenə də prezidentə müraciətdə görürlər.

Ailənin şikayəti ilə bağlı Qazax rayon bələdiyyəsinin sədri Oqtay Hüseynovla əlaqə saxladıq. Oqtay Hüseynov, əksinə, insanlara diqqət və qayğıdan danışdı:

«Son illər respublikamızda Qarabağ əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər buna sübutdur. Eyni zamanda onlar uyğun minik maşınları ilə də təmin olunurlar. Bu vətəndaşın da problemi yaxın zamanlarda həll olunacaq».

XS
SM
MD
LG