Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:52

Oxucunu darmadağın edən roman


"Alatoran yayınları" tanınmış İsrail yazıçısı Yoram Kaniukun "Adamın dirilməsi" romanını Azərbaycan dilində çap edib.

Həmid Piriyevin çevirdiyi bu roman müəllifin ən parlaq əsəridir. Holokostdan - yəhudilərin soyqırımından sağ çıxmış Adam Stein haqdadır. (Bakı Kitab Klubu)

2-ci Dünya Müharibəsindən əvvəl Berlin sirkində tanınmış kloun olan Adam, Hitlerin hakimiyyətə gəlişindən sonra ailəsi ilə birgə ölüm düşərgəsinə salınır.

Komendantı sadist olan ölüm düşərgəsindən o, necə sağ çıxır?

Komendant ona dəstə-dəstə qaz kamerasına aparılan (onların hara aparıldıqlarından şübhələnməmələri üçün nasistlər müxtəlif çaşdırıcı tryuklar uydururdular) yəhudiləri əyləndirməyi əmr edir.

Bunun üçün keçmiş kloun hər dəfə "it roluna" girməlidir.

Bu rolunu o hətta arvadı və qızı da ölümə aparılanda oynayır.

Bu cəhənnəmdən o, psixikası pozulmuş vəziyyətdə can qurtara bilir.

Müharibədən sonra Adam İsraildə Holokostun ruhi xəstəyə çevrilmiş qurbanlarının müalicə aldığı xəstəxanada yatır.

Yoram Kaniuk (1930-2013)

Yoram Kaniuk (1930-2013)

O, daim həkimdən xəstəxanada it olub-olmadığını soruşur. Həkim xəstəxanada it olmadığını desə də, Adam daxili əminliklə axtarıb-axtarıb orada bir oğlan tapır.

Məlum olur ki, onu uzun müddət it kimi zirzəmidə zəncirdə saxlayıblar.

Bu iki insan, iki "it" arasında ruhi yaxınlıq yaranır...

Ağılla dəlilik arasında sərhədin itdiyi, oxucunu darmadağın edən bu roman əsasında eyni adlı film də çəkilib.

Təsadüfi deyil ki, həmin filmə ABŞ-da "R" reytinqi verilib, yəni 17 yaşdan aşağı uşaqlar ona yalnız valideynin icazəsi, müşayiəti ilə baxa bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG