Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:08
- Elmira xanım, Bu İnternetli və geniş informasiya imkanlı günlərimizdə niyə memuar ədəbiyyatından söz açırıq? Bu ədəbiyyatsız mədəniyyət çağdaş görünməz ki?

- Çağdaş informasiya texnologiyaları, aşağı-yuxarı, məhz 20-ci əsrin xidməti deyilmi? Əlbəttə, İnternet böyük imkanlar açır, bizi çox böyük bilgi xəzinəsinə qovuşdurur. Digər tərəfdən həmin bilgilərin toplanması yenə davam edir. Memuar ədəbiyyatı da danılmaz bilgi qaynaqlarından sayılır.


- «Keçmiş günlər» kitabını çapa hazırlayıb nəşr etdiyiniz üçün Sizə ayrıca təşəkkür payı çatır. Nə az- nə çox-düz 62 ildən sonra bəlkə də toz basmış və unudulmuş əlyazmanı Azərbaycan ictimaiyyətinə qaytardınız. Sizcə, bu əlyazmanın əlçatan olması bizlərə nə verəcək?


- Təsəvvür edin ki, «Keçmiş günlər»in nəşri özəlliklə «Molla Nəsrəddin» dərgisi ilə bağlı bəzi mətləbləri dəqiqləşdirmək imkanı yaradır. «Molla Nəsrəddinçi»lərin kimliyi, təxəllüsləri, gizli imzaları dəqiqləşdirilir. XX əsrin nəhəng simaları-Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Məhəmməd Hadi və başqaları haqqında təsəvvürlərimiz genişlənir. Mətbuat tarixinin də çox önəmli incəlikləri üzə çıxır: bəzi məhkəmə prosesləri, idarəçilik məsələləri, redaksiya daxili münasibətlər barədə bilgi qazanırıq.


-«Keçmiş günlər» nəzmlə yazılıb. Memuar və nəzm çox da uyuşan anlayışlar deyil axı...


- Məsələ orasındadır ki, hərə öz duyum və bacarığına görə yazır. Əli Nəzmi öz fikrini nəzmlə daha yaxşı ifadə edirdi deyə, xatirələrini də qafiyəli sistemlə yazıb. Düzdür, onun nəsr əsərləri də var. Ancaq qəti şəkildə deyə bilərik ki, tutalım, Əli Nəzminin heç bir felyetonu onun nəzmlə yazdığı satiraları qədər populyarlıq qazanmayıb. Kim nəyi yaxşı bacarırsa, onu etmək haqqı var. - «Məşədi Sijimqulu Kefsiz» mədəniyyət tariximiz üçün rəmzi bir ad sayıla bilər. Sizcə, kim çox tanınır-Məşədi Sijimqulu, yoxsa Əli Nəzmi?


- İndiki oxucular Əli Nəzmini də, məşədi Sijimqulunu da, Kefsizi də tanıyırlar. XX əsrin əvvəlinin oxucuları isə «Sijimqulu»nu, «Kefsiz»i tanıyırdılar, amma Əli Nəzmini yox. Açıqfikirliliyin təhlükəli olduğu çağlarda müəlliflər əsl adlarını gizli imzalarla əvəzləməyə məcbur qalırdılar.


- Elmira xanım, Əli Nazim «Keçmiş günlər»i 1944-cü ildə yazıb, ancaq əlyazmanın sonunda «1932-ci il» göstərilib? Ortada bir yanlışlıqmı var?


- Xeyr, yanlışlıq yoxdur. Bu xatirə 1944-cü ildə Mir Cəlalın və Əziz Mirəhmədovun xahişiylə qələmə alınıb. Əlyazmadakı «1932» rəqəminə gəlincə, Mirzə Cəlil həmin il dünyasını dəyişib. «Keçmiş günlər» də məhz Mirzə Cəlilin ölümü ilə bitdiyindən Əli Nəzmi əlyazmanın sonunda həmin tarixi göstərir.


- «Keçmiş günlər»dən başqa yenə çapını gözləyən əlyazma memuarlar qalıb?


- Çox sayda. Əsasən də ərəb əlifbasıyla yazılanlar. Bilirsiniz, memuarların çapı elə də asan məsələ deyil. Başlıca maneə maddi sıxıntılar, texniki əngəllər olsa da, əski əlifbanı düzgün oxumaq, çoxsaylı və azişlənən ərəb-fars kəlmələrini, dialekt sözlərini, fərdi deyimləri doğru-dürüst çevirmək elə də asan məsələ deyil. Uzun illərin təcrübəsi, vərdişi, işə sonsuz bağlılıq tələb olunur.


XS
SM
MD
LG