Keçid linkləri

Təcili xəbərlər

O mahnılar daha olmayacaq...


Ramiz Mirişli
Ramiz Mirişli

-

ELƏ NƏSİL KÖÇÜR Kİ...

Bəstəkar Ramiz Mirişli də dünyasını dəyişdi. Üstündən iki gün keçsə də, bu haqda yazmaq qərarına gəldim. Təkcə ona görə yox ki, ölənin arxasınca «Allah rəhmət eləsin...» deməyi borc bilməliyik. Təkcə ona görə yox ki, bəlkə də həmin sözlər görə biləcəyimiz yeganə iş və yeganə təsəllidir... Həm də ona görə ki, Ramiz Mirişli sıradan bəstəkar deyildi...

...Bir yazıda sənətçi yaradıcılığının bütün özəlliklərini açmaq, səni yazmağa borclandıran məqamları bir-bir oxucuya çatdırmaq elə də asan məsələ deyil. Yazını musiqi və sənət sahəsində xüsusi təhsili olmayan adamın qələmə alması da bır ayrı çətinlikdir...

Amma hamımız həm də dinləyici, oxucu və tamaşaçıyıq. Elə bu yazını da yalnız o cür qəbul etmək lazımdır. Bir qeyri-peşəkarın, amma daimi dinləyicinin bir peşəkar bəstəkar haqqında ürək sözləri kimi...

Bəzən də elə olur ki, peşəkar sənət yazarının görə bilmədiyi bir detalı bir dinləyici tutur, hiss etmədiyi bir çaları duyur - bunu da qeyd etməyi vacib bilirəm.

Müstəqil dövlət və guya azad cəmiyyət qurmağa çalışdıq, amma... Amma o arxada qalan dövrün boşluğunu dolduracaq adamlar yetişdirə bildikmi?

Nəsillər həmişə dəyişir. Bu, Təbiətin və Tanrının qanunudur. Di gəl, indiki nəsil dəyişməsindən bir qədər başqa mənalar işarır: Elə adamlar dünyasını dəyişir ki, onları bütöv bir epoxa – bütöv bir dönəm yetişdirmişdi...

Az, ya çox, həmin epoxanı inkara da qalxdıq, yamanladıq da. Üstündən xətt də çəkməyə çalışdıq, adına imperiya dövrü də dedik... Əvəzində müstəqil dövlət və guya azad cəmiyyət qurmağa çalışdıq, amma... Amma o arxada qalan dövrün boşluğunu dolduracaq adamlar yetişdirə bildikmi?

Adam bu sualın cavabını tapa bilmir. Ha qovurulur, ha qıvrılırsan, ha ora, ha bura çırpırsan özünü, amma o sual dimdik dikəlir qarşında...

...Gedən və getməkdə olan nəsil qarşımızda bir sual da tutub: Bəs siz özünüz, bəli, özünüz nə etdiniz?

İndi Ramiz Mirişli haqqında yazmaq istəyirəm, amma ağlıma dərhal bir neçə ad gəlir - Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova və təbii ki, Ramiz müəllim (oxucular mənə onu belə çağırmağı rəva görərsə...).

İndiki mahnılara xitabən mən Xəyyam müəllimlə tam razıyam, bunlar həqiqətən «nəhnü-nünü»dür...

Onu yalnız TV-də görmüşdüm. Maraqlıdır, ölümündən düz bir gün əvvəl onun haqqında sənədli film göstərirdilər. Ertəsi günü eşitdim ki, Ramiz Mirişli vəfat edib...

O MAHNILAR, O MAHNILAR...

Mahnıları həmişə bizimlə idi. Mən onu tək mahnı bəstəkarı kimi tanıtmazdım. Axı mahnı janrına haçalı baxışlar var, guya bu işə böyük bəstəkarlar bir az dırnaqarası baxırlar... Hətta peşəkarlığı şübhə doğurmayan bəstəkarlarımızdan biri - Xəyyam Mirzəzadə müsahibələrinin birində bu janrı «nəhnü-nünü» adlandırmışdı. Xəyyam müəllim deyirdi ki, heç vaxt mahnı yazmağa can atmayıb, bir-iki mahnı yazıb, onu da yalnız «istəsəm, mahnı da yaza bilərəm» söyləmək üçün...

Amma hər şeyin sınağı da, çarəsi də zamandır. Yaşamaq və indi dinlədiyimiz mahnıları eşitmək lazım idi ki, bu sahənin həqiqi peşəkarlarını qiymətləndirə biləsən. Bəlkə də oxucular mənimlə razılaşmaz, amma indiki mahnılara xitabən mən Xəyyam müəllimlə tam razıyam, bunlar həqiqətən «nəhnü-nünü»dür...

...Amma bir vaxt mahnılar vardı. Onları yaradan isimləri bir az əvvəldə çəkdim. Bir daha sizi yormayacağam. Bu adlardan biri də Ramiz Mirişli idi...

Adam az qalır desin ki, ay oğul, ay qız, heç olmasa, get, bir az Teymur Əmrahdan dərs al...

İnanmıram elə bir adam tapılsın ki, onun mahnılarını sevmədiyini desin. Məndən ötrü, məsələn, hansısa mahnını mərhum Mirzə Babayev ifa edirdisə və yaxud Zeynəb xanım oxuyurdusa, bu o demək idi ki, bəli, sözün əsl mənasında dəyərli bir şey yazılıb...

HEÇ OLMASA, FLANKƏSİ DİNLƏ...

Bayaq dedim ki, bu nəsil - böyük bir dönəmin yaratdığı nəsil yavaş-yavaş bizi tərk edir. Yerinə kimlər gəlir və nə gətirir? Vallah, şəxsən mən xarici estradailə bağlı da heç vaxt «piyada» olmamışam. Amma bu «Avroviziya»larda səslənən, hətta qalib çıxan mahnılar ürəyimi açmır, qəlbimə yol tapmır... Adam az qalır desin ki, ay oğul, ay qız, heç olmasa, get, bir az Teymur Əmrahdan dərs al... Hələ sonuncu mogikanı - Flora xanımı demir və ya Yalçın Rzazadəni yada salmıram...

BU KANAL MƏNİM, O KANAL SƏNİN...

Baxıb görürəm ki, Ramiz Mirişli haqqında yazmaq istədiyim bu kiçik yazı dönüb indiki musiqimiz haqqında qeydlərə çevrildi. İndi nə var? Telekanallara baxmaq mümkün deyil. Bir cüt-iki tək müğənni düşüb, o kanal sənin, bu kanal mənim, əməlli- başlı zövqümüzə soğan doğramaqla məşğuldur... Adına da «şou-biznes» deyirlər...

Amma bu dünyadan böyük sənətkar və bəstəkarlar köçür. Onlardan biri də Ramiz Mirişli idi...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG