Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:48

-

«Nə sığorta? Sığorta nədir? Bütün Bakını gəzin, görün kimsə əmlakını sığortaladıb? Heç böyük villası olanlar belə sığortalı deyil».

Bir neçə gün öncə Bakıda yanmış binanın sakini Zülfiyyə İsmayılova belə deyir. Aprelin 10-da Xətai rayonunda, «Nargilə» kafesinin yaxınlığında 9-mərtəbəli yaşayış binasının 60 mənzili əşyaları ilə birlikdə yanıb. Zülfiyyə İsmayılovanın mənzili kimi, digərlərinin də əmlak sığortası olmayıb. Düzdür, həmin binada yanğın sakinlərin günahından baş verməyib. Ona görə də, dəymiş ziyanı sakinlər qarşılamayacaq. Amma gəlin bir anlıq təsəvvür edək... Bina sakinlərin təqsirindən yansaydı, nə olardı?

Yanğına baiskar 60 mənzili təmir etdirə, əşyaları ala biləcəkdimi? Yoxsa, 60 ailə küçədə qalacaqdı?

GÖZLƏNİLMƏZ VƏ BƏDBƏXT HADİSƏLƏRDƏN SIĞORTALANMA...

İnkişaf etmiş, hətta inkişaf etməkdə olan ölkələrdə vətəndaşlar özlərini ən kiçik gözlənilməz hadisələrdən belə sığortalayır. Yaddan çıxıb evdə su kranını açıq qalıbsa və ya küçədə saxladığınız avtomobilin üstünə ağac düşüb zədələnibsə, ya da uzun yola səyahətə çıxıb, yarı yolda avtomobil nasazlayıbsa – bütün bu kimi gözlənilməz hadisələr baş versə, zərəri sığorta şirkətləri ödəyir. Təbii ki, əmlak, həyat, tibbi sığortalar da öz yerində.

Bəs, Azərbaycanda kim, nədən sığortalana bilər?

Azərbaycanda 27 sığorta şirkəti var. Onlardan biri dövlətindir. Ən çox yayılmış sığorta növü avtomobil sığortasıdır. Amma xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da sığortaların saysız növləri var. İctimai nəqliyyatda çantanız oğurlansa və ya evinizə oğru girsə, oğurluq sığortanız varsa, dəymiş ziyanı sığorta şirkəti ödəyir. Oğurluq sığortasından başqa, kredit risklərinin, şüşə sınması, heyvanlarla bağlı da sığorta növləri var.

İMKANZILIQ, BAHALI SIĞORTA?

Azərbaycanda vətəndaşlar özlərini və əmlaklarını sığortalamağa niyə meylli deyil? İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna müsahibələrindən birində bu mövzuya da toxunub. Bildirmişdi ki, əvvəla bunun əsas səbəbi maddi imkansızlıqdır. Çünki orta aylıq maaşı 450 manat olan Azərbaycanda vətəndaşlar əlavə sığortaya pul ödəməyə meyl etmirlər. Natiq Cəfərlinin fikrincə, ikinci səbəb də sığortaların baha olmasıdır. Digər bir səbəbsə sığorta bazarındakı özbaşınalıqdır:

Natiq Cəfərli

Natiq Cəfərli

«Götürək avtomobil sığortalarını. Az qala hər kəs sığortanı almaqda problemlərlə üzləşir. Şirkətlər o qədər dolaşıq və aydın olmayan şəkildə şərtlər irəli sürürlər ki, axırda zərərçəkmiş get-gəldən bezib sığortanı özü ödəməyə məcbur qalır».

Azərbaycanda bu sahəni Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti tənzimləyir. Xidmətin saytında yazılır ki, bütün şikayətlər, təkliflərlə qanunvericiliklə bağlı məsələlər araşdırılır.

Saytda sual-cavab forumu da yaradılıb.

Dövlət Sığorta Nəzarəti Xidməti aprelin 6-da vətəndaşlardan daxil olan şikayətlərin araşdırılması ilə bağlı komissiya yaradıb. Həmin komissiya sığortaların keyfiyyəti, ödənməsi və digər məsələləri araşdıracaq.

3 AYDA 135 MİLYONLUQ SIĞORTA HAQQI ÖDƏNİB

2015-ci ilin ilk 3 ayında sığorta şirkətlərinə azı 135 milyon 803 min manatlıq haqq ödənib, şirkətlərsə haradasa 35 milyon 749 milyon sığorta ödəyiblər.

Ötən üç ayda ən çox sığorta ödənilən şirkətlərin ilk beşliyi aşağıdakı kimidir.

- «Paşa Sığorta» ASC – 29 milyon 195 min 603 manat

- «Paşa Həyat Sığorta» ASC - 14 milyon 34 min 470 manat

- «Atəşgah» Sığorta ASC - 12 milyon 630 min 287 manat

- «Atəşgah Həyat» Sığorta ASC - 13 milyon 591 min 112 manat

- Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti - 8 milyon 291 min 66 manat

Ən çox sığorta ödəyən top beşliyə daxil olan şirkətlər...

- «Paşa Sığorta» ASC – 6 milyon 638 min 114 manat

- «Atəşgah Həyat» ASC - 3 milyon 739 min 180 manat

- «Atəşgah» Sığorta ASC – 3 milyon 680 min 352 manat

- «AXA MBASK» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti - 2 milyon 879 min 512 manat

- Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti - 2 milyon 718 min manat

Sığortalar könüllü və icbaridir. Yuxarıda adları çəkilən sığortaların bəziləri vətəndaşların seçimindən asılıdır. İstəsələr, özlərini və əmlaklarını sığortaladarlar. Amma tibbi sığorta icbari və könüllü ola bilər. Azərbaycan az ölkələrdəndir ki, vətəndaşlarının icbari tibbi sığortası yoxdur. Buna görə də tez-tez kiminsə müalicəsinə pul yığımı ilə bağlı elanlar gözə dəyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG