Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:21

-

Kəlbəcər köçkünü Samir Aslanov AzadlıqRadiosunun «Qaynar xətt»inə məskunlaşdıqları mənzildən çıxarılmaq təhlükəsi ilə üz-üzə qaldıqlarını bildirib.

Deməsinə görə, 1990-cı illərin əvvəlində Kəlbəcərdən köçkün düşəndən sonra Bakıda, Bakıxanov qəsəbəsində ikiotaqlı mənzilə sığınıblar. İndi mənzilin sahibi Əmir Allahverdiyev adlı bir nəfər məhkəmə yolu ilə tərkibi 6 nəfərdən ibarət ailəni mənzildən çıxartdırır. Samir Aslanov deyir ki, hara gedəcəklərini bilmirlər:

«ÖZ XOŞUMUZA ÇIXMASAQ, ZORLA ÇIXARACAQLAR»

«İcra məmurları deyiblər ki, vaxt veririk, öz xoşunuzla çıxın. Çıxmasanız, özümüz çıxardacağıq».

Köçkünün sözlərinə görə, Əmir Allahverdiyev həmin mənzilə orderi 2008-ci ildə alıb.

Əmir Allahverdiyevsə məhkəmədə köçkünlərə qarşı mənzildən çıxarılmaya dair iddiasını belə əsaslandırır ki, indi mübahisəyə çevrilmiş bu mənzil ona Qarabağ müharibəsi iştirakçısı olduğuna görə 1992-ci ildə dövlət tərəfindən verilib. Elə həmin vaxt Sabunçu rayon İcra Hakimiyyəti mənzilə order də verib. Mənzilin yaşayış şəraitini yaxşılaşdırıb, cəbhə bölgəsinə qayıdıb. Cəbhədə olduğuna görə mənzilə köçə bilməyib, Bakıya qayıdanda, mənzilin köçkünlər tərəfindən zəbt olunduğunu görüb. Mənzilin boşaltmalarını tələb etsə də, köçkün ailəsi başqa yerə köçənə qədər mənzildə qalmalarına icazə verməsini xahiş edib, o da razılaşıb.

"Özümsə ailəmi anamın yaşadığı ikiotaqlı mənzilə yerləşdirdim, işləmək üçün Rusiyaya getdim. Bu yaxınlarda Bakıya qayıdanda, hələ də mənzildən çıxmadıqlarını görüb məhkəməyə müraciət etdim. Məhkəmə də köçkünlərin mənzili boşaltmalarına dair qətnamə çıxartdı.​

«KÖÇKÜNÜN SONRAKI TALEYİ MƏHKƏMƏLƏR ÜÇÜN MARAQLI DEYİL»

Hüquqşünas Namizəd Səfərov deyir ki, dövlət bir vətəndaşın hesabına başqa vətəndaşın mənzil problemini həll edə bilməz. Qaçqın və köçkünün mənzillə təmin olunması dövlətin vəzifəsidir:

«Bu yaxınlara kimi bizdə belə bir təcrübə vardı ki, işğal olunmuş ərazilər geri qaytarılmayanadək məcburi köçkünlər zəbt etdikləri torpaqlardan, mənzillərdən çıxarıla bilməzdilər. Bir dəfə Heydər Əliyev demişdi ki, heç kim məcburi köçkünü öz yerindən çıxara bilməz, məhkəmələr də bunu bir təcrübə olaraq tətbiq edirdi. Ancaq son vaxtlar Avropa İnsan Haqları Məhkəməsi bir neçə belə şikayətə baxıb, məcburi köçkünlərin başqalarının mənzillərini zəbt etməsi faktlarını mənzili zəbt olunmuş vətəndaşın hüquqlarının pozuntusu kimi qiymətləndirib. Bundan da dərs götürən bizim yerli məhkəmələr məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılmalarına dair qərarlar verirlər. Ancaq bütün hallarda məhkəmə köçkünü elə belə çölə atmamalıdır. Onun başqa yararlı mənzillə təmin olunması məsələsini həll etməlidir. Bunu yerli icra hakimiyyətinin, ya da «Qaçqınkom»un üzərinə öhdəlik kimi qoymalıdır. Ancaq məhkəmələr çox vaxt yalnız mənzildən çıxarılma barədə qərar çıxarırlar, mənzildən çıxarılanın sonrakı taleyi isə məhkəmələr üçün maraqlı deyil».

Vəkil deyir ki, mənzildən çıxarılmış köçkün məhkəmə qətnaməsindən yuxarı məhkəmələrə müraciət etməlidir. Yenə hüquqlarını bərpa edə bilməsə, bu dəfə «Qaçqınkom»dan və köçkün düşdüyü rayonun icra hakimiyyətindən mənzil tələb etməlidir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG