Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:28

Vəfa Quluzadə: «Bu qətnamə AB-nin Türkiyənin siyasətindən narazılığının nəticəsidir»


Avropa Parlamenti
Avropa Parlamenti

-

Avropa Parlamenti aprelin 15-də qəbul etdiyi qətnamədə 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin qətlini «soyqırımı» adlandırıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi buna dərhal münasibət bildirib. Nazirlik qətnaməni «əsassız, qərəzli və ikili standartların bariz nümunəsi» adlandırıb.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə sözügedən qətnaməni «Avropa Parlamenti tarixində ən biabırçı, heç bir həqiqəti əks etdirməyən, Birinci Dünya müharibəsinin real tarixini təhrif edən, ədalətsiz, xüsusi məqsəd daşıyan və siyasiləşmiş bir qərar» adlandırıb. Onun qənaətincə, bu qətnamənin anti-müsəlman və anti-türk ovqatından qaynaqlandığı şübhə doğurmur.

«ONA GÖRƏ DƏ TÜRKİYƏNİN XOŞUNA GƏLMƏYƏN QƏRAR QƏBUL EDİBLƏR»

Azərbaycanda istər rəsmilərin, istər müxalifətin Avropa Parlamentinin qətnaməsinə münasibəti təxminən eyni olsa da, keçmiş dövlət müşaviri Vəfa Quluzadənin mövqeyi bir qədər fərqlidir. O, AzadlıqRadiosuna bunları deyib:

«Sözsüz ki, Avropa Parlamentinin bu qərarı siyasi xarakter daşıyır. Avropa Parlamenti elmi orqan deyil ki, tarixi hadisəyə özünün dəqiq qiymətini versin. Bu ondan xəbər verir ki, Avropa Birliyi Türkiyədən narazıdır. Türkiyənin siyasətindən narazıdır. Həm xarici, həm daxili siyasətindən. Ona görə də, Türkiyənin xoşuna gələ bilməyəcək belə bir qərarı qəbul ediblər. Məsələ bundan ibarətdir, başqa bir şey yoxdur».

Vəfa Quluzadə hesab edir ki, Türkiyə rəhbərliyi bu haqda ciddi düşünməlidir:

«Çünki Avropa Türkiyəyə partnyor kimi lazımdır, Avropa ilə Türkiyə əməkdaşlıq etməlidir. Nə səbəbə görə Avropa ilə Türkiyənin əlaqələri bu səviyyəyə çatıb? Hansı səbəbə görə Avropa Türkiyəni nəzərə almadan bu cür sərt qərar qəbul edib?..».

«TÜRKİYƏ DÜNYƏVİLİKDƏN İSLAMÇILIĞA TREND EDİB, BU DA QƏRBİ NARAHAT EDİR»

Politoloq deyir ki, Türkiyə son illər xarici siyasətdə nə Avropa, nə də dünya ilə hesablaşıb:

Vəfa Quluzadə
Vəfa Quluzadə

«Məsələn, Türkiyə Misirdə «Müsəlman Qardaşları»nı dəstəkləyib, axıra qədər də dəstəkləyir. Türkiyə gərək başa düşəydi ki, dünya regionda ikinci islam dövləti yaradılmasına imkan verməyəcək. Reallıq budur. Ona görə, Türkiyə tərəziyə qoymalıydı, onun üçün abstrakt ədalət önəmlidir, yoxsa ölkənin milli maraqları? Türkiyənin İsraillə münasibətləri də korlanıb. Türkiyə bir çox şeydə dözümsüzlük göstərib. Mən İsrailin səhvlərini görürəm. Amma Ankara da münasibətlərin bu həddə çatmamasında maraqlı olmalıydı. Bir sıra siyasi məsələlər var ki, Qərbi təmin etmir. Üstəlik də ölkə daxilində baş verənlər, azadlıqların məhdudlaşdırılması Qərbi təmin etmir. Türkiyə dünyəvilikdən islamçılığa trend edib. Bu da Qərbi narahat edir».

«BU BİR QULAQDAN ALINIB O BİRİNƏ VERİLƏSİ MƏSƏLƏ DEYİL»

Politoloq Vəfa Quluzadə Türkiyə dövlətinin başçısı Recep Tayyip Erdoğan-ın reaksiyasını – «bu qulağımızdan alıb o birisindən verəcəyik» deməsini emosional reaksiya kimi qəbul edir:

«Bu, heç cür bir qulaqdan alınıb o birisinə verilə bilməz. Belə olsa, bu, Türkiyənin zərərinə olacaq. Düşünməlidir ki, niyə Avropa Birliyi onunla hesablaşmayıb və nə etməlidir ki, əl çəksin. Sözsüz bu qərarla AB Türkiyəni sıradan çıxara bilməyəcək. Amma bir dəfə Avropanı nəzərə almamaq Osmanlı imperiyasını çökdürdü. Avropada elm, texnika, ordu inkişaf edirdi, ancaq Avropadakı Osmanlı diplomatları bunu sultana çatdırmağa cəsarət etmirdilər. Nəticədə Osmanlı gerilədi, acınacaqlı şəkildə çökdü. Ona görə nəzərə almaq, düzgün nəticələr çıxarmaq lazımdır. Erdoğan-ın «Bir qulağımdan alıb o birinə verirəm» deməsini isə Türkiyənin AB ilə münasibətləri pozmaması kimi də başa düşmək olar. Mən belə yozuram».

«BU QƏTNAMƏ AZƏRBAYCAN ÜÇÜN DƏ BƏZİ PROBLEMLƏR YARADA BİLƏR»

İsa Qəmbər
İsa Qəmbər

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər təəssüflənir ki, müxtəlif səbəblərdən 1915-ci il hadisələri ilə bağlı dünyada, xüsusən də Qərbdə stereotiplər formalaşıb. Onun qənaətincə, Avropa Parlamentinin qətnaməsi də bu stereotiplərin məhsuludur:

«Xeyli ziddiyyətli və zərərli mövqedir. Tarixçilərin qiymət verəcəyi hadisəyə parlamentin qiymət verməsi uyğun deyil. Bu halda bir çox yanlışlara da yol verilib. Əvvəla, Türkiyədə soyqırımı baş verməyib, belə fakt yoxdur. Əksinə, o zaman Osmanlı imperiyasına qarşı rusların hücumlarında ermənilər də iştirak ediblər və dinc əhaliyə qarşı cinayət törədiblər, böyük sayda insan həlak olub. Bunun nəticəsində Osmanlı rəhbərliyi ermənilərin başqa vilayətlərə köçürülməsi haqda qərar çıxarmışdı. Say məsələsində də yanlışa yol verilir. O dönəmdə o ərazidə yaşayan ermənilərin sayından çox erməninin öldürüldüyü deyilir. Bu, mümkün deyil. Üçüncü ciddi yanlışa gələk, Türkiyə rəhbərliyi son illərdə dəfələrlə arxivləri alimlərin, yaradıla biləcək birgə komissiyanın üzünə açmağı təklif edib. Bu ola-ola yenidən arxivlərin açılmasını təklif etmək məntiqə uyğun gəlmir və səmimi görünmür».

İsa Qəmbər hesab edir ki, bu qətnamə Avropa Birliyi ilə Türkiyə münasibətlərinə ciddi zərər vuracaq: «Eyni qaydada Azərbaycan üçün də bəzi problemlər yarana bilər. Ermənilər bu tip addımlar sayəsində «əzilən, işgəncələrə, soyqırımına məruz qalan etnos» təsəvvürü yaratmağa nail olublar. Bu stereotip Ermənistan-Azərbaycan münaqişəsində ermənilərin mövqelərinin güclənməsinə, Qarabağ müharibəsinin ədalətli həllinə ciddi problemlər yaradır. Bu qətnamə vəziyyəti bir az da ağırlaşdıracaq».

İsa Qəmbər də düşünür ki, bu vəziyyəti düzəltməyin yollarından biri də həm Türkiyənin, həm də Azərbaycanın ciddi şəkildə inkişaf etməsi, daxildə azadlıqları artırmasıdır, bu halda dünya üçün daha rahat münasibət qurulacaq ölkə olacaqlar.

Fəzail Ağamalı
Fəzail Ağamalı

«RUSİYAYA SANKSİYA TƏTBİQ OLUNURSA, ERMƏNİSTANA NİYƏ TƏTBİQ OLUNMUR?»

Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu qətnaməni «qərəzli» və «xristian həmrəyliyini nümayiş etdirən addım» kimi dəyərləndirir.

«Bu gün türk dünyasına, müsəlman dünyasına səlib yürüşü təkrarlanmaqdadır. Qərb artmaqda, güclənməkdə olan İslam dünyasını zəiflətmək istəyir. Onun xırda elementlərindən biri də Ermənistana münasibətdir. Biz bunu işğal olunmuş torpaqlarımızın azad olunmamasında da görürük, Avropada bəzi qrupların Azərbaycan əleyhinə bəyanat və qətnamələrində də. Antiazərbaycan koalisiyası deyilən birlik fəaliyyətdədir» - deyir deputat.

Fəzail Ağamalı hesab edir ki, bu gün Ermənistanın törətdiyi əməllər ifşa olunmalıdır: «Xocalı hadisələrinə görə Ermənistanın üzərinə gedilməlidir, onlar 1918-1920-ci illərdə soyqırımı törədiblər. Zəngəzurda 120 kəndi yerlə yeksan edilib, 10 mindən çox azərbaycanlı öldürülüb, Şaumyanın başçılığı altında Bakıda, Şamaxıda, Qubada, Salyanda, Naxçıvanda qırğınlar törədilib. Bu cür vəhşiliyi törədənlərin Avropa Parlamentində müdafiə olunması neofaşizmdir. Onlar həqiqətin yanında dururlarsa, Ermənistana «işğal olunmuş torpaqlardan rədd ol» mesajını verməlidirlər. Bu gün Ukraynadakı davranışlarına görə Rusiyaya sanksiyalar tətbiq olunur, Ermənistana niyə tətbiq etmirlər?».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG