Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:14

Rəsul Cəfərov: «Ədalətsiz həbs olunduğumu bilirəm və buna dözümlə yanaşıram»


Rəsul Cəfərov
Rəsul Cəfərov

-

«Etmədiyim bir cinayətə görə saxta etiraf edə bilmərəm».

Aprelin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hüquq müdafiəçisi Rəsul Cəfərov son sözündə belə deyib.

Rəsul Cəfərov bunu dövlət ittihamçısının «Rəsul Cəfərov indiyədək cinayətini etiraf etmiş olsaydı, bu, onun vəziyyətini yüngüləşdirərdi» deməsinə cavab olaraq bildirib.

Rəsul Cəfərovun son sözündən öncə prosesdə tərəflər arasında replika olub.

«İSTİNTAQ ORQANI HƏM QƏRƏZLİDİR, HƏM DƏ QANUNSUZ FƏALİYYƏT GÖSTƏRİR»

Dövlət ittihamçısı vəkillərin müdafiə nitqində istintaq orqanını qərəzli olmaqda ittiham etməsinə münasibət bildirib. Deyib ki, bu, yanlış fikirdir, bu cür ittihamların heç bir əsası yoxdur.

Buna cavab olaraq vəkil Əlibaba Rzayev istintaq orqanını bir daha həm qərəzli olmaqda, həm də qanunsuz fəaliyyətdə ittiham edib və bildirib ki, məhkəmə proseslərində bunu sübut edən kifayət qədər dəlilər ortaya qoyulub.

«BU, BİR TAKTİKA İDİ»

Daha sonra Rəsul Cəfərov son sözünü deyib:

«Həm vəkillərim, həm də mən mənə qarşı irəli sürülən maddələrlə bağlı mövqeyimizi proses boyu demişik. Ona görə təkrarçılığa yol vermək istəmirəm. Məhkəmə boyu dəfələrlə məsələ qaldırılıb ki, niyə mən istintaq orqanına əlimdə olan sənədlərin yalnız bir hissəsini vermişəm. Bir daha qeyd edirəm ki, məqsədim bu sənədləri gizlətmək olsaydı, ilk gündən heç nə verməzdim. Bu, sadəcə, mənim və vəkilimin seçdiyi bir taktika idi. Biz 3 gün ərzində müəyyən sənədləri istintaq orqanına verdik və gözlədik ki, görək istintaq hansı addımları atacaq. Proseslərin gedişatında qərara gəldik ki, sənədlərin qalanını istintaqa yox, işi aparacaq məhkəməyə verək. Elə də etdik.

«ŞAHİDLƏRİN İFADƏLƏRİ BİR DAHA TƏSDİQLƏYİR Kİ...»

Sizə təqdim etdiyimiz sənədlər təkcə donor təşkilatların məktublarından ibarət deyil, orada həm də xərcləri göstərən təsdiqedici sənədlər var. Sənədlərlə bağlı nə çatışmazlıq varsa da, onların da obyektiv izahını vermişik. Cinayət işinin tərkibinə baxanda da, çox asanlıqla görünür ki, orada qeyd olunan cinayətləri mən törətməmişəm. Beş zərərçəkəndən yalnız biri ilə çox yaxın münasibətdəyəm, digər 4 nəfərlə o qədər yaxın deyiləm ki, onlar gəlib burda mənim törətdiyim cinayəti ört-basdır etsinlər.13 şahidin də hər biri faktiki olaraq müdafiə tərəfinin xeyrinə ifadə verib. Onların ifadələri bir daha təsdiqləyir ki, mənim fəaliyyətim sahibkarlıq fəaliyyəti olmayıb.

«... YALNIZ BU HALDA ƏDALƏT BƏRPA OLACAQ»

Fəaliyyətimin vətəndaş cəmiyyətinə töhfə vermək, insan haqlarını müdafiə etməklə bağlı olduğu heç kimdə şübhə doğurmur. Ədalətsiz olaraq həbs edildiyimi düşünürəm və bu ədalətsizliyə də dözümlə yanaşıram. Məhkəmədən də əsas xahişim odur ki, vəkillərimin və mənim çıxışımı, təqdim etdiyimiz sənədləri nəzərə alaraq qərar çıxarsın. Yalnız belə olacağı halda bu işdə ədalət tam bərpa olacaq».

Rəsul Cəfərova hökm aprelin 16-da oxunacaq.

Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir.

Hakimiyyət təmsilçiləri isə Rəsul Cəfərova qarşı ittihamlarda hər hansı siyasi motiv olmadığını, onun konkret cinayətlərə görə saxlandığını deyirlər.

«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

XS
SM
MD
LG