Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:14

İtaliyaya miqrant daşıyan gəmilərin batmasının sirri...


İtaliya xilasediciləri qaya ilə toqquşan gəmidəki 250 miqranta kömək edirlər - 2011

İtaliya xilasediciləri qaya ilə toqquşan gəmidəki 250 miqranta kömək edirlər - 2011

-

Aralıq dənizində batan gəminin təxminən 50 nəfər sərnişini xilas edilib. Gəmi aprelin 18-dən 19-na keçən gecə İtaliya və Liviya arasındakı Siciliya kanalı adlanan ərazidə batmışdı. 700 nəfərin olduğu gəmi əsasən Afrika və Orta Şərqdən olan mühacirləri daşıyırdı.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirir ki, bu günə təxminən 50 nəfər xilas edilib. Xilasetmə tədbirləri davam edir. İtaliya xilasedicilərinə Malta donanması da kömək edir. Xilasetmə işlərinə 20 gəmi, 3 helikopter qoşulub.

«Amnesty İnternational» bu hadisəni «insanların ucbatından baş verən faciə» adlandırıb.

AVROPA BİRLİYİ ÖLKƏLƏRİ TƏCİLİ TOPLANIR…

Gəminin hansı səbəbdən və necə batması səbəbləri ilə bağlı rəsmi məlumat hələ ki yoxdur. Amma bu hadisə Avropada miqrasiya problemini, mühacirlərin təhlükəsizlik məsələsini yenindən gündəmə gətirib.

Bu gün – aprelin 20-də Avropa Birliyinə üzv ölkələrin nazirləri təcili Lüksemburqda görüşə çağırılıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Lüksemburqa yola düşüb. Görüşdə Avropa Birliyi ölkələri rəsmiləri ilə birlikdə miqrant məsələsi müzakirə ediləcək.

Təcili görüşün keçirilməsi təklifini Avropa Birliyinin xarici siyasət komissarı Federica Mogherini verib. Onun fikrincə, görüşdə bu cür faciənin yenidən təkrarlanmaması müzakirə edilməlidir:

Federica Mogherini

Federica Mogherini

«Xarici işlər nazirlərindən başqa, daxili işlər nazirlərinin də görüşə qatılması gözlənilir. Biz miqrantların təhlükəsizlik məsələlərini müzakirə edəcəyik. Belə faciələrin təkrar-təkrar baş verməsi Avropa Birliyi ölkələrinin məsuliyyətidir. Xatırlayırsınızsa hələ bir ay öncə mən 10 ildən sonra ilk dəfə miqrasiyası məsələsini xarici işlər nazirləri qarşısında yenidən qaldırdım. Avropa Birliyinə üzv ölkələrin daxili və xarici işlər nazirləri miqrantların təhlükəsizliyi ilə bağlı birgə razılıq əldə etməlidirlər».

Federica Mogherini əlavə edib ki, Lüksemburq müzakirələri bu həftənin sonu Avropa Şurasında davam edəcək.

SON 10 GÜNDƏ İKİNCİ MİQRANT DAŞIYAN GƏMİ BATIB…

İsveçin ədliyyə və miqrasiya naziri Morgan Johansson deyib ki, Avropa Birliyi ölkələri qaçqınların statusu ilə bağlı öhdəliklər götürməlidir.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamasına görə, təkcə 2015-ci ilin ilk 4 ayında Afrika və Orta Şərqdən İtaliyaya 20 min miqrant gəlib. Amma Avropaya sağ çata bilməyənlərin də sayı xeyli artıb. 2014-cü ildə Afrikadan Avropaya gələnlər arasında 3 min 500 nəfər miqrant gəmidə batıb. Təkcə ötən həftə Liviyadan İtaliyaya gedən və içərisində qaçqınların olduğu daha bir gəmi batmışdı və 400 nəfər həlak olmuşdu.

Roma Papası Francis aprelin 19-da dünya liderlərini bu faciənin qarşısını almaq üçün təxirəsalınmaz addımlar atmağa çağırmışdı.

Aralıq dənizində saxlanan miqrantlar - 2014

Aralıq dənizində saxlanan miqrantlar - 2014

İNSAN ALVERÇİLƏRİNİN YENİ BİZNESİ…

Bu gəmilərinin böyük hissəsinin insan alverçilərinin idarə etdiyi deyilir. İnsan alverçiləri, özəlliklə, Liviya, Misir, Tunis, eləcə də Suriyadan Avropaya gəlmək istəyənlərdən böyük məbləğdə haqq alırlar. Bu zaman onların təhlükəsizlik məsələləri arxa plana keçir. Əsas gizli yollarla miqranları Avropa sahillərinə çatdırmaqdır. Belə olan halda da faciələrin sayı hər dəfə daha çox artır.

Lüksemburqda keçirilən toplantıda fransalı nazir Harlem Desir faciənin səbəblərindən biri kimi İtaliyanın dəniz mühafizə sistemini göstərib. O, bildirib ki, İtaliyanın indi tətbiq etdiyi Triton sistemi əvvəlkindən daha zəifdir. Köhnə sistemdə radarlar, pilotlu və pilotsuz təyyarələr var idi. 2014-cü ilin noyabrınadək tətbiq edilən sistemdə İtalyanın Dəniz Mühafizəsi Sisteminin aylıq büdcəsi 9 milyon avro idi.

«Triton» Avropa Birliyinin dəniz mühafizəsi sistemidir. Bu sistemin aylıq büdcəsi 3 milyon avrodur. Bu sistemdə 7 qayıq, 2 təyyarə və 2 helikopterlə Afrikadan gələn gəmilərin xilasetmə və monitorinq əməliyyatları reallaşdırılır.

Avropaya gələn miqrantların əksəriyyəti münaqişə bölgəsində yaşayanlar və ya iş axtaranlardır.

Xilas edilən sərnişinlər deyiblər ki, gəmi batmaq təhlükəsində olanda yüzlərlə insan həyəcan və təlaş içində xilasedici qayıqlara minmək üçün gəminin bir tərəfinə qaçışıblar. Bunun da nəticəsində gəmi qısa müddətdə çevrilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG