Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:20

Türkiyədə paranoya və qütbləşmə


Prokuror Mehmet Selim Kiraz-ın girov götürülməsi - 31 mart 2015

Prokuror Mehmet Selim Kiraz-ın girov götürülməsi - 31 mart 2015

-

«The New York Times» qəzetində Mustafa Akyol martın 31-də İstanbulda prokuror Mehmet Selim Kiraz-ın öldürülməsindən yazır. Müəllifin fikrincə, bu qətl millətin prezident Recep Tayyip Erdoğan-ın tərəfdarları və opponentləri arasında ikiyə bölünməni daha da dərinləşdirdi.

«Türkiyədə solçu-sağçı bölgüsü, Qərbdə olduğu kimi, təkcə iqtisadi sinfə əsaslanmır, daha çox təriqət bölgüsünə söykənir. Sünnilərin çoxu islamçı və ya millətçi «sağ»da, azlıqda olan ələvilər isə dünyəvi və inqilabi «sol»da yer alır».

Prokuroru öldürənlərin mənsub olduğu DHKP-C partiyasının tərəfdarları əsasən İstanbulun ələvi məhəllələrində yaşayan radikal gənclərdir. Bu partiya ideoloji və təriqət baxımından Suriyanın Bashar al-Assad rejiminə rəğbət bəsləyir. Türkiyə hökuməti isə Assad-a qarşı müxalifətin əsas tərəfdarıdır.

«Bu, o deməkdir ki, hakim AKP və liderləri Türkiyədə təriqət gərginliyi ilə diqqətli davranmalıdır. Cənab Erdoğan bəzən məzhəb alovlarını söndürməyə cəhd edir. Bu yaxınlarda İrana səfəri zamanı deyib ki, onun üçün sünni ya şiə, fərq eləmir, o, müsəlmanlar, insanlardan narahatdır».

«Ancaq bəzən də, özəlliklə seçki kampaniyası zamanı Erdoğan bazasını möhkəmləndirmək üçün sünni-ələvi bölgüsündən faydalanıb. Ötən ilin martında keçirilən yürüşdə Gezi etirazlarında öldürülmüş Berkin Elvan-ı və ailəsini terrorçu adlandırıb». (Elvan ələvilərdəndir – red.)

«Erdoğan ritorikasının ən böyük problemi odur ki, bütün opponentlərini və tənqidçilərini onu devirməyi hədəfləyən qlobal sui-qəsd planının girovları sayır. Prokuror Kiraz-ın ölümündən sonra aparılan hökumət təbliğatı da bu aqressiv siyasi paranoyyanın bir nümunəsidir. Qətldən bir gün sonra qəzetlər terrorçuların prokurorun başına silah dirədiyini göstərən fotonu yaydı. Hökumət bunu «terrorçu təbliğatı» adlandırdı. Bir sıra qəzetlərə cinayət işi açıldı, ancaq hökumətyönlü qəzetlərlə işləri olmadı. Bir neçə gün sonra isə bu fotonu bəhanə edərək Twitter və YouTube-a girişi qısa müddətə bağladılar».

Türkiyə və Ermənistan bayraqları

Türkiyə və Ermənistan bayraqları

TÜRKİYƏ VƏ ERMƏNİSTAN: SAĞALMAQ VAXTI ÇATIB

«Heç nə indini keçmiş kimi qızışdırmır. Papa Francis ermənilərlə bağlı «birinci soyqırımı» dedi və Türkiyə Vatikandakı səfirini geri çağırdı. Həll olunmaq əvəzinə ədavət daha da qızışır. Bu savaş türklər və ermənilərə heç nə vermir, heç qurbanların bir əsrlik xatirəsinə də». Bunu «Economist»də oxuyuruq.

«Mübahisəyə vacib milli maraq kimi baxmaq əvəzinə Türkiyə hökuməti millətçi tələsinə yuvarlanır. Əvəzində keçmiş günahlarını boynuna almalıdır. Britaniya, Almaniya və Rusiya kimi etiraf ediləsi çox şey var. Türkiyə keçmişdə təkcə erməniləri deyil, assuriyalıları, yunanları və kürdləri deportasiya edib və ya öldürüb. Ancaq qürur yerləri də çoxdur. Osmanlı İmperiyası yəhudilər daxil olmaqla etnik azlıqlara Avropanın qalan yerlərindən daha tolerant yanaşıb».

Müəllif bu gün də Türkiyə hökumətinin azlıqlarla münasibətdə irəliləyiş əldə etdiyini vurğulayır. Ancaq bu yaxınlarda prezident Erdoğan daha millətçi, islamçı və avtokratik xətt tutmağa başlayıb. Bu, nəinki qonşuları ilə münasibətlərini, həmçinin Türkiyənin Qərbyönümlü etibarını qoruyub saxlamasını çətinləşdirir.

«Sıravi ermənilər üçün 1915-ci il hadisələrinin 100 illiyində ən uyğun ideya müqəddəs Ararat dağına və qədim Ani şəhərinə çıxış əldə etmək olardı. Hər iki məkanı Türkiyə bağlayıb. Türkiyə üçünsə ən yaxşı tarixi qələbə Ermənistanla münasibətlərin yaxşılaşdırılması olardı».

Moskva hospitalı

Moskva hospitalı

RUSİYANIN SƏHİYYƏ SİSTEMİ YAVAŞ-YAVAŞ ÖLÜR

«The Moscow Times» yazır ki, Rusiyada hakimiyyət səhiyyə sistemini müasirləşdirmək, optimallaşdırmaq istəsə də, tibb xidməti özəlliklə də kənd yerlərində əhalinin böyük hissəsi üçün əlçatan deyil: həkimlərin iş yükü çoxalır, əvəzini xəstələrdən çıxırlar; xəstəxanalarda ölüm halları artıb; həkimlər kağız-kuğuz işi ilə çox yüklənib.

2005-ci ildən 2013-cü ilədək kənd yerlərində səhiyyə obyektlərinin sayı 75 faiz azalıb – 8 min 249-dan 2 min 85-ə düşüb. Bölgə xəstəxanalarının sayında 95 faiz azalma var. Hesablama Palatasının hesabatında göstərilir ki, xəstəxana çarpayılarının, həkimlərin sayında da düşmə var.

Rusiyanın səhiyyə rəsmilərinin isə, deyəsən, bu reallıqdan xəbərləri yoxdur. Səhiyyə naziri Veronika Skvortsova bir neçə gün əvvəl prezident Vladimir Putin-ə optimallaşdırmanın nəticələrini sevincək təqdim edib. O, 2015-ci ildə səhiyyəyə qoyulan vəsaitin 4 milyard dollar artdığını bildirib.

«Rəsmilər və həkimlər Rusiyada səhiyyə sisteminin «müalicəsi» üçün qarşılıqlı dialoq qura bilməyiblər. Talelərini hökumətə bağlamaq istəməyən həkimlərsə öz mənbələrinə güvənir, bəzi xəstəxanalar özünü ianələr hesabına saxlamağa cəhd edir».

Günün bütün mövzuları

XS
SM
MD
LG