Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:19

«Bakı-Xəbər»: «Hakimiyyətin erkən seçki kampaniyası Qərb dairələrində anlaşılmaz qarşılanır»


«Bakı-Xəbər» qəzetindəki «Hakimiyyətin erkən seçki kampaniyası Qərb dairələrində anlaşılmaz qarşılanır» başlıqlı məqalədə müəllifin yazdığına görə, təxminən bir aya yaxındır ki, YAP-ın və dövlət hakimiyyət orqanlarının müxtəlif səpkili kütləvi tədbirlər keçirməsi tək daxildə yox, beynəlxalq aləmdə də diqqətçəkən hadisəyə çevrilib. Hakim elita təbliğatçıları keçirilən hər tədbiri obyekt açılışı, konsertlər, ildönüm kimi qiymətləndirsələr də, siyasi xadimlər, ekspertlər, hətta məmurlar özləri də etiraf edirlər ki, bu, əslində, seçki kampaniyasıdır. Təbii ki, bu dəyərləndirmələrdə ciddi əsaslar var. Belə ki, hətta yeni obyekt açılışı tədbirlərində də 2003-cü ilin sentyabrından sonra baş verən hadisələrə təbliğat-müdafiə sistemi qurulur. Tədbirlərdə, əsasən, Heydər Əliyevlə başlanan 13 illik hakimiyyətin gördüyü işlər, 2003-cü ildən bəri İlham Əliyevin daxili və xarici siyasətdəki addımları, görüləcək işlər, xalqın guya hakimiyyətə dəstək verməsi, İlham Əliyevin reytinqinin durmadan yüksəlməsi barədə təhlillər aparılır. Bunlar qətiyyətlə deməyə əsas verir ki, hakimiyyət 2008-ci ilin prezident seçkisinə çox erkən start verib.


«Yeni Müsavat» qəzetindəki «Hakimiyyətin təsərrüfat müdiri» başlıqlı məqalədə müəllif yazır ki, külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərini aşma, rüşvət alma, vəzifə səhlənkarlığı, dövlət çevrilişinə cəhd maddələri üzrə ittiham olunan Prezidentin İcra Aparatının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev barəsində məhkəmə hökmü çıxarılsa da, sonuncu maddəylə bağlı istintaq hələ də davam edir. Heydər Əliyevin ən yaxın adamlarından biri olan cənab Muradverdiyevin işinə əlahiddə baxılması onun tez bir zamanda azadlığa çıxacağı barədə təəssürat yaratsa da, hər şey əksinə oldu. A.Muradverdiyevin həbsi kimi, onun aldığı uzunmüddətli cəza da çoxlarını təəccübləndirdi.


«525-ci qəzet» də dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə davam edən Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkil Hacı Məmmədov və onun rəhbərlik etdiyi dəstənin üzvlərinin məhkəməsinə dair məqalə dərc olunub. Müəllif yazır ki, prosesdə oğurlanmasına cəhd edilən, oğurlanan vaxt Beynəlxalq Bankın mərkəzi filialının müdir müavini işləyən Anar Sultanov ifadə verib. Hacı Məmmədov Anar Sultanovun oğurlanması əməliyyatının baş tutmaması ilə bağlı məsələyə aydınlıq gətirərkən bildirib ki, Anar Sultanovun işi kimi hazırlanan, ancaq başa çatdırılmayan işlərin sayı-hesabı olmayıb. Vəkil Adil İsmayılov Hacı Məmmədovun belə deməsinə dövlət ittihamçılarının və məhkəmənin reaksiya vermədiyini əsas gətirərək, prosesin bu şəkildə davam etdiriləcəyi halda dövlət ittihamçılarına etiraz edəcəyini bildirib.


«Xalq Cəbhəsi» qəzetindəki «Əmanətlərin faizlərindən vergi tutulacaq» başlıqlı məqalədə bildirilir ki, 2007-ci il yanvarın 1-dən əmanətçilər banklara qoyduqları əmanətlər üzrə aldıqları faiz məbləğindən vergi ödəməli olacaqlar. Bir çox xarici ölkələrdə əmanətlərdən və onlara ödənən faizlərdən vergi tutulması təcrübəsi artıq çoxdan var. Bununla hökumətlər dövlət büdcəsinə vəsait cəlb edirlər. Müəllif onu da qeyd edir ki, Azərbaycanda əmanətlərin sığortası sistemi mövcud deyil. Ona görə də, indi əmanətlər risk altındadır. Əgər özəl banklardan biri müflis olsa və ya Milli Bankın qəzəbinə tuş gəlib bağlansa, həmin bankda olan əmanətlər batacaq.


XS
SM
MD
LG