Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:50

Roma Papası Milli Məclisdə tənqid olunur...


-

«Mərkəzi Bankın 21 fevral qərarından sonra Azərbaycanda manatın ciddi şəkildə devalvasiyası baş verdi. Artıq yenidən manatın ucuzlaşması, dolların qalxması müşahidə olunur». «Qafqazinfo» xəbər verir ki, bu sözləri millət vəkili Vahid Əhmədov parlamentin aprelin 14-də keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, bu, ikinci devalvasiyaya gətirib çıxara bilər: «Bunun qarşısını almaq üçün Mərkəzi Bank tərəfindən addımlar atılmalıdır. Ancaq çox təəssüflər olsun ki, hələlik mən Mərkəzi Bankın nə etmək istədiyini başa düşə bilmirəm. Bu qurum, nəhayət, ciddi addımlar atmalıdır».

Millət vəkili həmçinin bu günlərdə ölkə başçısının dərman preparatlarının qiymətlərinin tənzimlənməsi ilə bağlı çıxışına da münasibət bildirib. Ölkə başçısı çıxışında qeyd edib ki, qiymətlər süni şəkildə qaldırılmamalıdır: «Ancaq bunun əksinə olaraq bazarda qiymətlərinin həddindən artıq artması müşahidə olunmaqdadır. Biz bu yaxınlarda müvafiq qanuna dəyişiklik etmişik. Bu baxımdan da həmin qanunun tətbiqindən irəli gələn məsələlərə ciddi nəzarət edilməlidir».

«​9 RAYONDA RƏSULZADƏNİN BÜSTÜ GÖTÜRÜLÜB»​

Fazil Mustafa
Fazil Mustafa

«Musavat.com» yazır ki, deputat Fazil Mustafa Məmməd Əmin Rəsulzadənin büstünün «Bakmil» ərazisindən götürülməsinə etiraz edib: «Biz artıq məmurlara demirik ki, Allaha bax, Konstitusiyaya, qanunlara əməl elə... Biz deyirik ki, «heç olmasa, səni ora təyin edən prezidentin sərəncamına bax...» Prezidentin sərəncamında bir bənddə də yazılmayıb ki, Rəsulzadənin büstünü yığışdırın. Son 15-16 ildə ölkənin 9 rayonunda Rəsulzadənin büstü və adı götürülüb. Gəncədə başına torba salınıb, universitetdən adı götürülüb. Biz tariximizə hörmət etmək istəyiriksə, bu kimi dəyərlərə toxunmamalıyıq. Prezident bir addım atırsa, deməli, onu dəyərləndirir. Mən Rəsulzadənin büstünün götürülməsinə etirazımı bildirirəm və bu kimi addımların dayandırılmasını tələb edirəm».

Bu mövzuya toxunan deputat İqbal Ağazadə də məmurları ən azı prezidentin Rəsulzadə haqda sərəncamını yerinə yetirməyə dəvət edib.

FƏZAİL AĞAMALI ROMA PAPASINI HAQQA ÇAĞIRIB

Fəzail Ağamalı
Fəzail Ağamalı

Deputat Fəzail Ağamalı Roma Papasının saxta soyqırımla bağlı bəyanatına etiraz edib: «Haqqa, ədalətə söykənməyi özünə borc bilən dini lider haqqı, ədaləti kənara qoyub, saxta soyqırımın yanında yer alır. Mən bir Azərbaycan vətəndaşı olaraq Roma Papasının mövqeyini qəti şəkildə pisləyirəm və onu haqqın yanında olmağa çağırıram».

Deputat Məlahət İbrahimqızı da bu mövzuya toxunub: «100 il bundan qabaq arxivin küncündə toz basmış məsələyə diqqət verən Roma Papasının Xocalı soyqırımına münasibət bildirməməsi ən azı qınayıcıdır».

Başqa bir deputat Sabir Rüstəmxanlı da Roma Papasının davranışının onun ora layiq olmadığını göstərdiyini deyib:

«Min ildir ki, fitnə-fəsad Roma Papasının başının altından çıxır. Argentina əsillidir bu adam və orada da ermənilər at oynadırlar. O vaxt Türkiyədə 1,2 milyon erməni yaşayırdı, amma bu adam iddia edir 1,5 milyon erməni öldürülüb. Bəs, ermənilər öldürüldüsə, onda dünyada yaşayan bu ermənilər hardan törəyib? Ən azı ədalətli, vicdanlı adam Ermənistana «işğaldan əl çək» deməli, sonra barışa çağırmalıdır. Biz bir məktubla öz etirazımızı bildirməli və Türkiyənin yanında olduğumuzu nümayiş etdirməliyi».

OQTAY ƏSƏDOV: «MƏKTUB YAZMAĞIN MƏNASI YOXDUR»​

Spiker Oqtay Əsədov da bu mövzuda fikirlərini bölüşüb: «Biz iqtidarlı-müxalifətli milli məsələlərdə birləşməyi bacarmırıq. Mən hələ ermənilərdə görməmişəm ki, hansısa milli məsələlərdə bir-birinin ziddinə getsinlər. Avropa Oyunlarına qarşı çıxmaq Azərbaycana qarşı çıxmaqdır».

O.Əsədov Roma Papasının mövqeyinə görə təəssüfləndiyini bildirsə də, ona məktub yazmağı mənasız sayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG