Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:22

Səməd Seyidov: «Avropalı deputatları ədalətli olmağa çağırırıq»


Səməd Seyidov

Səməd Seyidov

-

«Avropalı deputatları xalqların tarixi və taleyi ilə bağlı məsələlərdə ədalətli olmağa və həssaslıq nümayiş etdirməyə çağırırıq».

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov belə deyir.

O, Avropa Parlamentinin «erməni soyqırımı» mövzusunda qətnamə qəbul etməsi ilə əlaqədar bəyanatla çıxış edib.

«REALLIQDAN UZAQ, QEYRİ-CİDDİ...»

Məlumatı Milli Məclisə istinadən apa yayıb. Bəyanatda deyilir:

«Aprelin 15-də Avropa Parlamentində qondarma «erməni soyqırımı» ilə əlaqədar qəbul edilmiş qətnamə bizdə dərin təəssüf hissi doğurdu. Biz bu sənədi reallıqdan uzaq, qeyri-ciddi və ikili standartların bariz nümunəsi kimi dəyərləndiririk. Belə hesab edirik ki, bu sənəd Avropadakı erməni lobbisinin təsiri altında olan, Türkiyəyə və Azərbaycana qarşı qərəzli mövqeləri ilə seçilən dairələrin təsiri və təşviqi ilə qəbul olunub».

Millət vəkili Avropa Parlamentinin bu addımını Qərbdə, o cümlədən Avropa Parlamentində mövcud olan ikili standartların və islamofobiya əhval-ruhiyyəsinin bariz nümunəsi adlandırıb və bildirib ki, bu, ilk belə hal deyil:

«Ən yeni tariximizdə Xocalıda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktına, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş 1 milyondan çox insanın hüquqlarının pozulmasına biganə qalan bu siyasətçilərin belə qeyri-ciddi davranışı təəccüb doğurur. Əslində müstəqil Azərbaycanın təcrübəsində ölkə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə hazırlaşdığı ərəfələrdə biz bu cür addımların dəfələrlə şahidi olmuşuq. Bakıda keçirilmiş «Eurovision» mahnı yarışması, indi isə Birinci Avropa Oyunları ərəfəsində bu hallar təkrarlanmaqdadır».

«BƏRABƏRHÜQUQLU ƏMƏKDAŞLIQ ETMƏYƏ HAZIRIQ, AMMA...»

Səməd Seyidov bildirib ki, Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən Avropa Şurası və Avropa Parlamenti ilə bərabərhüquqlu əməkdaşlıq etməyə hazırdır. Ancaq:

«Bu təşkilatların fəaliyyətindəki ikili standartlar bu xoş niyyəti kölgə altına alır. Biz bir daha avropalı deputatları xalqların tarixi və taleyi ilə bağlı məsələlərdə ədalətli olmağa və həssaslıq nümayiş etdirməyə çağırırıq».

Avropa Parlamenti aprelin 15-də qəbul etdiyi qətnamədə 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin qətlini «soyqırımı» adlandırıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi buna dərhal münasibət bildirib. Nazirlik qətnaməni «əsassız, qərəzli və ikili standartların bariz nümunəsi» adlandırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG