Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:27

Əli Həsənov: «İslamofoblar müsəlman ölkəsi kimi Azərbaycanın inkişafını həzm edə bilmir»


Əli Həsənov

Əli Həsənov

-

ANS həftəsonu efirə çıxan «Hesabat» proqramında qonaq olan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla müsahibəni yayımlayıb.

Əli Həsənov müsahibəsində qeyd edir ki, bəzi beynəlxalq dairələr «Azərbaycan tipli modern inkişaf etmiş, dünyada cəlbedicilik faktoruna çevrilmiş dövlətlərin özünü təqdim etməsini» həzm edə bilmir. Onun fikrincə, Azərbaycan bir müsəlman ölkəsi kimi dünya mədəniyyətinə töhfələr verdiyi anda beynəlxalq islamofob qüvvələrlə üzləşməli olub: «Müsəlman dünyasında onların təqdim etdiyi kimi həmişə xaos, anarxiya olmalıdır. Eyni zamanda insanlar bir-birini öldürməlidir. Nümunəvi modern müsəlman dünyası dünyada təqdir olunmamalıdır».

Əli Həsənov deyir ki, Azərbaycan böyük güclərin müsəlmanlar üçün hazırladıqları ümumi portreti pozurlar:

«Biz ümumi portreti pozuruq. Və müsəlman dünyasında da tolerant bir cəmiyyət formalaşa, nümunəvi «Eurovison» musiqi yarışması keçirə, «Eurovison» musiqi yarışmasının qalibi ola, Olimpiya səviyyəli Avropa Oyunlarına ev sahibliyi edə, Ümum Daxili Məhsulu illik 8-10 faiz arta, sivil birgəyaşayış normaları cəmiyyətdə hökm sürə bilərmiş. Müsəlman dünyasında demokratiya, insan hüquqları vətəndaş azadlıqlarının vəziyyəti eyni ilə Avropadakı kimi ola bilərmiş. Məhz mövcud reallıq onların müsəlman dünyasına aid etdiyi trafareti pozur. Və bu nöqtədən bizim onlarla ilk qarşıdurmamız bu fonda yaranır».

«QİYMƏTLƏR 3 İL QABAQ NECƏYDİSƏ, BU GÜN DƏ ELƏDİR»

Azərbaycan prezidenti idxal dərman preparatlarının qiymətlərinin baha olması ilə bağlı idxalçılara xəbərdarlıqlar edib. «Yeni Müsavat» qəzeti ölkənin iri dərman idxalçısı və daşıyıcısı olan «Avromed» şirkətinin təsisçisi, Milli Məclisin deputatı Cavanşir Feyziyevlə bununla bağlı müsahibə edib:

- Bahalığın səbəbi nədir?

- Azərbaycanda dərmanların baha olduğunu hamı təsdiqləyir, amma bunun səbəbləri müxtəlif cür yozulur. İlk növbədə Azərbaycan vətəndaşının ağlına gələn ilk fikir o olur ki, monopoliya olduğundan qiymətlər bahadır. Amma əslində belə deyil. Azərbaycanın əczaçılıq bazarında 350-yə yaxın şirkət fəaliyyət göstərir, idxalla məşğuldur. Onlardan biri «Avromed»dir. Onların içərisində həcmcə nisbətən böyük, yaxud kiçikləri var. Müqayisə üçün deyək ki, əhalisi Azərbaycandan 7 dəfə çox olan Almaniyada idxal işi ilə cəmi iki şirkət məşğul olur. 80 milyonluq Türkiyədə iki böyük, bir neçə xırda idxalçı şirkətlər var ki, onlar ancaq spesifik tibbi məhsulların idxalı ilə məşğuldur. Azərbaycanda isə bu işlə 350 şirkət məşğul olur.

Cavanşir Feyziyev

Cavanşir Feyziyev

- Ancaq daha çox «Avromed»in adı hallanır. İnhisarçı şirkətlərdən biri kimi təqdim olunur, niyə?

- Bəli, adı hallanır. Amma inhisarçılığın əlamətləri olmalıdır. «Avromed» şirkətinin özünün idxal etdiyi məhsullar ölkəmizə gətirilən məhsulların yalnız 25 faizini təşkil edir. Məsələ bundadır ki, «Avromed» dərman idxal etməklə yanaşı, həm də dərmanların apteklərə çatdırılması üçün nəqliyyat xidməti göstərir, logistika ilə məşğul olur. Bu logistika qolu təkcə «Avromed»in idxal etdiyi dərmanları deyil, eyni zamanda, bunun üçün müraciət edən bütün digər idxalçı şirkətlərin satmaq istədiyi dərman preparatlarını da sifariş əsasında apteklərə çatdırır. Ona görə də, şəhərdə gördüyünüz çoxsaylı «Avromed» maşınlarının daşıdığı sifarişlər əsasında dərman preparatlarının yalnız 25 faizini «Avromed» ölkəyə idxal edir. Qalan 75 faizi digər idxalçı şirkətlərin məhsuludur. Biz, sadəcə, onlara çatdırma xidməti göstəririk.

- Məntiq onu deyir ki, 350 şirkətin bir çoxu nəinki sizin kimi dörddə bir, heç olmasa, onda bir idxal payına malik olmalı idi. Niyə belə deyil?

- Kimsə bazarın 2, kimsə 5 faizini təşkil edir. Çünki bunların içərisində bir qismi var ki, yalnız spesifik dərmanları gətirir və s.

- Yəni, deyirsiniz «Avromed» hansısa gizli razılaşmaya getmir ki, digər hansısa şirkətlərin burdakı fəaliyyəti məhdudlaşdırılsın?

- Yox, qətiyyən. Mane olsaydıq, bazarın 75 faizinə dərmanı digər şirkətlər yox, elə «Avromed» özü gətirərdi.

ARTUR RƏSİZADƏNİN 20 QRAMLIQ «ŞƏFFAF»LIĞI

«Azadlıq» qəzeti baş nazirin «Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları»nda etdiyi dəyişikliyi şərh edib:

«Dəyişikliyə görə, «Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları»nın 2.1.10-cu yarımbəndində «və 600 ədəd siqaret» sözləri «600 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0.5 karat almaz» sözləri ilə əvəz edilib.

Foto illüstrasiya

Foto illüstrasiya

Bəli, baş nazir «taleyüklü» bir məsələni həll edib. Guya, gömrükdəki problem bundan ibarət imiş. Sanki, 600 ədəddən artıq siqaret, yaxud 20 qramdan artıq qızıl, 0.5 karatdan artıq almaz keçirmək standarta zərbə imiş. Təbii ki, bu da pul qazanmağın rəsmiləşdirilmiş formasıdır. Nəzərdə tutulanlardan artıq mal keçirəndə əlavə rüsum qoyulacaq. Eyni zamanda bu sadə vətəndaşın, xırda sahibkarın da qarşısına daş yuvarlamaqdı. Azərbaycanda xeyir işlərini zinət əşyaları olmadan təsəvvür etmək çətindir. Hər bir toy mərasimində əsas xərc zinət əşyaları ilə bağlı olur. Adamlar zinət əşyalarını xaricdən ucuz qiymətə alaraq, xərclərinə qənaət etmək istəyirlər. Guya, 20 qram əvəzinə 30 qram, 0.5 karat əvəzinə 0.8 karat olanda nə dəyişəcək? Yaxud, xırda sahibkar ölkəyə 600 deyil 800 ədəd siqaret gətirirsə bunun zərəri nədə ifadə olunur?».

«YARADILAN YENİ ŞİRKƏTLƏRİN 70 FAİZİ QONDARMADIR»

contact.az yazır ki, yaradılan yeni şirkətlərin 70 faizi qondarmadır: «Bu ilin I yarısında Azərbaycanda 1714 hüquqi şəxs yaradılıb və dövlət, bələdiyyə və özəl kommersiya şəxslərin sayı 1 aprel üçün 96.4 minə çatıb.

«Dövlətstatkom»un məlumatına görə, 3 ayda 24 dövlət, 32 bələdiyyə müəssisəsi yaradılıb, 43 dövlət müəssisəsi ləğv edilib. Bu il xarici kapitalın iştirakı ilə 147 şirkət təsis edilib.

Vergilər Nazirliyinin kommersiya hüquqi şəxslər barədə məlumatlarının analizi göstərir ki, yeni şirkətlərin 70%-i şübhəli əməliyyatlarda iştirak edən bir qrup şəxs tərəfindən yaradılır, sonradan ləğv edilir. Bu ilin I yarısında 130 subyekt, o cümlədən 87 özəl müəssisə kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılıb. Onların 17-nin kapitalında əcnəbilər iştirak edir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG