Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:37

Bir zamanlar yazıçı kimi tanınmış vəkil: "E-mail-im hələ də xalidshuruk-dur"


Xalid Bağırov

Xalid Bağırov

-

"Həmin dönəmdən ən azı bir şairimiz çıxdı. Aqşin...

Sevincin şerlərini oxuya bilmirəm...

Sənsə kifayət qədər yazmadın...

Şərif içindəki, ziddiyyətlərin əsirinə çevrilib...

Seymurda sanki “Quqark”la hər şey bitdi...

Əli Əkbər mənim yazarım deyil...

Turalın kitabını yenidən oxumağım üçün, o, Nobel almalıdır...

Zahirin şeirləri texnikadan başqa bir şey deyildi. Eynən Rasim Qaraca kimi."

Vaxtilə yazıçı kimi tanınan, indi isə hamının vəkil kimi tanıdığı Xalid Bağırovla müsahibə. Onunla Günel Mövlud söhbətləşib.

Vəkil Xalid Bağırovu fəal vətəndaşların arasında yəqin ki, tanımayan yoxdur. Amma bəlkə də çox az insan bilir ki, 12-15 il əvvəl Xalid həm də istedadlı yazar idi.

O illərin ən parlaq imzalarının toplaşdığı “Nəfəs” ədəbi birliyinin ən fəal, ən məhsuldar üzvlərindən biriydi. Xalid Şürük imzası ilə yazdığı hekayələr mübahisələrə, fərqli fikirlərə səbəb olur, özü ədəbiyyatla bağlı mübahisələrdə fəal iştirak edir, bir sözlə, ədəbiyyatla yaşayırdı.

Amma Xalid sanki qəfildən ədəbiyyatdan küsdü. Bəlkə də belə deyil, amma onun qəfil gedişi, o vaxtdan bir də ədəbiyyatla yaxınlaşmamağı, heç nə yazmamağı, hətta imzasından imtina edib, Xalid Bağırov kimi tanınmağı belə bir təəssürat yaradır.

Bu suallar bir vaxtlar onun mənsub olduğu ədəbi çevrənin üzvlərini maraqlandırdığı kimi, Xalidin ədəbiyyat keçmişindən xəbəri olan hər kəs üçün də maraqlıdır...

- Xalid, yazmağın daşını niyə atdınız? Hüquqla bir yerdə alınmırdı, yoxsa sizə heç nə vəd etmirdi? Ya bəlkə istedadınıza inanmadınız?

- Özüm də bilmədim bu necə baş verdi. Vəkiliyə başladım. Başım qarışdı. Bir də ayıldım ki, daha yazmıram. Yəqin yeni işim məni təmin edirdi. Yaradıcılıq imkanlarımı yeni işimdə ifadə edirdim. Düzü, hərdən yadıma düşürdü. Nostalji yaşayırdım. Amma gəldiyi kimi də gedirdi. Bu, bir az da mənim xasiyyətimə bağlıdır.

Günel Mövlud

Günel Mövlud

- O illərdə mən və digər dostlarımız həm də sizin mütaliənizə heyran idik. Bir xeyli cərəyanlardan, müəlliflərdən, filmlərdən sizin sayənizdə xəbər tutmuşduq. Indi də o dərəcədə maraqlanırsınız, yoxsa hüquq bütün vaxtınızı zəbt edib?

- Düzü, əvvəlki kimi oxumaq ehtirasını təmin edə bilmirəm. Vaxt çatmır. Ara-sıra yollarda oxuyuram. Onun da çox hissəsini xüsusi ədəbiyyat alır. Bir ara, hətta audiokitablara meyllənmək istədim. Düzü, o effekti vermədi. Buraxdım başını. Amma filmlərlə bədii qidalanma ehtiyacımı ödəyirəm. Bir də, indi o yaşdayıq ki, hər şey də oxumalı deyilik. Necə olsa yontalanmış bir oxucu tipim formalaşıb. Kitablar var bir əvvəlinə, bir ortasına və bir də sonuna baxıram. Mənim üçün hər şey aydın olur. Eləsi var ki, bir cümlə oxumaqla, ədəbiyyat olub-olmadığını və ya oxumaq istədiyin ədəbiyyat olub-olmadığını bilirsən. Əsasən bizim yeni yazarları.

- O illərdəki çevrənizdən ən çox kiminlə ünsiyyətdə olur, ya da fəaliyyətini, yaradıcılığını dəstəkləyirsiniz?

- Ara-sıra, intensiv olmasa da, bəzi dostları görürəm. Söhbət edirik, çox şeylər dəyişib. Biz də dəyişmişik. Bizim üçün şair olanı şair olub. Nasir olanı nasir. Ola biləcəkləri qədər təbii. Olmayanı ola bilmədi. Bizim üçün ayrılmış vaxt məncə bitdi. Yeni nəsil gəlir.

İnsan harda olursa-olsun, yaradıcı olmalıdır. İstər vəkil və ya mühəndis olsun, istər cinayətkar və ya korrupsioner məmur olsun. Olmadısa, apar tulla

Amma yanılmaq da istəyərdim. Kimsənin yenidən partlamasını istəyərdim. Amma ümid yox. Məncə, hər kəs potensialını sıxıb ortaya qoydu. Kimsənin yaradıcı dəstəyə ehtiyacı olduğuna inanmıram. Bəlkə kimsə özündən xəbərsiz nəsə gizlədə bilibsə, kimsə hər kəsdən qaçıb, içini reabilitasiya edə bilibsə, uğurlar onlara. Həyatdır, hər şey ola bilər.

- Ədəbiyyatı yaxşı bilməyiniz, mütaliəniz vəkil işinə, məhkəmə çıxışlarınıza da təsir edirmi? Ədəbi qabiliyyətlərinizdən bu sahədə istifadə edirsinizmi?

-Əslində ədəbiyyatı yaxşı bilməyimin işimə faydası həmişə olub. Amma ondan çox yaradıcı imkanlarımın faydasını görmüşəm. Çıxışlarımda təkcə, ədəbi nümunələrə istinad yox, çıxışımın strukturunda ədəbi texnikadan geniş istifadə etmişəm. İnsan harda olursa-olsun, yaradıcı olmalıdır. İstər vəkil və ya mühəndis olsun, istər cinayətkar və ya korrupsioner məmur olsun. Olmadısa, apar tulla. O adamlar maraqsız olur. Baxın bizim hakimiyyətə, bircə tutub içəri qoyub hökm oxuya bilir. 20 il qabaq da, indi də. Nə dəyişib. Belə hakimiyyətlə mübarizə aparmaq da darıxdırıcı olur.

Aqşin Yenisey

Aqşin Yenisey

- İndi yazar, şair olduğunuz illəri necə xatırlayırsız? O illərdən kimin uğurla, kimin itki ilə çıxdığını düşünürsünüz? Sizcə, o illərdə hansı parlaq imzalar vardı ki, sonradan sıradan çıxdı?

- Bayaq dedim xatırlayanda az-maz nostalji olur. Amma keçmişə çox da odaqlanıb qalmağı sevmirəm. Yolumuz irəlidir.

Məsələn, məncə həmin dönəmdən ən azı bir şairimiz çıxdı. Aqşin. Adam təpədən-dırnağa şair oldu. Yazdı şeirini.

Həmişə demişəm, şairin bir kitab şeri olmalıdır. Uzağı 20-30 şeir. Amma bu şeirlər bir bütöv dünya olmalıdır. Aqşin bunu etdi. Artıq yazmaya da bilər. Elnurun şairliyini isə yeni kəşf etdim. Amma bu hələ şair deyiləcək qədər deyil. Bir vaxtlar Zahirdən şair çıxmamasına üzülürdüm. Sonra anladım ki, ondan mən dediyim mənada şair heç ola bilməzdi. Şeirləri texnikadan başqa bir şey deyildi. Eynən Rasim Qaraca kimi.

Qəribə gələ bilər sənə, bir vaxt şeirdə nəyinsə olmaması məni təəccübləndirmirdi. Şeirə skeptik yanaşırdım. Onun ölməli olduğunu deyirdim. Hə, bir də, indi də şair ola bilməməsinə heyfsiləndiyim Sadiqdir. Sevincin şerlərini oxuya bilmirəm. Sanki o şeirlik var, amma mənlik deyil. Sənsə kifayət qədər yazmadın. Ara-sıra partlasan da. Nəsrdə Şərif var, amma yazı imkanları içindəki, ziddiyyətlərin əsirinə çevrilib. Seymur nəsə edə bilər hələ, amma.... sanki o da bura qədər idi. “Quqark”la hər şey bitdi. Bu onun üçün ən yuxarı hədd idi. Düzü, yeni çap olunmuş hekayələrini oxumamışam.

Əli Əkbər mənim yazarım deyil. Turalın “Mustafa”sı onun haqqında məndə tam fikir yaratdı. Mən onun kitabını yenidən oxumağım üçün, o, Nobel almalıdır.

- Azərbaycanın indiki durumunu hansı romanda baş verən hadisələrlə müqayisə etmək olar?

- Çox əsərlə paralel aparmaq olar. Amma mən bizim oxucuya az tanış olan Kuba yazıçısı Vendi Gerranın “Hamı gedir” romanını deyərdim. Oxuyun. Belə bir ifadə var, hərənin öz xoşbəxtliyi var, bədbəxtlərsə eyni cür bədbəxtdir. İnsanların cəmiyyətdə necə eyni cür darıxa biləcəklərini gördüm.

- Nə vaxtsa vəkillik fəaliyyətiniz barədə memuar və ya nəsə başqa bir şey yazmağı düşünürsünüzmü?

- Düzü bilmirəm. Bəlkə də... özümə də maraqlıdır alınarmı, yəni özümü yenidən elə ifadə etmək məni qane edərmi. Nə vaxtsa cəhd etməyə dəyər. Ən azından bu suala cavabı bilmək üçün.

- On beş il əvvəlki yazıçı Xalid Şürük və indiki vəkil Xalid Bağırov. Bu iki adamın fərqini hiss edirsinizmi? Xalid Şürükdən sizdə nə qalıb?

- Heç bir fərq yoxdur əslində...Doğru deyirəm, mən dəyişə bilmədim...E-mailim hələ də xalidshuruk-dur..Hər beş ildən bir Şürük kəndindən millət vəkilliyinə namizəd oluram. Yox, illah da yazar Xalid Şürüyü soruşursansa, heç vaxt ədəbiyyat hesab olunmayacaq 10-15 hekayə qaldı Xalid Şürükdən...

(Xalid Şürüyün hekayəsini oxu)

Günün bütün mövzuları

XS
SM
MD
LG