Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:41

Şəhriyar Məmmədyarov Vladimir Kramniki mat edib


Şəhriyar Məmmədyarov
Şəhriyar Məmmədyarov

-

Şahmat üzrə Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 turnirində 5-ci tur başa çatıb.

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Vladimir Kramnik üzərində qələbə qazanıb.

Bu haqda turnirin rəsmi saytı məlumat yayıb.

Ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov 6 saat 35 dəqiqəlik mübarizənin yekununda dünya çempionunu mat edib.

“Qələbə qazanmağa borclu idim”

Şəhriyar Məmmədyarov qələbəsi haqqında bunları deyib: "Xantı-Mansiyskdə iddiaçıların turnirində Vladimir Kramnikə məğlub olmuşdum. Həmin partiyada böyük üstünlüyüm var idi. Qələbə qazanmağa borclu idim. Amma sonradan oyunda dönüş oldu, Kramnik qələbə qazandı. Buna görə bu dəfə uğur qazanmaq istəyirdim. Ciddi hazırlaşmışam deyə bilmərəm. Biz bir-birimizi yaxşı tanıyırıq. Dəfələrlə rəqib olmuşuq. Ona görə ciddi hazırlaşmaq o qədər effektli olmur".

İndiyə qədər azərbaycanlı şahmatçılar heç vaxt Vladimir Kramnik üzərində qələbə qazanmayıb. Bu mənada Şəhriyar ilkə imza atıb: "Azərbaycan şahmatçıları müxtəlif dövrlərdə güclü rəqibləri məğlub edib. Dünya çempionları Viswanathan Anand və Magnus Carlsen üzərində qələbələrimiz olub. Lakin Kramniki heç vaxt məğlub edə bilməmişik. Bu mənada ilk dəfə Kramnik məğlub oldu. İndi Azərbaycan şahmatı rahat nəfəs ala bilər".

“Qələbəni tez unutmaq lazımdır"

Şəhriya Məmmədyarov ShamkirChess 2015 turnirində ilk qələbəsinin növbəti turlara daha yaxşı hazırlaşmağa kömək edəcəyini bildirib: "Sözsüz qələbə qazanmaq yaxşıdır. Çətin qələbə oldu. 6 saatdan artıq yarışmaq çətindir. Fikir verdinizsə, ani olaraq oyunu tez başa vura bilərdik. Amma lazımi gedişi görmədim. Çünki, yorulmuşduq. Şahmatçı 5 saatdan sonra əvvəlki vəziyyətdə oynaya bilmir. Yorğunluq özünü göstərir. Bir dəfə Dortmund turnirində Peter Lekoyla 7-8 saat oynadıq. Axırda zalda heç kimin qalmadığını gördük. Demək istəyirəm ki, uzun partiyalar şahmatçını yorur. Karlsenə məğlubiyyətdən sonra çox düşünürdüm. İndi növbəti turlar haqda fikirləşməliyəm. Qələbəni tez unutmaq lazımdır".

Vladimir Kramnik
Vladimir Kramnik

Oyundan sonra Vladimir Kramnik mətbuat konfransında iştirak etməyib. Şəhriyar Məmmədyarov buna belə şərh verib: "Kramnik güclü şahmatçıdır. Dünya çempionudur. 7 saata yaxın mübarizədən sonra yəqin, yorulub. Ona görə mətbuat konfransına gəlmədi. Burda heç bir problem yoxdur. Xantı-Mansiyskdə Kramnikə məğlub olandan sonra özümü toparlayıb mətbuat konfransına gəlmişdim. Həyatımda heç vaxt elə pis olmamışdım. Uduş vəziyyətində olan oyunu uduzduğum üçün mətbuat konfransının tez bitməsini gözləyirdim. Kramniklə Xantı-Mansiyskdəki mətbuat konfransını heç vaxt xatırlamaq istəmirəm. Amma özümdə güc tapıb orada iştirak etmişəm".

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 turniri aprelin 16-da başlayıb. Aprelin 26-a qədər davam edəcək.

Turnirdə şahmat üzrə hazırkı dünya çempionu Magnus Carlsen (Norveç), keçmiş dünya çempionları Viswanathan Anand, (Hindistan) və Vladimir Kramnik (Rusiya), So Wesley (ABŞ), Vachier-Lagrave Maxime (Fransa), Michael Adams (İngiltərə), Caruana Fabiano (İtaliya), Anish Giri (Hollandiya) iştirak edir. Azərbaycanı Şəhriyar Məməmdyarovla Rauf Məmmədov təmsil edir.

Turnir “Synergy Group"un təşkilatçılığı və sponsorluğu keçirilir. Mükafat fondu 100.000 avrodur.

XS
SM
MD
LG