Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:36

-

Azərbaycan korrupsiyası Xədicəni susdurmaq üçün onu həbs edib.

AzadliqRadiosu əmindir ki, Xədicəyə qarşı irəli sürülən ittihamlar onun prezident ailəsinin qanunsuz biznesi haqda araşdırmalarının qisasıdır.

Oxucularımızı haqsız olaraq həbs edilmiş Xədicənin «İşdən sonra» proqramını davam etdirməyə dəvət edirik. Məhbus həmkarımızın əvəzinə «İşdən sonra»nın qonaqlarına sualları sən ver.

«İşdən sonra» proqramının suallarını bu dəfə Respublikaçı Alternativ Hərəkatının (REAL) İdarə Heyətinin üzvü Erkin Qədirli cavablayır.

- Xədicənin son verilişlərdən birində verdiyi sualla başlamaq istəyik. Erkin bəy, xatırlayırsınızsa, həmin verilişlərdən axırıncısı Ramiz Mehdiyevin AzərTAC-da dərc olunan 68 səhifəlik məqaləsinə həsr olunmuşdu. Orda Xədicə sizdən «5-ci kolon»la bağlı fikirləri soruşmuşdu. Sizin fikirlərinizdən bu yadda qalmışdı ki, «əslində bu yaxşıdır ki, kimsə siyasi kursla bağlı nə baş verdiyini artıq açıq yazmağa başlayıb». O vaxtdan 3 ay keçib. Ondan sonra Xədicə də həbs olunub, AzadlıqRadiosunun ofisi də möhürlənib. Bir çox başqa ictimai fəalların işləri ilə, o cümlədən Rəsul Cəfərovla bağlı artıq məhkəmənin hökmü var. İntiqam Əliyevlə bağlı cəza istənilib. Nə dəyişib? Həmin dövrdən sizin fikirləriniz dəyişibmi?

- Məni bu verilişə dəvət etdiyinizə və verilişi bərpa etdiyinizə görə təşəkkür edirəm. Bu, indiki şəraitdə həm AzadlıqRadiosuna ümumilikdə olan basqılar, həm də şəxsən Xədicə İsmayılın həbsi kontekstində çox vacib bir addımdır. Düz buyurdunuz, Xədicə İsmayılın həbsinə az qalmış mən o verilişdə iştirak etmişdim. O məqalə müzakirə olunanda o sözləri demişdim. Yenə də o sözümdə qalıram. Sadəcə, o vaxtdan hakimiyyət tərəfdən heç bir başqa açıq bir fikir söylənmədiyi üçün mövzu elə açıq olaraq qalır. Çünki ardı gəlmədi. Mən həmişə istəyirdim və deyirdim ki, hökumət etdiklərini açıq desin, hədəflərini açıq bildirsin. Hara getdiyini açıq söyləsin. Arada olan saxtakarlıq, müftəxorluq azalsın. Son olan məqalələri bunun kövrək addımı kimi hesab etmişdim. Yenə də hesab edirəm ki, bu, elə kövrək addım olaraq qaldı. Ardı gəlmədi. Hakimiyyətin etdiklərini açıq deməsi cəmiyyətin inkişafı üçün də lazımdır. Qoy, ola bilsin, ədalətsiz olsun, qanunsuz olsun, amma etdiyini açıq desin. Saxtalaşdırılmış arqumentlərlə, prosedurlarla, yaxud saxta adamlarla bunu ört-basdır etməsin. Ona görə mən hesab edirəm ki, o vaxtdan bu günə nə dəyişibsə, proses olaraq mənfiyə doğru dəyişib... Bu məsələnin bir tərəfi. Digər tərəfdən başqa proseslər baş verdi. Bunların ölkənin içindən qaynaqlanmayan səbəbləri var. Neftin qiyməti kəskin düşdü. İran ABŞ açılımı başladı. ABŞ-Rusiya qarşıdurması başladı. Əlbəttə, bütün bunların Azərbaycanın daxili siyasi vəziyyətinə də təsiri var və olacaq.

- Erkin bəy, Xədicənin «The Washington Post» qəzetinə həbsdən yazdığı yazılar, məqalələr vardı. Onlarla bağlı da Xədicənin adından ümumiləşdirilmiş bir sual verim. Bu həbslərin fonunda - siz də xatırlayırsınız – ABŞ dövlət katibinin köməkçi Victoria Nuland da Bakıya gəldi, Azərbaycan hökuməti ilə hər hansı dialoqdan danışılmağa başlandı ki, insan haqları sahəsində dialoq olacaq. Avropa Şurasına bənzər bir şəkildə. Eyni anda Xədicənin də həbsdən məktubları vardı ki, mənim və digər insan haqları fəallarının, hazırda həbsdə olanların bilavasitə özlərinin azadlığını alver predmetinə çevirməyin. Yəni, bu, insan haqları ilə bağlı problemi əksinə dərinləşdirir. Çünki bu günə kimi olan təcrübə göstərir ki, konkret olaraq şəxslərlə aparılan danışıqlar və ya onların sonradan əfvlə-filan azad olunması hansısa problemi həll etmir. Həm Xədicənin bu fikirlərinə, həm də onun digər yazdıqları ilə tanışsınız, bunlarla bağlı fikirləriniz necədir?

- Bu, tam doğru yanaşmadır. Hələ Xədicənin özünün həbsindən xeyli əvvəl REAL Hərəkatının sədri İlqar Məmmədov həbs olunanda da, biz eyni mövqeyi sərgiləmişdik - biz həbs üzərindən heç bir bazarlıq etmirik, heç kəslə danışığa getmirik. Bu, siyasi təqiblər cəmiyyəti susdurmaq üçün edilir. Buna görə də, kimdənsə nəsə xahiş etmək, kiməsə güzəştə getmək niyyətimiz yoxdur. Əfvlə bağlı İlqar Məmmədovun da özünün mövqeyi var ki, siyasi iddiası olmayanlardan kim istəyir yazsın, siyasi iddiaları olan insanların bunu etməsi doğru deyil. Bu baxımdan, Xədicə İsmayılın həmin o çağırışı tam doğru mövqedir. Biz də bu mövqenin tərəfdarıyıq. Hər vacib siyasi proseslər öncəsi, məsələn seçkilər kimi, bir neçə adam həbs olunur, bu, beynəlxalq təşkilatlarda, mediada tənqidlər doğurur. Sonradan da bazarlama başlayır. Hökumət bu işin ustasıdır. Buna son qoyulmalı idi. Həbsdə olanlar belə mövqedədirsə, bizim də o sözün üstünə başqa bir söz deməyimiz əlavə güc gətirir.

- «Facebook» istifadəçilərimizin suallarına keçək. İlham Kərimli REAL-ın qarşıdakı fəaliyyəti və İlqar Məmmədovun səhhəti haqqında məlumat almaq istəyir.

- İlqar Məmmədovun səhhəti yaxşıdır. Özü də yaxşıdır, ruh yüksəkliyi var. Hər şeydən də xəbəri var. Həm bütün açıq mənbələrdən xəbərlər ala bilir, özünün də təhlil bacarığı çox yüksəkdir. Hətta bəzən bizim azadlıqda gəlmədiyimiz nəticələri o bizə oradan məsləhət verir. REAL-ın planlarına gəldikdə, iki prosesi paralel aparırıq. Bir tərəfdən partiya quruculuğu, bu il seçki ili olduğu üçün biz partiya quruculuğumuzu həm də seçkilərə hazırlıqla əlaqələndiririk. Biz seçkilərə qədər qeydiyyata alınsaq bir cür, qeydiyyata alınmasaq başqa cür davranacağıq.

- İsmayıl Nurun sualı bu idi ki, ümumiyyətlə, qəti qərar var ki, REAL seçkilərdə iştirak edəcək?

- Bəli. REAL parlament seçkilərinə gedəcək. Biz boykot söhbətlərinə qatılmırıq. Siyasətə girib seçkiləri boykot etmənin heç bir anlamı yoxdur. Biz seçkilərin necə keçirildiyini bilirik. Amma partiyanın işi budur, seçkilərdə iştirak etməlisən, seçicinin qarşısına çıxmalısan. Eyni zamanda fərdi olaraq uğurlu namizəd seçimimizi də davam etdiririk.

- Rizvan Axundovun sualı belədir: Qarabağ problemini həll etmək üçün nəyimiz çatmır və ya siz prezident olsaydınız, Qarabağ probleminin həllinə nədən başlayardınız?

- Qarabağ problemi indiki hökumətin yaratdığı problem deyil. Ona görəmüxalifətdə ola-ola bu məsələdə iqtidarın üstünə çox getmirik. Populist vəd versək ki, prezident olsaq iqtidardan fərqli olaraq Qarabağ problemini həll edəcəyik, bu, çox böyük məsuliyyət olar. Ona görə də, bu mövzuda çox ehtiyatlı davranırıq. İqtidarın gördüyü doğru olmayan işləri də görürük. Ordu quruculuğu olsun, müttəfiqlərlə yaxınlaşmama kimi məsələlər var. Biz bu məsələlərdə bəzi dəyişiklikləri gətirə bilərik. Biz Qarabağı almaq üçün cəmiyyətimizi, onun bütün institutlarını gücləndirməliyik. Qarabağ münaqişəsinin faydasını görən güclər var. O güclərlə işi necə qurmaq lazımdır, o tamam başqa bir mövzudur.

- Humay Ağayeva yazır ki, Avropadan bir xeyir görmədik, üzümüzü Şərqə tutsaq nə qazanacağıq, nə itirəcəyik?

- Bizim Qərbə yaxınlaşmağımızın əsasları var. Çünki biz bu coğrafiyada başqa imperial güclər tərəfdən sıxılmış vəziyyətdəyik. Biz Rusiyanın, İranın müstəmləkəsi olmuşuq. Bizim müstəqilliyimizə təhlükə gələcəksə, bu iki mərkəzdən birindən, ya da hər ikisindən gələcək. Məsələn, Amerika gəlib bizi öz ərazisinə qatmayacaq ki! Amerikanın təsiri altına düşsək də bu, yəqin ki, ticari, iqtisadi, hərbi, texnoloji və başqa sahələrdəki əməkdaşlığın nəticəsində olacaq. Amma müstəqilliyimizə nəinki zərbə dəyməyəcək, əksinə, müstəqilliyimiz güclənəcək.

- Son vaxtlar Azərbaycanda sosial şəbəkələrdə və Azadıq Radiosunun forumlarında eyni adamlar müxtəlif imzalarla yazır. Buna Rusiyada da tez-tez rast gəlinir. Orada bununla bağlı xüsusi idarənin yaradıldığını da gizlətmirlər. Azərbaycanda da belə bir problem varmı?

- Mən olduğunu istisna etmirəm, amma sübutum da yoxdur. Gördüyüm odur ki, çox güman ki, bu var. Hərdən internetdə, «facebook»da mütəşəkkil hücumları görürsən. Qarşıma çıxanları blok etmişəm, həll yolunu bunda görmüşəm.

- Sizə gələn suallar içərisində fikir müxtəlifliyi var - sizin dediyiniz insan haqları dəyərlərini, Xədicənin araşdırmaları ilə bağlı mövqeyinizi bölüşənlər də var, əksinə, buna inanmayanlar da. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Doğrusu, mən buna səmimi inanmayan adam görməmişəm. Bir var internetdə yazasan ki, tutulan adamlara əcəb olub, onların yeri elə oradır, bir də var açıqda, göz-gözə bunu deyən görməmişəm. Rəsmi ittihamlarda da heç bu yoxdur. Hansı ermənilərə işləməkdə ittiham olunur? Düzdür, Leyla Yunusa, Arif Yunusa, Rauf Mirqədirova bu ittiham irəli sürülüb. Başqalarında nə casusluq, nə də xarici qüvvəyə işləmək ittihamı yoxdur. İnsan haqlarına, onun ideyasına qarşı çıxan adamlar nə təklif edirlər? Özləriylə də bu cür rəftar edilməsinə haqq qazandırmağa hazırdırlarmı? Onlardan soruşmaq lazımdır ki, istəyərsənmi ki, bir gün sənin də cibindın narkotik çıxarsınlar? Bu məsələdə dirəşənlərin səmimiyyətinə inanmıram. Onlar sadəcə, küy yaradırlar və özləri küyə düşüblər. İqtidarın əlində informativ üstünlük var. Məzmun yarada bilməsələr də, küy yarada bilirlər. Küy yaradırlar, sonra bu, tirajlanır, troll effekti yaranır.

- «Co Vayder» imzalı dinləyici yazır ki, Xədicə xanım neçə min verməlidir ki, içəridən çıxsın?

- Korrupsiyalaşmış sistem olduğu üçün insanların çoxu elə bilir ki, pul hər şeyi həll edir. Siyasi məhbusların işində nə tapşırıq keçir, nə də pul. Çünki onlar çox yüksək səviyyədə siyasi tapşırıqla həbs olunmuş adamlardır. Yəqin ki, istehza ilə verilmiş sualdır.

- Cavidan İbrahimov yazır ki, niyə 46 ildir Əliyevlər hakimiyyətdədir?

- Struktur fürsətləri belə olub ki, bu hakimiyyət belə uzun sürüb. Burda həm coğrafi məsələlər var, həm də iqtisadi məsələlər. Həm xarici dəstək məsələsi var, həm daxildə buraxılmış yanlışlıq, müxalifətin yanlışlığı var, müharibənin nəticələri var. Hakimiyyətdə qalmalarının səbəbləri var. Bu, elə-belə deyil ki, bunlar oturublar, ağılsız, bacarıqsız insanlardır. Yox, ağıllıdırlar, bacarıqlıdırlar, sadəcə, bacarıqları buna çatır. Hələlik fürsətlər də bu cür davranmağı tələb edir, onların dar mənafeləri baxımından. Ona görə də, bu hakimiyyət bu dərəcədə uzun müddət qala bilib.

- Hüseyn Alxaszadə yazır ki, Azərbaycanda işsizliyin həddi niyə belə çoxdur?

- SSRİ-də yeganə işəgötürən tərəf dövlət idi. Dövlət yox oldu, zavodlar, fabriklər bağlandı. Bizdə ətalətlə davam edir. Dağılmış təsərrüfatın yerində yeniləri yaranmadı. Yarananlar da inhisara alındı. Ona görə də, sahibkarlıq çevrəsi bizdə güclənə bilmədi. Davamlı inkişaf edən iqtisadiyyatlarda iş yerini normalda sahibkarlar açır. Bizdə də sahibkar çevrəsini nə günə saldıqları aydındır. İnsanların xeyli hissəsi Rusiyaya getdi, çünki burada qazanma imkanları yoxdur, qapadılıb. Təkcə istehsalla yox, idxalla məşğul olmaq istəyən sahibkarların da əl-qolu bağlıdır. Dövlət büdcəsindən 1 milyona yaxın adam maaş alır. Bu, çox böyük rəqəmdir. Hökumət bundan da artığını edə bilməz. Amma özəl sahələrdə də iş yerlərinin açılması üçün fürsət yaratmır. Ona görə də, vəziyyət budur.

- Süleyman Quliyev soruşur – Azərbaycanda futbol niyə inkişaf etmir?

- Azərbaycanda futbolu sevirlər. Ancaq futbol oynaya bilməməyimizin səbəbləri çoxdur. Uğurlu futbol örnəkləri sərgiləyən ölkələrin təcrübəsinə baxsanız, görəcəksiz ki, orada çox güclü uşaq futbol məktəbləri var. Bizdə bu olmayıb. Daxili çempionatımız çox zəifdir. Onun maliyyələşməsi şübhəli korrupsiya sxemlərindən keçir. Milli oyunçularımız yetişmir. Tez və keçici uğur qazanmaq üçün komandaların sahibləri daha çox xaricdən oyunçu gətirməyə üstünlük verir. Gətirdikləri oyunçular da bizim çempionatdakı daxili rəqabəti nəzərə alaraq heç də böyük ulduzlar olmur. Başqa sahələrdə rəqabət olmadığı kimi, idmanda da sağlam rəqabətin olmaması futbolumuzun durumunu bu hala salıb. Amma onu da nəzərə almaq lazımdır ki, futbol tez bəhrə verən bir şey deyil. Uzunvədəli proqramlar, yatırımlar olmalıdır. «Manchester United» futbol məktəbi açıb, «Barcelona» məktəbini açır. Gözəl təşəbbüslər var. Ancaq daha çox işlər görülməlidir.

Şərhləri göstər

XS
SM
MD
LG