Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:26

İlham Əliyev Bakı Su İdmanı Sarayının açılışını etdi


Su İdmanı Sarayı

Su İdmanı Sarayı

-

Aprelin 20-də Bakı Su İdmanı Sarayının açılışı olub.

Prezident İlham Əliyev və xanımı, Bakı-2015 ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışda iştirak ediblər.

AzərTAC xəbər verir ki, 6 hektarlıq ərazini əhatə edən, Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunub.

Su İdmanı Sarayında üç hovuz yaradılıb.

Uzunluğu 50, eni 25, dərinliyi isə 2.5 metr olan hovuz su idmanının müxtəlif növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar üçün nəzərdə tutulub.

Əsas zaldakı hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25 metrdir. Burada hündürlüyü 1, 3, 5, 7,5 və 10 metr olan beş pilləli suya tullanma platforması inşa edilib. Hovuzları Beynəlxalq Üzgüçülük Federasiyasının rəsmi tərəfdaşı olan İtaliyanın «Myrtha Pools» şirkəti tikib.

Su İdmanı Sarayında yarışları eyni vaxtda 6 mindən çox tamaşaçı izləyə biləcək. Bundan əlavə, sarayda əlilliyi olan tamaşaçılar, VVIP, VIP və media bölmələri inşa olunub.

Binanın dam örtüyünün bir hissəsində «SKY LİGHT» xüsusi panoram şüşə panellərindən istifadə edilib. Bu şüşə panelləri, eyni zamanda, günəş enerjisini elektrik enerjisinə çevirmək funksiyasına malikdir. Buradan əldə edilən elektrik enerjisi sarayın bəzi sahələrinin enerji təminatına yönəldiləcək.

Su İdmanı Sarayının binasında Avropa Olimpiya Komitəsinin və Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun olaraq funksional və köməkçi sahələr yaradılıb. Binada üzgüçülər üçün xüsusi məşq platformaları və avadanlığı quraşdırılan fitnes- akrobatika, ağır atletika zalları mövcuddur. Su İdmanı Sarayının ikinci zalında məşqlər üçün üzgüçülük hovuzu inşa olunub. Hovuzun uzunluğu 51, eni 20 metrdir.

Bu il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6 mindən artıq atlet idmanın 20 növü üzrə mübarizə aparacaq.

Müstəqil iqtisadçılar Azərbaycanın Avropa Oyunlarına büdcədən dolayısı ilə və birbaşa 4 milyard manatadək vəsait xərcləndiyini hesablayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG