Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:33

-

Vidadi Babanlı

Yetimçələr

Həyatda yetimlər cürbəcür olur,
Var atadan yetim, anadan yetim.
Doğmalar yoxluğu ciyər qovurur,
Ürək yarasıdı hər ölüm-itim.

Az deyil hər eldə iblisxasiyyət
Atalı-analı yetimçələr də.
Qarınları qurdlu, xəbis, pis niyyət,
Üyüdür dilləri böhtan da, şər də.

Şirin məclislərdə namus-qeyrətdən
Bol-bol dəm vurular, usanmaq da yox.
Boşboğazlar salıb bizi hörmətdən,
Sürtülmüş yalandan utanmaq da yox!

Eh, dözümlü xalqım, başına xeyir,
Yolunda can qoyan mərdlərin hanı?
Sənin haqq sözünü özgələr deyir,
Görüm, qara geysin belə zamanı!

Yetimçələr bu gün əl - ayaqdadı,
Amalı rüşvətdi öndə gedənin.
Cibgirin kefi kök, damağı çağdı,
Nə çoxmuş, ey vətən, çürüyün sənin!?

İyun 1994-cü il

Çal-çağır şairlərinə

Ey çal - çağır şairləri, dayanın!
Sevinməyin, indi sizi öyürlər.
Sonu puçdur şıntır mədhə uyanın,
Şit tərifi üzəvari deyirlər.

Vaxt gələcək, cır təbiniz sönəcək,
Sısqa bulaq itib - batır yay çağı.
Xalqın üzü sizdən tamam dönəcək,
Susuzluqlar tez bozardır çaylağı.

İstedaddı özülü söz mülkünün,
İlhamsızlar nəyə ümid bəsləyir?
Sizin olsun alqışları bu günün,
Şan-şöhrətli sabah məni səsləyir.

21 dekabr 2008-ci il

A dili qurdlamış!

Adili qurdlamış, dinc qoy dilini,
Bəsdi söz gəzdirib, ara vurduğun.
Günahsız qanlarla yuma əlini,
Yetməzmi mərdlərlə tələ qurduğun?!

Dedilər, dünən də coşubsan yenə,
Açılıb "gül ağzın" çuval ağzıtək.
İnsafı isladıb səribsən günə,
Hədyanlar uydurub çənən bir ətək.

Yaman deşilibmiş zəhər tuluğun,
Bütün məclis boyu söyübsən məni.
Bir acı bibərsən, yoxdur qılığın,
Əzrayıl bağlasın o boş çənəni!

Çatdı mənə xəbər quş qanadında,
Misgincə halına acıdım qəlbən.
İblissən, Ərdovsan insan adında,
Şər üçün gəlibsən yer üzünə sən.

Əl çək bədxahlıqdan, a zalım oğlu!
Çürütmə canını deyinmələrdə.
Qəzəb ilğımında itirmə ağlı,
Salar bir gün səni sağalmaz dərdə.

7 yanvar 2008-ci il

Günün bütün mövzuları

XS
SM
MD
LG