Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:10

Prezidentlə görüşmüş xarici müxbirlər nə yazırlar?


«Ekspertlərin çoxu keçmiş SSRİ-nin ilk sülaləsinin sürəkli olacağına şübhə edirdi»
«Ekspertlərin çoxu keçmiş SSRİ-nin ilk sülaləsinin sürəkli olacağına şübhə edirdi»
Moskvada akkreditə olunmuş 10-a yaxın xarici jurnalistlə Azərbaycan prezidenti İlham Əliyevin görüşündən sonra hələlik AFP və «Christian Science Monitor» («CSM») materiallar hazırlayıb. Geniş abunəçi və oxucuları olan bu media orqanının hər ikisinin müxbirləri təkcə prezidentdən eşitdiklərini yox, ölkədə gördüklərini də qələmə alıblar.

Bu yazılarda prezident İlham Əliyevin şəxsi keyfiyyətləri haqda müsbət notlar yer alsa da, ölkədə korrupsiya, şəxsiyyətə pərəstiş, regionların ağır sosial vəziyyəti də təsvir olunur.



«Əgər Azərbaycanda sizə kiminsə göz qoyduğunu hiss edirsinizsə, bu illüziya deyil. Ölkənin mərhum prezidentinin şəkilləri meydanlardan, ofislərdən, hətta ucqar dağ yollarından sizə baxır»
AFP-in müxbiri Dario Tyubyurn yazısına belə başlayır: «Əgər Azərbaycanda sizə kiminsə göz qoyduğunu hiss edirsinizsə, bu illüziya deyil. Ölkənin mərhum prezidentinin şəkilləri meydanlardan, ofislərdən, hətta ucqar dağ yollarından sizə baxır».


«Bu, şəxsiyyətə pərəstişdirmi» sualına isə «Heydər Əliyev» Fondunun möhtəşəm binasında müxbirin rastlaşdığı kurator belə cavab verir: «Siz nə danışırsınız? O, Azərbaycanı demokratiya yoluna çıxarıb».


Müxalifət İlham Əliyevin hakimiyyəti saxlamasına mane ola bilməsə də, onu zəif sayır. AXCP lideri Əli Kərimli onu Heydər Əliyevlə belə müqayisə edir: «Onun o cür liderlik qabiliyyəti yoxdur, o cür xarizması yoxdur».


Müxalifət liderlərinə görə, İlham Əliyev zəifdir və atasının kölgəsində, mühafizəkar rejimin köməyi ilə çalışır. Korrupsiya içində olan iqtisadiyyat isə neft gəlirlərinin hesabına ayaqda durur.


İlham Əliyev isə Prezident Aparatında xarici jurnalistləri qəbul edərkən deyib: «Bu gün bizim Azərbaycanda gördüyümüz odur ki, özlərini hökumətimizə müxalifət adlandıranlar tam iflas olublar. Bu, tam iflas və onların tarixinin sonu deməkdir».


Müxbir Prezident Aparatına girəndə gözünə dəyən bir detalı da qeyd edir: «Mərmər haşiyəli giriş zalında Heydər Əliyevin büstü ucaldılıb. Düz vaxtilə Leninin büstü olan yerdə».



«Atası...Heydər Əliyevin ölümündən sonra Əliyev tək-tük beynəlxalq müşahidəçinin azad və ədalətli saya bildiyi seçkidə paraşütlə prezidentliyə atıldı. Ekspertlərin çoxu keçmiş SSRİ-nin ilk sülaləsinin sürəkli olacağına şübhə edirdi»
Jurnalist yenidən «Heydər Əliyev» Fondunda – mərmərdən tikilmiş fontanla, palmaağacları və çilçıraqla bəzədilmiş əzəmətli binada Heydər Əliyevin çoxsaylı fotoşəkillərindən biri qarşısındakı söhbətə qayıdır. Bu şəkildə gülümsəyən kiçik Heydər İlham Əliyevin yeganə oğludur. «O, Azərbaycanın gələcək prezidenti ola bilərmi» sualına, Fondun kuratoru gülərək belə cavab verir: «Bunu yalnız zaman göstərəcək».


«Christian Science Monitor»un müxbiri Fred Ueyr İlham Əliyevin bir şəxs olaraq onda müsbət təəssüratlar oyatdığını vurğulayır. Onu yaddaqalan, xarizmatik bir fərd kimi dəyərləndirən Ueyr, prezidentin heç bir sualı cavabsız qoymamasını, doğma dilləri olmayan ingiliscə və rusca arasında sərbəst gəzişdiyini, belə qabiliyyətin tək-tük liderə nəsib olduğunu vurğulayır. Neft gəlirləri hesabına ölkənin yaxşıca varlandığını qeyd edir. Prezident bu gəlirlər hesabına sosial və iqtisadi problemlərin həll olunacağını deyir. Amma ölkədəki vəziyyətə və hökumətin siyasətinə gəlincə, müəllif burda durumun ağır olduğunu yazır: «Azərbaycan dünyanın ən çox korrupsiyalaşmış ölkələrindəndir. Tənqidçilər narahatdırlar ki, hökumət bu qədər gəliri idarə etməyə pis hazırlaşıb».


Qəzet də 2003-cü il prezident seçkisinə toxunur. Amma obrazlı ifadə ilə: «Atası...Heydər Əliyevin ölümündən sonra Əliyev tək-tük beynəlxalq müşahidəçinin azad və ədalətli saya bildiyi seçkidə paraşütlə prezidentliyə atıldı. Ekspertlərin çoxu keçmiş SSRİ-nin ilk sülaləsinin sürəkli olacağına şübhə edirdi». Amma müəllifə görə, İlham Əliyev atasının didişən komandasının ağzını yığa bildi və həm Rusiya ilə, həm də Qərblə dostlaşdı: «Prezidentin kabinetindən görsənən paytaxtda gurhagur tikinti gedir, şəhər qaynayır. Amma paytaxtdan qıraqda qaz və sudan korluq çəkən, kanalizasiyanın nə olduğunu bilməyən nə qədər desən koma var. İnsan haqları fəalları bu sahədə də bərbad vəziyyət görürlər. Nyu-Yorkdakı «Human Rights Watch» Azərbaycan hökumətinin müxalifəti və vətəndaş cəmiyyəti qurumlarını əzməkdə, tənqidi boğmaqda böyük səriştəsi olduğunu bildirir».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG