Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:04

Vəkil: «Avropa Məhkəməsi bu ittihamları darmadağın edəcək»


İntiqam Əliyev

İntiqam Əliyev

-

«Sual olundu ki, İntiqam Əliyev niyə buradadır? İstintaqın götürdüyü sənədlərin içində İntiqam Əliyevin səhhəti ilə bağlı həkimin qeydi var ki, İntiqam Əliyev mütləq həyat tərzini dəyişməlidir. Prokurorluq orqanı onun qeydinə qalaraq, güclə də olsa, həyat tərzini dəyişib».

Bunu vəkil Cavad Cavadov hüquqşünas İntiqam Əliyevin məhkəmə prosesində müdafiə çıxışı edərkən deyib.

İntiqam Əliyevin məhkəmə prosesi aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Cavad Cavadov deyib ki, istintaq zamanı İntiqam Əliyevə qarşı ittihamlarla bağlı ortada sübut olmayıb. Yalnız onu həbs etdikdən sonra istintaq orqanı sübutları yığmağa başlayıb:

«Sənədlərin ofisdən götürülməsi qanunsuz formada həyata keçirilib. Bu sənədlərin aqibəti bu günədək bizə bəlli deyil. Ona görə də, müdafiəmizi yetərincə qura bilməmişik. Məhkəmə araşdırması da Avropa Konvensiyasına uyğun olmadı. Bizim ən sadə vəsatətlərimiz belə təmin olunmadı. Məsələn, sənədlərdəki imzaların İntiqam Əliyevə məxsus olub-olmadığını yoxlamaqla bağlı ekspertizanın təyin olunmaması öz-özündə çox şeyi əks etdirir».

DÖVRİYYƏSİ MƏHDUDLAŞDIRILAN İNSAN HAQLARI

Cavad Cavadov bildirdi ki, İntiqam Əliyevin həbsi siyasi motivlidir, onun fəaliyyətiylə bağlıdır:

«Yaxın vaxtlarda Avropa Məhkəməsi bu ittihamları darmadağın edəcək».

Digər vəkil Şəhla Hümbətova müdafiə nitqində bildirdi ki, ittiham tərəfinə görə, qrant müqavilələri Ədliyyə Nazirliyinin qeydiyyatından keçməyibsə, bu, avtomatik qanunsuz sahibkarlıq ayılır:

«Bu, absurd düşüncədir. Qrant müqaviləsinin qeydə alınması prosedura formal məqsəd daşıyır. Qeydə alınmırsa, bu qanunsuz sahibkarlıq deyil. Nə ittiham aktında, nə də məhkəmə prosesində ittiham tərəfi göstərmədi ki, məsələn, bu əməl İntiqam Əliyevin qanunsuz sahibkarlıq əməlidir. İntiqam Əliyev hansı dövriyyəsi məhdudlaşdırılmış əşyalarla əməliyyat apara bilərdi? Bu ölkədə dövriyyəsi ən çox məhdudlaşdırılan insan haqlarıdır və İntiqam Əliyev bununla məşğul olduğu üçün buradadır. Amma bunun cinayət işinə heç bir aidiyyəti yoxdur».

Şəhla Hümbətova onu da qeyd etdi ki, qrant müqavilələri qeydiyyata alınmadan icra edilirsə, qanunla buna görə yalnız inzibati məsuliyyət nəzərdə tutulur, bu da cərimədən ibarətdir. Heç bir halda buna görə cinayət işi açılmır.

«PULUMUZ MƏNİMSƏNİLMƏYİB»

Vəkil müdafiə çıxışında bir daha xatırlatdı ki, onlar məhkəməyə 2013-cü ilə kimi Ədliyyə Nazirliyinin saytında açıq yerləşdirilən, lakin sonradan çıxarılan qrant müqavilələrinin qeydi ilə bağlı məlumatları təqdim ediblər:

«Nazirlik 2013-cü ildə bu məlumatı saytından çıxarsa da, keşlərdə - kobud desək, zibil qablarında həmin məlumatlar qalırdı və biz də həmin məlumatları notariusda təqdim olunmuş formada sizə təqdim etmişik».

Şəhla Hümbətova mənimsəmə ilə bağlı ittihama da toxunub:

«Mənimsəmə özgənin əmlakını talamadır. İntiqam Əliyev kimin pulunu talayıb? Axı bu özgə deyilən adam şikayət yazmalıdır, zərərçəkən kimi tanınmalıdır. Pul donor təşkilatlarınındır, onlar isə nəinki şikayətçi deyillər, əksinə narahatdırlar. Məktublar göndəriblər ki, bu adama sonsuz etibar edirlər. Deyillər ki, bizim pulumuz mənimsənilməyib. Amma prokuror deyir ki, mənimsənilib».

İNTİQAM ƏLİYEVİN VƏKİLLƏRİ

Vəkil bildirdi ki, məhkəmə araşdırması zamanı da göründü ki, 119 minin mənimsənilməsi heç bir sübuta söykənməyib:

«Gözə görünməyən sənədlər əsasında bu adam ağır cinayətlərdə ittiham olunur. Bu boyda ağır cinayətlə bağlı ittiham bu işdə maraqlı olan iki bacının ifadələri üzrə qurulub. Bütün bu fəaliyyətlərdə birbaşa iştirakı olan baş mühasib kimi Gülşən Orucova da İntiqam Əliyevin yanında oturmalı idi. Gülşən Orucovanın ifadələrində hər ikinci cümlə birincini inkar edirdi. Belə ifadəni necə mötəbər saymaq olar?».

Şəhla Hümbətova bildirdi ki, İntiqam Əliyev baş mühasibinə həddən artıq etibar edib və öz etibarının qurbanı olub. Onu da qeyd etdi ki, İntiqam Əliyevə vəzifədən sui-istifadə ilə bağlı ittiham da absurddur. Çünki bir tərəfdən deyilir ki, vəzifədən sui-istifadə edib. Digər tərəfdən iddia olunur ki, o, rəhbər deyil. Əgər rəhbər deyilsə, o, hansı vəzifədən sui-istifadə edə bilər?».

Vəkil Elçin Sadıqov isə nitqində «Troya atı» filmini xatırlatdı:

«Məhkəməyə gələndə bu film yadıma düşdü. Orada sonda sərkərdə Axillesin meyitini yandırmağa gedəndə bildirdi ki, vaxt gələcək deyəcəklər ki, bu sərkərdə Axillesin dövründə yaşayıb. Bizdə də vaxt gələcək deyəcəklər ki, Elçin Sadıqov, Şəhla Hümbətova, Fəxrəddin Mehdiyev, Cavad Cavadov İntiqam Əliyevin dövründə yaşayıb və onun vəkilləri olublar».

ƏXLAQ ETALONU

Digər vəkil Fəxrəddin Mehdiyev ittihamların əsassızlığının kifayət qədər göz önündə olduğunu bildirdi:

«Bu cinayət işi Cinayət Məcəlləsinin inkarıdır. Klassik və müasir hüququn inkarıdır. Prokurorun çıxışı hüququn, elmin mühakiməsi oldu. Həm ibtidai istintaq zamanı, həm də sonralar dəfələrlə cinayət tərkibinin olmamasını demişik. Bu gün də deyirik, siz də bunu bilirsiniz. İntiqam Əliyevin fəaliyyətində nəinki ictimai təhlükə yoxdur, əksinə, onun fəaliyyəti cəmiyyət üçün əhəmiyyətlidir. Avropa İnsan Haqları Məhkəməsində gördüyü işlərlə İntiqam Əliyev ölkənin hüquq ictimai sisteminə baş ucalığı gətirib. İntiqam Əliyev həm də ziyalı hüquqşünas, beynəlxalq səviyyəli ekspert, əxlaq etalonudur».

Növbəti proses aprelin 22-nə təyin olunub. Həmin gün İntiqam Əliyevə hökm oxunması gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG