Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:32

İntiqam Əliyevin məhkəmədə son sözü


İntiqam Əliyev
İntiqam Əliyev

-

«HƏBSİMİN ƏSİL SƏBƏBLƏRİNDƏN DANIŞACAM»

«Dəyərli vəkillərin barəmdə saxta ittihamlarla qaldırılan cinayət işinin hüquqi aspektlərinə toxundular. Mən isə daha çox bu cinayət təqibinin arxasında duran motivlərə, başqa sözlə, həbsimin əsl səbəblərinə diqqət çəkmək istərdim.

Dörd aya yaxın davam edən məhkəmə prosesi həbsimin hüquqi deyil, siyasi motivlərlə - vəkillik və ictimai fəaliyyətimlə bağlı olduğunu bir daha sübuta yetirdi. Mən əsasən siyasi xarakterli işlər üzrə ixtisaslaşan vəkiləm və 25 illik vəkillik fəaliyyətim dövründə yüzlərlə məhkəmə işində çıxış etmişəm.

2001-ci ildə Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasına daxil olduqdan sonra bu quruma 200-dən çox şikayət göndərmişəm, onların əksəriyyəti siyasi hüquqların pozuntusu ilə bağlıdır. Bu şikayətlərdən 40-a yaxını uğurlu sonluqla bitib: həmin işlərin arasında 2005-ci ilin parlament seçkiləri ilə bağlı 14 iş, o cümlədən ifadə, birləşmək azadlığı, işgəncəyə məruz qalmamaq, ədalətli məhkəmə araşdırması, mülkiyyət və digər hüquqların pozuntusu ilə bağlı işlər var.

«HÖKUMƏTİN TƏLƏBLƏRİNƏ QARŞI CİDDİ ARQUMENTLƏR QOYMAQLA...»

2010-cu ilin parlament seçkilərində yol verilən pozuntularla bağlı Avropa Məhkəməsində Azərbaycana qarşı qaldırılan şikayətlərin böyük bir hissəsi mənim payıma düşür. Hazırda həmin şikayətlərdən 30-dan çoxu kommunikasiya və ya qərarların verilməsi mərhələsindədir. Həmin işlərdə təmsil etdiyim şəxslər əsasən ölkənin aparıcı müxalifət partiyalarının liderləri, ictimai xadimlər, vətəndaş cəmiyyəti fəallarıdır. Şikayətlərdə seçkilərin gedişində kobud qanun pozuntularından – seçki saxtakarlıqlarından, dövlət resurslarından hakim partiyanın namizədlərinin xeyrinə istifadə olunmasından, seçki komissiyaları üzvlərinin, seçicilərin ələ alınmasından, yeli hakimiyyət qurumlarının, polis və digər strukturların seçki prosesinə qanunsuz müdaxiləsindən və digər kobud qanun pozuntularından söhbət gedir. Həmin seçkilərdə xeyrinə saxtakarlıq edilən hakim partiyanın nümayəndələrindən hazırda ölkə parlamentində, yerli mərkəzi icra hakimiyyəti orqanlarında, o cümlədən Avropa Şurası və ATƏT-in parlament assambleyalarında təmsil olunan xeyli şəxs var.

Hökumət həm buna görə, həm də gələcəkdə həmin işlər üzrə Avropa Məhkəməsinin qərarlarının icrasına Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) nəzarətini aradan qaldırmaq məqsədilə bu şikayətlərin Məhkəmənin baxdığı işlərin siyahısından çıxarılmasına çox çalışırdı. Biz isə şikayətlərin siyahıdan çıxarılması barədə Hökumətin tələbinə qarşı çox ciddi arqumentlər irəli sürməklə buna mane olurduq.

«HƏBSİMDƏ AVROPA MƏHKƏMƏSİ ƏHƏMİYYƏTLİ ROL OYNADI»

2005-ci ilin parlament seçkiləri ilə bağlı mahiyyəti üzrə çıxarılmış qərarların icrası – xüsusilə ümumi xarakterli tədbirlərin görülməsi sahəsində mən və rəhbərlik etdiyim təşkilat ciddi səylər göstərirdik. Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinə ünvanladığımız rəylərdə Hökumətin seçki qanunvericiliyinin və onun tətbiqi praktikasının təkmilləşdirilməsi sahəsində üzərinı götürdüyü öhdəliklərə icra etmədiyi, onun NK-ya təqdim etdiyi Fəaliyyət Proqramının formal xarakterli olduğunu bildirməklə və qərarların real icrası istiqamətində Hökumətin atmalı olduğu addımlarla bağlı tövsiyələr verdik. Tövsiyələr seçki komissiyalarının və məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, seçki şikayətlərinə baxılması prosedurlarının təkmilləşdirilməsi, media və toplantı azadlığının təmin olunması, ayrıseçkiliyin aradan qaldırılması, bütün partiyalar və namizədlər üçün bərabər imkanlar yaradılması və s. ilə bağlı idi.

Bizim digər partnyorlarımızla birgə apardığımız uğurlu işin nəticəsi olaraq AŞNK 2014-cü ilin iyun ayındakı iclasında Azərbaycan Hökumətinin seçki işləri ilə bağlı Avropa Məhkəməsinin qərarlarının icrası üzrə təqdim etdiyi Fəaliyyət Planını qəbul etmədi və Hökumətə yeni Plan təqdim etmək üçün vaxt verdi.

Həbsimdə Avropa Məhkəməsi sahəsinə, xüsusilə seçki işləri ilə bağlı fəaliyyətim əhəmiyyətli rol oynadı. Bu fəaliyyətim Hökumətdə çox qıcıq doğururdu və bunun mənim və təşkilatımız üçün arzuolunmaz nəticələrə səbəb ola biləcəyi dəfələrlə diqqətimə çatdırılmışdı.

«ƏDLİYYƏ NAZİRLİYİNİN QƏRƏZLİ MÖVQEYİNİN SƏBƏBİ…»

HMC-nin ofisində axtarış aparılan zaman prokurorluğun əməkdaşları həm seçki işləri, həm də Avropa Məhkəməsinə ünvanladığım digər pozuntularla bağlı 200-dən çox şikayət üzrə bütün materialları heç bir qeydiyyat aparmadan götürüblər. Bu işlərin əksəriyyəti strateji xarakterli şikayətlərdir. Götürülən məhkəmə işlərinin materialları arasında Ədliyyə Nazirliyinin illərlə qanunsuz olaraq qeydiyyata almaqdan imtina etdiyi 30-dan çox QHT-nin, o cümlədən hazırda həbsdə olan vicdan məhbusu Anar Məmmədlinin və bu yaxınlarda azadlığa buraxılan Bəşir Süleymanlının təsisçiləri olduğu Seçkilərin Monitorinqi Mərkəzinin (2008-ci ildə prezident seçkiləri ərəfəsində ləğv olunub) və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (2010-cu ildə təsis olunmuş, lakin ƏN-nin qeydiyyatından imtina etdiyi) də sənədləri var.

Yeri gəlmişkən, Ədliyyə Nazirliyinin mənə və rəhbərlik etdiyim quruma qarşı qərəzli mövqeyinin həm də mənim bu quruma qarşı həm ölkədaxili məhkəmələrdə, həm də Avropa Məhkəməsində qaldırdığım çoxsaylı məhkəmə işlərinin, hazırladığım hesabatların, mediada və yerli və beynəlxalq tədbirlərdə tənqidi çıxışlarımın az rolu yoxdur.

«...HƏBSİMİZ HƏM DƏ VƏKİLLİK FƏLİYYƏTİMLƏ BAĞLI OLDUĞUNU TƏSDİQLƏYİR»

Həmçinin prokurorluğun əməkdaşları HMC-nin ofisindən həm təşkilatın xətti ilə, həm də mənim fərdi qaydada ölkədaxili məhkəmələrdə təmsil etdiyim 40-a yaxın məhkəmə işinin materiallarını aparıblar. Bu işlərin əksəriyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fiziki və hüquqi şəxslərin siyasi, sosial, iqtisadi və s. hüquqlarına qanunsuz müdaxilələrlə bağlı strateji xarakterli işlərdir.

Həmin sənədləri bizə qaytarmaqdan imtina edən prokurorluğun qanunsuz hərəkətləri nəticəsində bu şikayətlərin bir çoxunun Avropa Məhkəməsinə göndərilməsi üçün müəyyən olunmuş 6 aylıq müddət ötürüldü.

Mənə elan edilmiş ittihamlarla heç bir bağlılığı olmadığı halda vəkil dosyelərinin bütünlükdə götürülməsi, həmçinin həmin şikayətlərin və onlarla bağlı sənədlərin elektron versiyalarının olduğu bütün kompüterlərin, noutbukların, yaddaş kartlarının, disklərin və digər elektron informasiya daşıyıcılarının hamısının götürülməsi, istintaq başa çatdıqdan sonra da həmin sənədlərin və avadanlıqların qaytarılmasından qanunsuz olaraq imtina olunması həbsimin həmçinin vəkillik fəaliyyətimlə bağlı olduğunu təsdiqləyən çoxsaylı faktlardan daha biridir.

2014-cü ilin noyabrında Avropa Məhkəməsinin sədri Bakıda olarkən ölkənin Baş Prokuroruna HMC-nin ofisindən götürülən dosyelərin qaytarılması ilə bağlı müraciətindən sonra həmin sənədləri bir hissəsi müvafiq rəsmiləşdirmə olmadan qovluq halında qaytarıldı. Lakin qaytarılan sənədlərin əksəriyyəti artıq Avropa Məhkəməsində baxılmış işlərlə bağlı idi, həm yerli məhkəmələrin, həm də AM-in icraatında olan məhkəmə işlərinin az bir hissəsi qaytarıldı, qaytarılan qovluqlarla bir sıra mühüm sənədlər prokurorluq tərəfindən götürüldüyü üçün Avropa Məhkəməsi ilə kommunikasiyalarımızda ciddi problemlər yaranıb.

«BİR SƏBƏB DƏ İCTİMAİ FƏALİYYƏTİMDİR»

Çıxışımın əvvəlində söylədiyim kimi, həbsimin səbəblərindən biri də ictimai fəaliyyətimlə bağlıdır. Son illərdə mənim yerli və beynəlxalq mediada Azərbaycanda insan hüquqları, demokratiya və hüququn aliliyinin müxtəlif problemləri ilə bağlı çoxsaylı məqalələrim, araşdırmalarım, müsahibələrim dərc olunub. Həmçinin çoxsaylı beynəlxalq konfranslarda, forumlarda, o cümlədən Avropa Şurasında, Avropa Birliyində, BMT-də, ATƏT-in illik toplantılarında Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı müxtəlif mövzular – vəkillik, toplaşmaq, birləşmək azadlığı, azad seçki, işgəncələrə məruz qalmamaq, ədalətli məhkəmə araşdırması hüququ, o sıradan siyasi məhbus problemi ilə bağlı mövzular ətrafında çoxsaylı çıxışlarım, məruzələrim olub. Bu çıxışlarda hakimiyyətin həmin sahələrdə fəaliyyəti sərt tənqid olunub.

2014-cü ilin iyun ayında Avropa Şurası Parlament Assambleyasının Yay Sessiyasında – Azərbaycanın bu qurumun Nazirlər Komitəsinə sədrliyə başlaması ilə bağlı ölkə prezidenti İlham Əliyevin AŞPA üzvləri qarşısında məlum çıxışından bir gün öncə AŞPA üzvləri, AŞ-ın əməkdaşları və media təmsilçiləri üçün təşkil olunan tədbirdə Azərbaycanın AŞNK-na sədrliyi ərəfəsində ölkədə insan hüquqları sahəsində durumun daha da pisləşməsi, hakimiyyətin müstəqil vətəndaş cəmiyyətinə və onlarla əməkdaşlıq edən beynəlxalq təşkilatlara basqılarının güclənməsi, müxtəlif siyasi partiyaların, müstəqil media və qeyri-hökumət təşkilatlarının sistemli şəkildə sıradan çıxarılması, siyasi məhbus problemi ilə bağlı sərt tənqidi çıxış etmişəm. Həmçinin sessiya dövründə insan hüquqları sahəsində çalışan nüfuzlu beynəlxalq təşkilatların, xaricdə yaşayan azərbaycanlıların və Bakıda sessiyanın işinə qatılmaq üçün gələn bir qrup vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə keçirilən dinc xarakterli etiraz toplantılarında iştirak etmişəm.

Həmin tədbirdən bir gün sonra İ.Əliyev AŞPA üzvləri qarşısında çıxışında ölkədəki müxalifətin, insan hüquqları sahəsində təşkilatların və onlarla əməkdaşlıq edən qurumların ünvanına sərt ifadələr işlətmişdi. AŞPA-nın həmin sessiyasından sonra onun işinə qatılan vətəndaş cəmiyyəti təmsilçiləri haqqında, o cümlədən mənim barəmdə hökumətyönlü KİV-lərdə sistemli şəkildə qara piar kampaniyasına start verildi. Bizi satqın, düşmən, Azərbaycanda zorla hakimiyyət dəyişikliyinə çalışan xarici qüvvələrin «beşinci kolon»u kimi təqdim edirdilər.

AŞPA-nın Yay Sessiyasından çox qısa müddət sonra – avqust ayının əvvəlində məni və həmin tədbirdə çıxış edən QHT lideri Rəsul Cəfərovu həbs etdilər. Tədbirə qatılan başqa bir QHT lideri- Gülnarə Axundova barəsində cinayət işi qaldırılsa da, o, ölkəni tərk etməklə cinayət təqibindən yaxa qurtara bildi. Barəsində cinayət işi qaldırılmış və həbs qərarı seçilmiş daha bir QHT lideri İsveçrənin Azərbaycandakı səfirliyinə sığınıb və bunun hesabına hələ ki, yarımazadlıqdadır.

«ÖLKƏ RƏHBƏRLİYİNİN XEYİR-DUASİ İLƏ...»

İ.Əliyevin həbsimizdən çox az sonra – 2014-cü ilin avqustunda Beyləqanda Gənclər Mərkəzinin açılışından sonra rayon gənclərinin və ictimaiyyətin nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlər müstəqil vətəndaş cəmiyyəti qurumlarına və onların liderlərinə qarşı basqılara ölkə rəhbərliyinin xeyir-duası ilə start verildiyini təsdiqləyir: «Bu gün Azərbaycanın uğurlu inkişafını heç də hər kəs qəbul etmir. Ölkə daxilində də milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanlarını satıblar. Biz bunu bilirik. Mən bir prezident kimi gündəlik fəaliyyətimdə bu satqınlara qarşı mübarizə aparıram».

Oxşar məzmunlu açıqlamalar və şərhlər müntəzəm olaraq yüksək səviyyəli digər dövlət rəsmilərinin də dillərindən səsləndirilir. Məsələn, Prezident Administrasiyasının rəhbəri R.Mehdiyev «Vestnik Kavkaza» adlı sayta ötən ilin sentyabr ayında verdiyi müsahibədə də həbsimizin əsl motivlərinə əslində aydınlıq gətirib: «Bəzi təşkilatlar, məsələn Sülh və Demokratiya İnstitutu (Leyla Yunusun rəhbəri olduğu təşkilat – İ.Ə.), Jurnalistlərin Təhlükəsizliyi və Azadlıq İnstitutu (Emin Hüseynovun rəhbəri olduğu təşkilat – İ.Ə.), Hüquq Maarifçiliyi Cəmiyyəti (mənim rəhbəri olduğum təşkilat – İ.Ə.), Demokratiyanın Monitorinqi və Tədrisi Mərkəzi (Anar Məmmədlinin rəhbəri olduğu təşkilat – İ.Ə.) və digərləri insan hüquqlarının müdafiəsi altında beynəlxalq təşkilatlardan aldıqları böyük qrantları müxtəlif ünvanlara hesabatların göndərilməsi və Azərbaycanın təmsil olunduğu təşkilatlarda anti–Azərbaycan kampaniyalarının təşkilinə sərf edirlər».

AZTV-YƏ BAXMAQ İŞGƏNCƏSİ VƏ BUNUN YARATDIĞ SUALLAR

Yeri gəlmişkən, dövlət rəsmilərinin son dövrlərdə güclənən anti-Qərb ritorikası istər-istəməz bəzi suallar da doğurur. Həbsdə bütün günü AZTV-yə baxırıq deyə - yeri gəlmişkən AZTV-yə baxmağa məcbur olmağın özü ən böyük işgəncədir və bu işgəncəni çəkə-çəkə müəyyən suallar yaranır:

Qərb, Avropa Azərbaycanın düşmənidirsə, niyə ölkəmiz Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq qurumların və konvensiyaların üzvü olaraq qalır; niyə dövlət büdcəsindən külli miqdarda vəsaitlər Avropada muzeylərin, tarixi abidələrin bərpasına və qeyri-tarixi abidələrin tikintisinə, Avropa «bayrağı» altında bahalı mahnı müsabiqələrinin, idman oyunlarının, müxtəlif çempionatların təşkilinə sərf olunur; niyə Avropaya neft və qaz satırıq; niyə valyuta ehtiyatlarımızın əhəmiyyətli hissəsini Avropanın banklarında saxlayırıq ?!

Yox, əgər Avropa Azərbaycanın düşməni deyilsə, niyə Avropaya inteqrasiya tərəfdarlarını həbsə atırıq, təşkilatlarını qapadırıq; Avropanın, Qərbin nüfuzlu təşkilatlarını ölkədən qovuruq, onları söyürük, təmsilçilərini ölkəyə buraxmırıq ?!

«QƏRB SEÇKİLƏRİ DƏSTƏKLƏYƏNDƏ YAXŞI KİŞİ OLUR, AMMA....»

Bu necə olur ki, Avropa, Qərb Azərbaycanda keçirilən saxta seçkiləri dəstəkləyəndə dostumuz, əzizimiz olur, insan haqları, demokratiya sahəsində öhdəliklərini Azərbaycan hakimiyyətinə xatırladanda, siyasi motivli həbslərə, vətəndaş cəmiyyətinə basqılara hətta yumşaq şəkildə (qətnamə və bəyanatlardan uzağa getməyən) reaksiya verəndə pis?!

Yeri gəlmişkən, AŞPA-nın 2013-cü ildə keçirilən Qış Sessiyasında Azərbaycanda siyasi məhbuslarla bağlı məsələnin müzakirəsində Avropanın ölkədə siyasi məhbusların mövcudluğunu inkar edən Azərbaycan hakimiyyətinə dəstək verməsi, bu problemin həllinə, vətəndaş cəmiyyətinə çox ciddi zərbə idi. Avropanın demokratik dövlətləri öz ölkələrinin vətəndaşlarının qaz və enerji ilə təmin edilməsi naminə Azərbaycanda siyasi baxışlarına, fərqli düşüncələrinə görə jurnalistlərin, siyasilərin, ictimai fəalların həbsə atılmasına bəraət qazandıran qərara səs verdilər. Deyə bilmərəm, qərar fərqli olsaydı, Azərbaycanda siyasi məhbus problemi həllini tapacaqdi ya yox, amma onu əminliklə deyə bilərəm ki, bu qələbədən ruhlanan Azərbaycan hakimiyyəti ölkədə vətəndaş cəmiyyətinə qarşı repressiyaları daha da gücləndirdi, saxta ittihamlarla çoxsaylı insanlar həbsə atıldı.

PİK HƏDDİNƏ ÇATAN REPRESSİYALAR

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə isə repressiyalar pik həddinə çatdı. Onlarla yerli təşkilatlar və bir sıra beynəlxalq qurumlar ( NED, İREX, «Oxfam», Norveç İnsan Hüquqları Evi Fondu, Marşal Fondu və s.) cinayət işləri ilə hədəfə alındı; onların bank hesablarına həbs qoyuldu, vergi və prokurorluq orqanları onların fəaliyyətini yoxlamağa başladı, əksər QHT-lərə qarşı yüksək cərimələr təyin olundu, onlarla fəal cinayət təqibindən yaxa qurtarmaq məqsədilə ölkəni tərk etmək məcburiyyətində qaldılar.

Ölkədə qalan və tutulmaq təhlükəsi başının üzərində «Demokl qılıncı» kimi asılan QHT liderlərinə hökumət cinayət işləri ilə mesaj verir ki, onların hər birini istənilən vaxt vergi yayınmasına, mənimsəmə, qanunsuz sahibkarlıq, dələduzluq, vətənə xəyanət maddələri ilə cinayət məsuliyyətinə cəlb edə bilərlər.

İndi əminliklə demək olar ki, ölkədə müstəqil vətəndaş cəmiyyəti yoxdur, o, məhv edilib, hər an həbs olunmaq təhlükəsi ilə üz-üzə qalaraq mübarizəni davam etdirən dissidentlər var.

«SİYASİ MƏHBUS PROBLEMİNİN HƏLLİ DUMANLI GÖRÜNÜR»

Belə situasiyada siyasi məhbus probleminin həlli də çox dumanlı görünür. Təkcə ona görə yox ki, bu problemin həllində prinsipial mövqeyi ilə seçilən fəallar ya həbsdədirlər, ya da həbs olunmaq təhlükəsi altında. Həm də ona görə ki, bu problem sistemlə bağlı problemdir: hakimiyyət bölgüsünün, siyasi plüralizmin, azad medianın, ədalətli seçkilərin, müstəqil məhkəmələrin, güclü vəkilliyin və vətəndaş cəmiyyəti institutlarının olmadığı ölkədə siyasi məhbus problem həmişə aktual olaraq qalacaq. Azərbaycanda isə bunların heç biri yoxdur. Qondarma işçi qrupları, daha çox hökumətin vəkilləri rolunda çıxış edən məruzəçilər uzun illərdir alver predmetinə çevrilən əfvlər bu problemi həll edə bilməz. Bunu həm özümüzün anlamağımız, həm də başqalarına anlatmağımız gərək.

«AZADLIĞIN YÜKÜ ÇOX AĞIR GƏLİR»

Azadlığa çıxmaq həbsdə olan hər kəsin arzusu. Amma düşünəndə ki, bu gün bir iradə əsasında boşalan siyahılar, sabah elə həmin iradə əsasında hürr istəyən övladlarımızın, yaxınlarımızın, dostlarımızın, hesabına yenidən dolacaq bu cür azadlığın yükü çox ağır gəlir adama.

Dövlət ittihamçısı mənə 10 il həbs cəzası istədi. «Yaxşı qurtardım» deyə reaksiya verdim. Yetərincə ciddi idim.

Bu ölkədə fərqli düşüncəyə sahib olmaq; tənqidçi medianın, jurnalistlərin, müxalif, siyasilərin və gənc fəalların, mülkləri sökülənlərin, polis idarələrində, həbsxanalarda işgəncələrə məruz qalanların hüquqlarını yerli məhkəmələrdə müdafiə etmək, pozuntuları beynəlxalq məhkəmələrin müzakirəsinə çıxarmaq; orduda əsgərlərimizin dinc şəraitdə öldürülməsinə, korrupsiyaya, monopoliyaya, qiymətlərin artırılmasına, müəlliminə, həkiminə, 150-200 manat əməkhaqqı verən, əhalisinin əksəriyyəti yoxsulluq həddində yaşayan, böyük işsizlər ordusu olan, hələ də qazsız, susuz, yolsuz kəndləri olan ölkədə dövlət büdcəsindən hər il Gül Bayramına 50-60 milyon xərclənməsinə, milyardlarla vəsaitin bahalı layihələrə - musiqi və idman yarışlarına xərclənməsinə etiraza etmək, seçki saxtakarlıqları və insan hüquqlarının pozuntuları ilə bağlı monitorinqlər aparmaq, hökumətin siyasətini tənqid edən yazılar yazmaq, araşdırmalar aparmaq, hesabatlar hazırlamaq və yaymaq, siyasi məhbusların siyahısını hazırlamaq, onların azadlığa buraxılmasını tələb etmək, bu problemi ölkə daxilində və beynəlxalq tədbirlərdə qaldırmaq bu ölkədə cinayət sayılır.

«MƏN ÇOXSAYLI CİNAYƏTLƏR TÖRƏTMİŞƏM»

Mən bu və buna oxşar çoxsaylı digər cinayətləri törətdiyimi və bununla da dövlətin maraqlarına və nüfuzuna ağır zərbə vurduğumu, düşmənlərimizin dəyirmanına çoxlu su tökdüyümü etiraf edirəm. Bu anlamda prokurorun mənə 10 il iş istəməsi o qədər də ağır cəza deyil.

«NİYƏ QARABAĞ PROBLEMİNİ QALDIRMAMIŞAM»

Mənim və QHT-lərə qarşı qaldırılan cinayət işlərində xüsusi fəallığı və canfəşanlığı ilə seçilən müstəntiqlərdən biri qızıma demişdi ki, «imkan olanda atandan soruş ki, beynəlxalq tədbirlərdə daim hökuməti tənqid edir, beynəlxalq aləmdə onun sözünü belə eşidirlərsə, niyə həmin tədbirlərdə bir dəfə də olsun Qarabağ problemini qaldırmayıb». Bu ittihamı tez-tez mənim və dostlarımın ünvanına səsləndirirlər, ona görə münasibətimi bildirməyi vacib saydım. Çoxları kimi mən də əminəm ki, Qarabağ probleminin həlli ilk növbədə hər iki ölkədə demokratiyadan, insan hüquqlarının təmin olunmasından, hakimiyyətlərin azad seçki yolu ilə formalaşdırılmasından, toplumun taleyüklü məsələlərlə bağlı qərarların qəbulunda iştirakından keçir. Biz də həm ölkə daxilində, həm də beynəlxalq tədbirlərdə bu problemləri qaldırdıq və buna görə indi həbsdəyik.

Amma nə bu əməlləri törətdiyimə, nə də həbsimə görə azacıq da olsa peşmançılıq hissi keçirirəm, həbsdə də, həbsdən çıxandan sonra da bu fəaliyyətlərimi davam etdirmək niyyətindəyəm. Həbsdə olan dostlarımla, əqidə yoldaşlarımla məhbusluq həyatını bölüşməkdən şərəf duyuram. Həbslər bizim azadlığımızı əlimizdən ala bilər, azadlıq istəyimizi yox. Azad insan hər yerdə azaddır.

Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Sadiqli, indi azadlıqda olan dəyərli dostlarım azadlıqda olanda söylədiklərini, yazdıqlarını həbsxanada da söyləyirlər və yazırlar.

İlkin Rüstəmzadənin, Rəşadın, Rəşadətin və digər gənc dostlarımızın mübarizə ruhunu heç bir həbsxana, «kars» qıra bilməz.

Leyla Yunusun təkcə həbsinin özü hakimiyyətə meydan oxumaqdır.

Mövsüm Səmədoğlunun, Abgül Süleymanovun, Taleh Bağırzadənin, Nemət Pənahlının haqq səslərini hətta Qobustanın Qapalı Təcridxanasının dəmir qapıları kəsə bilməz.

Seymur Həzinin məhkəmə çıxışı onun «Azərbaycan Saatı»ndakı çıxışlarından az kəsərli deyil.

Xədicə İsmayılın sərt senzura səbəbindən yaza və deyə bilmədiklərinin kəsəri onun azadlıqda olanda yazdıqlarından və dediklərindən az kəsərli deyil.

Hər bir qaranlıq gecənin işıqlı səhəri var. Baramanın içində zülmət qaranlıq olur. Adama elə gəlir ki, o zülmətdən çıxış yolu yoxdur. Amma əslində o qaranlığın, zülmətin içində də tırtılın kəpənəyə çevrilməsi prosesi gedir. Zamanı gələndə mütləq qaranlıq işığa, durğunluq azadlığa çevriləcək, kəpənək üzə çıxacaq.

«ALLAH ƏVƏZİNİ VERSİN DEMƏYƏCƏM...»

Sonda dəstək olan hər kəsə təşəkkür edirəm. Həbsdəki dostlarıma da salamlarımı çatdırmaq istəyirəm. Bizim bir-birimizi görməyimizə, ünsiyyətdə olmağımıza imkan yaradılmır. Bir dəfə özlərinin xəbəri olmadan, yəni fərqinə varmadan mənlə Leyla Yunusu bir maşında aparıblar. Buna görə ədliyyənin 7 işçisini işdən çıxardılar.

Düşünürəm ki, dövlət ittihamçısı və məhkəməyə də təşəkkür etməliyəm. Prokuror 10 il iş istədi, bilmirəm məhkəmə neçə il verəcək. Amma adətən nəsə verəndə deyirlər ki, Allah əvəzini versin. Amma mən bu ifadəni işlətməyəcəyəm. Sizə ədalətli cəmiyyətdə yaşamağı arzulayıram. Elə bir cəmiyyətdə ki, insanları siyasi fəaliyyətinə görə tutmaq ləyaqətsizlik sayılır».

XS
SM
MD
LG