Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:37

«Bu, deputat mandatı əldə etmək cəhdi kimi başa düşülməməlidir»


Pənah Hüseyn
Pənah Hüseyn

-

«Amerikanın Səsi» AXC hakimiyyəti dövründə baş nazir postunu tutan Pənah Hüseyndən son vaxtlar intensivləşən hakimiyyət-müxalifət dialoqunun perspektivi barədə müsahibə alıb.

- Bir sıra mediada müxalif partiya liderlərinin iqtidarla görüşünün özləri üçün parlamentdə deputat yeri əldə etmək arzusundan irəli getmədiyini bildirir. Münasibətiniz?

- Açığı mən bunu o qədər də yüksəkkeyfiyyətli təhlil hesab etmirəm. Amma, əlbəttə ki, müxalifətin əsas vəzifələrindən biri seçkili orqanlara, konkret olaraq parlamentə düşməkdən ibarətdir. Bunun üçün həm islahatların aparılması, həm də müəyyən razılıqların olması, hətta hakimiyyət qüvvələri ilə müəyyən kompromislərin və sazişlərin olmasını da istisna etmir. Lakin bu, təyinatlı deputat mandatı əldə etmək kimi başa düşülməməlidir, siyasi proses kimi başa düşülməlidir. Bu ölkədə avtoritarizmdən demokratiyaya keçid məsələsinə xidmət etməlidir. Bu kontekstdə getməlidir. Ona görə də, bəziləri, ola bilsin, bu cür düşünür və ya bu cür səmimi şəkildə təqdim olunur, amma bu, həqiqətəuyğun olan, ciddi və təhlili deyil.

- Prezident Administrasiyasının bu danışıqlarda səmimiliyinə inanırsınızmı?

- Biz hesab edirik ki, hər halda istər iqtidar, istərsə də müxalifətin burada ortaq maraq və mənafeləri var. Hakimiyyət, əlbəttə, daha çox bundan imitasiya üçün istifadə etmək istəyir, müxalifət real nəyisə əldə etmək istəyir. Amma prosesin gedişində nə isə ortaq bir həddə gəlmək mümkündür.

«AZƏRENERJİ» VƏ «AZƏRSU»NUN BÜDCƏYƏ KÜLLİ MİQDARDA BORCU VAR

«Bizim yol» qəzeti aydınlaşdırıb ki, «Azərenerji» və «Azərsu» ASC-lərin dövlət büdcəsinə böyük məbləğdə vergi borcları yaranıb.

Bunu qəzetə Vergilər Nazirliyindən bildiriblər.

«Bizim Yol» qəzetinin ötən saylarında iri vergiödəyicilərindən- «Azərenerji» ASC-nin, «Azərbaycan Dəmir Yolları» QSC-nin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, «Azərsu» SC-nin, «Azərbaycan Hava Yollarının (AZAL), Xəzər Dəniz Gəmiçiliyinin və Bakı Metropoliteninin dövlət büdcəsinə 2.2 milyard manat civarında borcu olmasından bəhs edən məqalə dərc olunub.

Foto illüstrasiya
Foto illüstrasiya

Məqalədə bildirilib ki, Vergilər Nazirliyi hazırkı böhran şəraitində kiçik və orta sahibkarlara qarşı vergi intizamını sərtləşdirdiyi halda adları yuxarıda çəkilən qurumlara qarşı tədbirlər görüb borcların ödənilməsini təmin etmir.

Qəzet Vergilər Nazirliyindən aldığı cavabı olduğu kimi dərc edib. Nazirlik bildirib ki, adıçəkilən qurumlardan yalnız «Azərenerji» və «Azərsu»nun iri məbləğdə vergi borcu var və bunun ödənilməsi üçün qanunamüvafiq tədbir görülür. Ancaq nazirlik vergi borcunun məbləğini açıqlamayıb.

MEHRİBAN ƏLİYEVA: «SÜRPRİZLƏR HAZIRLAYIRIQ»

«Azərbaycan» qəzeti Moskvada səfərdə olan Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın aprelin 11-də «Rossiya-24» telekanalına verdiyi müsahibəni yayımlayıb.

Mehriban Əliyeva müsahibəsində deyib ki, Rusiya paytaxtını çox sevir: «Mən bu şəhərdə oxumuşam, tələbəlik illərim burada keçib. Bu şəhəri çox sevirəm, onunla bağlı çox xoş xatirələrim var».

Birinci xanım müsahibəsində Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının Avropa paytaxtlarında təqdimatından danışıb.

- Azərbaycana bir milyondan çox tamaşaçı gəlməlidir. Bilirsiniz ki, mən Bakıda böyümüşəm və sadəcə təsəvvür edə bilmirəm: orada iynə atsan yerə düşməyəcək. Bu qədər insan çoxdur, lap çox. Bu, «Eurovision» mahnı müsabiqəsinə oxşayacaqmı? Musiqi bayramının keçirilməsi təcrübəsi Sizin işinizə yarayıbmı?

Mehriban Əliyeva
Mehriban Əliyeva

- Şübhəsiz, 2012-ci ildə «Eurovision» mahnı müsabiqəsinə hazırlıq və onun keçirilməsi təcrübəsi bizim üçün çox faydalı oldu. Ona görə ki, bu da böyük bayram idi, musiqi bayramı, çoxsaylı strukturlar – həm dövlət qurumları, həm də ictimai qurumlar cəlb edilmişdi. Zənnimcə, həmin müsabiqə uğurlu oldu. Azərbaycanda müsabiqə yetərincə yüksək səviyyədə keçdi. Paytaxtımızın bütün qonaqları qeyd edirdilər ki, şəhərin ab-havası və bu bayram ruhu onları heyran edib.

Avropa Oyunlarının keçirilməsi, əlbəttə, daha genişmiqyaslı və daha çoxplanlı tədbirdir, lakin «Eurovision» müsabiqəsinə hazırlıq dövründə qazandığımız təcrübə, əlbəttə, bizim işimizə yarayacaq.

- Avropa Oyunları artıq bizim gələcəyimizin bir hissəsidir. Xahiş edirəm deyin, hələlik geniş ictimaiyyətə bəlkə də məlum olmayan bir sirri, bir incə məqamı açıqlaya bilərsinizmi? Bizi nə ilə heyrətləndirəcəksiniz? Bəlkə açılış mərasimi ilə bağlı, bəlkə özünüz nə isə demək istəyirsiniz?

- Artıq dediyim kimi, açılış mərasiminə iki ay qalır. Bu müddət məhz məşqlərlə, hazırlıq prosesləri ilə zəngin olacaq. Əlbəttə, biz sürprizlər hazırlayırıq, heyrətləndirmək istəyirik. Yəqin ki, bu, əsasən açılış mərasiminə aiddir. Bu da öz ənənələrimizi, tariximizi, mədəniyyətimizi göstərmək üçün bir şansdır. Hansısa sirləri açıqlamağı, əlbəttə, istəməzdim, ona görə ki, açılış mərasimi adətən gözlənilən olur. Hamı bu mərasimi gözləyir və mən çox ümid edirəm ki, bizim hazırladığımız proqram da yetərincə maraqlı, heyrətləndirici olacaq, yaxşı emosiyalar doğuracaq.

«REKLAM GƏLİRİNİN 50 FAİZİ MƏNƏ ÇATMALI İDİ»

«Yeni Müsavat» qəzeti yazır ki, Xoşqədəm Hidayətqızının müəllifi olduğu və ATV-də yayımlanan populyar «Səni axtarıram» verilişinin ANS TV-yə transfer etməsi xəbəri ətrafında söz-söhbətlər səngimək bilmir. Aprelin 14-də X.Hidayətqızı rəhbərlik etdiyi «Üç nöqtə» qəzetinin redaksiyasında mətbuat konfransı keçirərək, ATV rəhbərliyi ilə arasında yaranan problemlərdən danışıb:

Xoşqədəm Hidayətqızı
Xoşqədəm Hidayətqızı

«Mən məcburiyyət qarşısında qalaraq, burada hər şeyi danışıram. Hansı ki, mən özüm açıqlama hazırlamışdım ki, ATV-dən öz istəyimlə gedirəm. Amma məni buna məcbur ediblər. Bu zamana qədər verilişin gəlirlərinin 50 faizi mənə verilməli idi. Amma verilməyib. Heç istəmirəm də... Məni pul maraqlandırmır. Məni halallıq maraqlandırır. Məni verilişim, o verilişə ümidlərini bağlayan minlərlə insan maraqlandırır. «Səni axtarıram» verilişində yüzlərlə insanın ümidi, göz yaşı var. Mənim arxamda heç kim yoxdur. Tək qadınam. Mənim atam adi adamdır. Mənə qalib gəlmək olar. Bəs haqq..? Haqqı yemək olarmı? Bəs qanun..?».

O, proqramda yeyintinin olması ilə bağlı suallara da cavab verib: «Səni axtarıram» zavoddur ki, yeyinti olsun?Orada nə qazanılıb, hansı reklamlar verilib, xəbərim olmayıb. Pul haqq-hesablarından xəbərim yoxdur. Atam mənə tapşırıb ki, hər zaman evinə halal pul gətir. Haram pul qazanmamışam. Mən komandamla ANS-ə getmişəm. Heç bir əməkdaşımı dəvət etməmişəm. Onlar öz istəkləri ilə mənim yanıma gəldilər».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG