Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:42

Prezidentdən təklif - başqa ölkənin vətəndaşlığını qəbul edənlər cəzalandırılacaq


.

Prezident İlham Əliyev xarici ölkə vətəndaşlığını gizli qəbul edən Azərbaycan vətəndaşlarının məsuliyyətə cəlb edilməsi ilə bağlı Milli Məclisə təklif verib.

Təklifə əsasən, xarici ölkə vətəndaşlığını qəbul edən şəxs Azərbaycanın müvafiq icra orqanlarına bir ay ərzində məlumat vermədiyi halda məsuliyyətə cəlb olunacaqlar.

Bu əmələ görə, 3 min manatdan 5 min manata qədər cərimə, və ya 360 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırma nəzərdə tutulur.

Bu təklif nədən xəbər verir? Əgər təsdiq olunarsa, bunun hansı ziyanlı və ya xeyirli tərəfləri olar?

Hüquqşünas Müzəffər Baxışov deyir ki, bu təklif 2014-cü ildə qəbul olunan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna əsasən irəli sürülüb:

“HEÇ BİR HÜQUQİ ƏSASI YOXDUR”

"“Azərbaycan Respublikasının vətəndaşlığı haqda" qanun 1998-ci ildə qəbul olunmuşdu. 2014-cü ildə Konistitusiyaya zidd olaraq vətəndaşlıq haqqında qanuna dəyişikliklər edildi. Dəyişiklikdə qeyd olunur ki, xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı 1 ay müddətində müvafiq icra orqanı, yəni miqrasiya xidmətinə yazılı müraciət etməlidir. Dəyişiklikdə nəzərdə tutulurdu ki, belə şəxslər məsuliyyət daşımalıdırlar. Cinayət Məcəlləsində isə belə bir maddə yox idi ki, həmin şəxslər məsuliyyətə cəlb olunsun. İndi verilən təklif bu maddənin Cinayət Məcəlləsinə salınmasını istəyir.

Hələ 2014-cü ildə bu qanun müzakirə olunanda ciddi tənqidə məruz qaldı. Çünki, belə bir müddəanın qəbul olunması üçün heç bir hüquqi əsas yox idi. Deyək ki, mən, Müzəffər Baxışov oldum Rusiya vətəndaşı. Burada Azərbaycan vətəndaşı nə ziyan çəkdi ki, məni də məsuliyyətə cəlb etsinlər”?

Hüquqşünas bildirir ki, bu təklifin qəbul edilməsi hakimiyyətin arzu etmədiyi şəxslərin Azərbaycana qayıtmasına əngəl törədəcək:

“Bu həm də mövcud hakimiyyətin arzulamadığı şəxslərin bir də Azərbaycana qayıtmamasına xidmət edəcək. Əgər, kimsə xarici ölkə vətəndaşlığını qəbul etməsi haqda məlumat verməyəcəksə, Azərbaycanda onun haqda cinayət işi açılacaq. Həmin şəxs axtarışa veriləcək, Azərbaycana qayıdan kimi məsuliyyətə cəlb olunacaq. Bu qanun əvvəl xarici ölkə vətəndaşlığı qəbul etmiş şəxslərə şamil olunmayacaq. İrəli sürülən təklif Milli Məclisdə qəbul olunandan, prezident tərəfindən təsdiq olunandan sonra qüvvəyə minəcək. Nə vaxt qüvvəyə minəcəksə, həmin vaxtdan sonra başqa ölkənin vətəndaşlığını qəbul edənlərə şamil olunacaq”.

VƏTƏNDAŞLIĞI İTİRMƏK TƏHLÜKƏSİ...

Müzəffər Baxışov deyir ki, bu həm beynəlxalq konvensiyaya, həm də Azərbaycan Konstitusiyasına ziddir:

“Həm qəbul olunmuş beynəlxalq konvensiyalar, həm də Azərbaycan Konstitusiyasının 53-cü maddəsinə görə, şəxs başqa ölkənin vətəndaşlığını könüllü qəbul edərsə belə, Azərbaycan Respublikasının vətəndaşı olaraq qalır. Digər bir tərəfdən 2014-cü ildə qəbul olunan dəyişikliyə əsəs verir ki, belə bir qanun da qəbul edə bilərlər ki, digər ölkənin vətəndaşlığını qəbul edənlərin Azərbaycan vətəndaşlığı itirilir. Bu Konstitusiyay ziddir. Konstitusiyada yazılıb ki, heç bir şəxs Azərbaycan vətəndaşlığından məhrum edilə bilməz”.

Hakimiyyət nümayəndələri təqdim olunan təklifin əsaslandırılması ilə bağlı hələlik açıqlama verməyiblər. Təklif Milli Məclisin növbəti iclasında müzakirə olunacaq.

BƏLKƏ İKİLİ VƏTƏNDAŞLIQ DAHA MƏQBULDUR?

«Təkcə Rusiyada azı 700 min Azərbaycan vətəndaşı yaşayıb-çalışır. Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə bəyan edib ki, dünyadakı 50 milyon azərbaycanlının hər birinin prezidenti olacaq. Biz də ölkə prezidentinin bu fikirlərini bəyənir, müsbət qiymətləndiririk. Məhz buna görə də xarici ölkələrdə yaşayan azərbaycanlıların öz doğma vətənlərinə maneəsiz gedib-gəlmələri üçün ikili vətəndaşlıq haqqında qanunun qəbulunu səbirsizliklə gözləyirik».

Bu sözləri millət vəkili İlyas İsmayılov iki il öncə – 2012-ci ildə parlamentdə səsləndirib. Millət vəkili hələ 2007-ci ildən parlamentə təqdim etdiyi «İkili Vətəndaşlıq haqqında» Qanuna baxılmamasından şikayətlənib. İlyas İsmayılov özəlliklə bunu da vurğulayıb ki, xaricdə yaşayan yüz minlərlə azərbaycanlı bu qanunun qəbulunu və ikili vətəndaşlıq hüququ əldə edəcəkləri günü səbirsizliklə gözləyir.

2014-cü ildə «Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında» Qanuna əlavə və dəyişikliklər qüvvəyə minib. Bu bəzi ekspertlər tərəfindən ciddi tənqid olunmuşdu. Onlar deyirdi ki, bu qanunun qüvvəyə minməsindən xaricdə yaşayan yüz minlərlə Azərbaycan vətəndaşı ziyan görəcək.

XS
SM
MD
LG