Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:04

-

İndi dünyada bir mədəniyyət var - Qərbmərkəzli mədəniyyət. Reallıq budur ki, nə olur-olsun, hansı peşəkarlıqla yazılır-yazılsın, Şərqdə yaranan incəsənət etnik incəsənətdir...

Sahilə İbrahimova

"MƏN BİLİRƏM QƏFƏSDƏKİ QUŞ NİYƏ OXUYUR"

Reinkarnasiyaya inanan birisi kimi şairləri keçmişdə yaşadığı ömür yaddaşı yaxşı silinmədən yenidən yaşamağa göndərilən adamlar sayıram.

Son zamanlar şair dostlarımla söhbətlər zamanı poeziyanın gələcəyi haqqında o qədər də ümidverici proqnozlar vermirlər.

Açığı, əvvəllər şeiri sevməsəm də, son zamanlar poeziya oxusuna daha çox həvəsliyəm və deyim ki, bu maraq kifayət qədər gec gəlsə də, artıq az-az misra məni təəccübləndirə və təsirləndirə bilir.

Şeir incəliklərini bilən yazı dostlarım ruhu nə qədər təzə olsa da, şair bəlli çərçivəyə, vəznə sığır, zamanla özünü təkrarlayır və maraqsızlaşır məntiqindən çıxış edirlər poeziyanın süquta doğru getdiyini bildirəndə.

Tarixən Qərb şeir donundan - vəzndən kasad olub, şərqin qarderobu isə söz geyimi ilə zənginləşə-zənginləşə gedib. Şərq ölkələri məhz ərəb şeirinin təsiri ilə xəfif müsiqiyə bürüyüb sözləri.

Şeir mənim beynimdə az-maz müsiqiyə batırılmış söz topası kimi assosiasiya olunur.

Bir tarixçi ərəb şeirinin fərqli vəznlərdə yazılmasını ərəb insanının halı ilə əlaqələndirir. Deyir ki, ongünlərlə davam edən səhra səfərlərində ərəbin mənəvi və ruhi durumu belində oturduğu dəvənin sürətindən asılı olub. Dəvə hansı sürəti seçirmişsə, ərəb o tezlikdə düşünür, hiss edir və özünü ifadə edirmiş.

Ərəblər şeir vəznləri ilə yanaşı şairləri ilə də fəxr etmişlər uzaq tarixlərdə.

İslamın gəlişindən sonra ərəblərə tabe olan millətlər öz şeir inqredientlərini qazana töküb ümumi İslam poeziyası bişirmişlərsə də, məncə, Şərqin şairə ən çox dəyər verdiyi dövr məhz yeddinci əsrdən öncə - cahiliyyət dövründə baş tutub. O dövrdə şairi çox olan qəbilə şanslı sayılırmış. Bir qəbilə o biri qəbiləni yeni şairi peyda olduğu üçün namə yazıb təbrik edirmiş. Şair müharibəyə və sülhə çağırırmış qəbilələri. Lakin cahiliyyət dövründə təkcə neyə yox, həm də meyə meyilli şairlər çox olub.

Mən “Çevriliş” kitabımda onlardan ən cığalı – İmrul Qeys haqqında qısaca yazmışam. Qəbilə başçısının oğlu İmrul Qeys həzzsatan qadına aşiq olub ona yazdığı şeiri müqəddəs Kəbənin divarlarından asır. Baxmayaraq ki, bir müddət Kəbə alış-veriş mərkəzi olaraq həm də şeirin rəsmi satıldığı məkan olub, şairlər əsərlərini orda digər məhsullar kimi hərraca çıxarırmışlar, İmrul bunu eləyəndə bu adət yığışdırılmaqda idi. Qəbiləsini qəzəbləndirən İmrul səhraya qovulur. Onun hekayəsi bununla bitmir, mənsə rəvayətə bənzər tale nəqlini burda yuvarlaqlaşdırıram. Cığal şairlər – neyli, meyli yəni, İslam dininin ilk müxalifəti sayılır, baxmayaraq ki, Məhəmməd peyğəmbər də vəyhli şair hesab edilir.

Şərq vəzn bolluğu ilə nə qədər öyünsə də, son dövrlər yerin istər sağında, istər solunda yaşayan şairlər məhz sərbəst şeir yazmağa üstünlük verir. İndi dünyada bir mədəniyyət var - Qərbmərkəzli mədəniyyət. Reallıq budur ki, nə olur-olsun, hansı peşəkarlıqla yazılır-yazılsın, Şərqdə yaranan incəsənət etnik incəsənətdir. Etnik rənglərlə bəzənmiş rəsmdir, etnik musiqidir və s. Və bu, Qərb iqtisadiyyat üzərində ağalıq edə biləcəyi sürədə belə qalacaq.

Deməyim odur ki, indi şeirin də mərkəzi Qərbdir. Şərq də şeirini eşitsinlər deyə Qərb mikrofonuna ehtiyac duyur. Qərb bu missiyasını həvəslə, layiqincə yerinə yetirir.

Aprelin 17-də Obama Ağ evdə xanımı ilə birlikdə şeir dinləməsində iştirak elədi. Məlumumuz olsun ki, aprel Amerikada milli şeir ayı elan olunub. Bir də onu bilək ki, Corc Vaşinqton sevgi şeirləri, Jon Adams dini şeirlər, Linkoln melonxolik tərzdə poeziya, Cimmi Karter xüsusi aydın dillə misralar yazan ABŞ prezidentləri olublar.

Walt Whitman

Walt Whitman

Hələlik siyahıda sonuncu şeir yazma təcrübəsi olan prezident Obamadır.

Obama tələbə şairlər qarşısında çıxış edib dedi ki, Amerikanı anlamaq üçün Walt Whitman-i, Langston Hughes-u və s. oxumalısız.

Çıxışında sözündən belə çıxdı ki, Amerikanın sağ qalması üçün poeziya yaşamalıdır. Onun bu sözləri elə həmin gün onlarla məşhur şair və yazıçı tərəfindən tweet olaraq dünyaya dağıdıldı.

Paylaşımlar arasında Obamanln yeniyetməlik vaxtı yazdığı şeirlər də yer aldı.

“UNDERGROUND”

Suyun altında kaha və böyük mağara

Doludur

Əncir yeyən meymunlarla.

Tapdalandıqca

Meymunların yediyi o əncirlər

Xırçıldayır ayaq altında.

Meymunlar zarıyır,

Ağardır köpək dişlərini,

Sonra oynayır,

Atılıb-düşür axan suda,

Süst, nəm gönləri

Bərq vurur mavi çalarda.

(İngiliscədən tərcümə: Könül Həsənqulu)

ABŞ prezidentlərinin ədəbiyyata, yazıçı-şairlərin partiya rəhbərlərinə marağından söz düşmüşkən, Maya Ancelounu yada salmaq istəyirəm.

Maya Angelou Bill Clinton-un inauqurasiyasında şeir deyir, 1993

Maya Angelou Bill Clinton-un inauqurasiyasında şeir deyir, 1993

Maya Ancelou “Mən bilirəm qəfəsdəki quş niyə oxuyur” (1969) romanı ilə başlayan 7 bioqrafik nəsr kitabının müəllifidir. Qısa bioqrafiyasını çox maraqla oxumuşdum. 1993-cü ildə Bill Klintonun inauqurasiya mərasimində şeirini səsləndirib. Bununla o, 1961-ci ildə Kennedinin inaгqurasiyasında şeir deyən Frostdan sonra eyni taleni paylaşan ilk şair olub.

Səsləndirdiyi başqa bir şeirinə görə Grammy mükafatı alıb. Düzü, mən heç bilmirdim ki, Grammy həm də audio kitaba görə verilir. Deyim ki, Hillari Klinton da audio kitabına görə Grammy alıb. Və o da, mükafatı alanda Grammy - nin audio kitaba da şamil edilməsindən xəbərsiz imiş.

Maya Ancelounun bioqrafiyasını oxuyanda təəccüblənməmək olmur. Festival kimi qadın idi. Filmçəkimindən tutmuş, rəqqasəliyə, bəstəçiliyə qədər incəsənətin əksər sahələrinə aid töhvələri var. Müsahibəsində deyir ki, mən bir qaradərili qadın olaraq həmişə cəmiyyətdəki diskriminasiyanı hiss eləmişəm, bu səbəbdən hər şeyin ən yaxşısını eləmək - hamıdan çox əziyyət çəkmək, hamıdan çox çalışmaq məcburiyyətim olub. Və bir gün gördüm ki, ağlardan biri olmaq xəyalım onlardan daha yaxşı olmaq reallığına çevrilib.

Maya Ancelo yaşadığı evlərdə yazmırmış. Yerləşdiyi şəhərlərdə bir ev, bir də otel otağı tuturmuş. Otaq tutaq ki, iki aylıq bronlanandan sonra divarlardan şəkilləri sökdürürmüş, bir də qapıya “rahatsız etməyin” tablosunu asırmış. Səhər yeməyindən sonra otelə yollanan qadın günortaya qədər yazır, sonra tərəvəz alıb evdə yemək bişirir, bəzi şəxsi işlərini görür, axşam isə günün birinci yarısında yazdıqlarını redaktə edirmiş. Uzun illər belə yaşayıb. İlk baxışdan qibtə ediləsi yazıçı həyatı var imiş. Mən də həsəd aparmışdım. Lakin ilk gənclik illərinin ağır xatirəsi ilə tanış olandan sonra qibtəm çəkilib getdi.

ABŞ - Prezident Obama Maya Angelou-nu Azadlıq Medalı ilə təltif edir, 2011

ABŞ - Prezident Obama Maya Angelou-nu Azadlıq Medalı ilə təltif edir, 2011

Yeniyetmə vaxtında zorlanan yazıçı cinayətkarın kimliyini qardaşına danışır. Qardaşı onu zorlayanı öldürür. Bundan sonra özünü günahkar bilən Maya bir neçə il susur, heç nə danışmır. Deyir mən düşünürdüm ki, mənim çıxardığım səs, qardaşıma dediyim söz nəticəsində bir insan ömrünə son qoyuldu. Mən susmaqla özümə cəza verirdim. Həm də danışmaqla daha bir faciəyə səbəb olacağımdan qorxurdum. “Qəfəsdəki quş” şeiri və “Mən bilirəm qəfəsdəki quş niyə oxuyur” kitabı o hadisəyə həsr olunub. Bu, çox kədərli həyat hekayəsidir. Susmaq fenomeni mənə çox dramatik, çox maraqlı, həm də çox poetik gəlib həmişə. Susmağı bir çox kontekstdə öyrənməyə çalışmışam - ədəbiyyatda, kinoda və psixologiyada. Susmaq və nəhayət danışmaq. Şeir məhz bu prosesin nəticəsində yaranıb deyə düşünürəm. Bu haqda şeir haqqında, daha dəqiq şeir və qadın mövzusunda yazacağım ikinci yazıda bəhs edəcəm.

Ancelo 2008-ci ildə demokrat partiyasını dəstəklədiyini, Hilari Klintonla həmcəbhə olduğunu rəsmən bəyan etmişdi. Klinton kampaniyasına son verəndə isə Obamaya dəstək olduğunu elan elədi. Səksən yaşın üstündə olmasına baxmayaraq, piknik, gəzinti şəkilli turlara əqli bələdçilik edir, məruzələr deyirdi. Sonuncu “Anam, mən və anam” romanını 2013-cü ildə çap etdirib. Keçmiş həyat yoldaşı haqqında yazanda ondan icazə aldığını bildirir müsahibəsində. Yoldaşım etiraz etmədi, amma həyəcanlı idi, romanı oxuyandan sonra sakitləşdi, onunla lazım olduğundan daha mərhəmətli davranmışdım deyir.

Oxuduğunuz abzaslar arasında uyğunsuzluq hiss edə, ərəblərlə başladı, Maya Ancelou ilə qurtardı deyə bilərsiz. Bütün abzaslarda şeir ölməyəcək, yaşayacaq demək istəmişəm. Şeir yazmaq və demək uzun müddət susmaq məcburiyyətində olmaq, birdən dinə bilməkdir. Xeyir yaxın gələcəkdə şər üzərində qələbə qazanacaq qədər güclü görünmür. Belə olan tədqirdə susmaq məcburiyyəti, birdən dinmək imkanı, şeir demək fürsəti qamarlayanlar – şeir yazanlar və onu dinləyənlər tapılacaq.

Şeir mövzusunda birinci yazımı ikinci yazımın başlığı ilə - Maya Ancelounun sözləri ilə bitirirəm.

Quş cavabı var deyə oxumur, mahnısı var deyə oxuyur.

Ardı var

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG