Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:23

Rəsul Cəfərovun məhkəməsində vəkillər ittiham yağdırırılar


Rəsul Cəfərov

Rəsul Cəfərov

.

KONFET PAYLANANDA RƏSUL ORDA OLMAYIB...
“Bizim təqdim etdiyimiz rəsmi mənbələrə istinadən sübutlar göstərir ki, qeydiyyata alınmamış QHT-lərin fəaliyyəti qadağan deyil. Amma ittiham tərəfi deyir ki, bu, qanunsuz fəaliyyətdir. İndi sual vermək istəyirəm. Dövlətin neçə mövqeyi ola bilər? Vətəndaş konkret bilməlidir ki, hansı əmələ görə dövlət konfet verəcək, hansı əmələ görə şillə vuracaq. Görünür ki, konfet paylayanda Rəsul Cəfərov orada olmayıb, əvəzində şillə alıb, burda oturub” - Vəkil Fariz Namazlı hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəmə prosesində müdafiə nitqi söyləyərkən belə deyib.

Rəsul Cəfərovun məhkəmə prosesi aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Vəkil Fariz Namazlı bildirb ki, proses başlanan gündən Rəsul Cəfərov ittihamların ona aydın olmadığını deyib. Amma dövlət ittihamçısı ittihamları izah etməkdən boyun qaçırıb. Vəkil ittihamların bu gün də onlara aydın olmadığını vurğulayıb.

Fariz namazlı istintaqın ittihamla bağlı ortaya heç bir sübut qoymadığını da vurğulayıb:

“Cinayət işinin içində yalnız banklardan çıxarışlardır və ittihamlar da bunların əsasında irəli sürülüb. Biz isə ortaya sübutlar qoyduq ki, bu pullar nə məqsədlə hesaba köçürülüb. Zərərçəkmiş şəxslər də ifadələrində heç bir mənimsəmənin olmadığını dedilər. Ortada Rəsul Cəfərovun təqsirsiz olduğunu göstərən faktlar olduğu halda dövlət ittihamçısının ona 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb etməsi qaranlıq qalan məsələdir”.

“RƏSUL KİMİ GÖYƏRÇİNLƏR HƏBSDƏDİR”
Fariz Namazlı bildirib ki, Rəsul Cəfərov insan hüquqlarının qorunması üçün çalışıb. Buna görə onu ittiham etmək gülüncdür:

“Hesablama Palatası hər il dövlət qurumlarında milyonlarla mənimsəmələrlə bağlı hesabatlar verir. Amma buna görə heç kəs məsuliyyətə cəlb olunmur. Bir ictimai xadim deyir ki, məhkəmə qarğaları bağışlayır, göyərçinləri yox. Bizdə də milyonları talayan qarğalar azadlıqdadır, Rəsul kimi göyərçinlər həbsdə.”

Fariz Namazlı üzünü hakimlərə tutaraq onlardan insanların dövlətə inamını qeri qaytarmağı istəyib:

“Hansısa dövlətdə ədalət məhkəməsi yoxdursa, deməli orada adamların dövlətə olan inamı sarsılır. Mən məhkəməən xahiş edirəm ki, insanların inamını qaytarsınlar”.

Rəsul Cəfərovun digər vəkili Əlibaba Rzayev müdafiə nitqində ittihamların əsassız, qərəzli olduğunu, cinayət işinin siyasi sifarişlə açıldığını bildirib:
“Bu cinayət işi prokurorluğun təşəbbüsü ilə yox, Ədliyyə Nazirliyinin təqdim etdiyi materiallar əsasında açılılb. Amma ortada heç bir fakt yoxdur. Rəsul Cəfərov tənqidi fikirləri ilə tanınan ictimai fəallardan biridir. O insan haqları problemlərinə ictimaiyyətin diqqətini çəkib. Bu əməl alqışlanası bir əməldir, amma kimlərinsə narahatlığına səbəb olub. Onu susdurmaq məqsədilə cinayət işi açılıb”.

Əlibaba Rzayev Rəsul Cəfərliyə qarşı irli sürülən hər 5 ittihamla bağlı çıxış edib və ittihamların heç birinin sübuta yetirilmədiyini vurğulayıb. Bildirib ki, əgər mənimsəmə ittihamından söhbət gedirsə, donor təşkilatlar zərərçəkən kimi tanınmalıydı:

“Amma nəinki bu baş verməyib, hətta onlar özləri məktubla müraciət ediblər ki, vəsaitlər təyinatı üzrə xərclənib. Zərəçəkən kimi tanınanların heç biri vəsaitini Rəsul Cəfərova etibar etməyib ki, o da həmin pulları talasın. Yəni, hətta onlara əmək haqqını belə verməmiş olsaydı buna görə mənimsəmə ittihamı irəli sürülməməliydi”.

Vəkil şahidlərdən də heç birinin Rəsul Cəfərova qarşı ifadə vermədiyinə diqqət çəkib:

“13 şahidin hər biri ittiham tərəfinin şahidi idi, amma onlar da gəlib burda Rəsulun əleyhinə ifadə vermədilər.”

Əlibaba Rzayev Rəsul Cəfərova qarşı eyni məbləğlə bağlı 2 ittihamın irəli sürülməsinin də absurd olduğunu qeyd edib:

“Eyni məbləğlə bağlı həm mənimsəmə, həm də qanunsuz sahibkarlıqla əldə etmə maddələri ilə ittiham irəli sürülüb. Bu absurddur. Üstəlik də prokuror mənimsənilmiş vəsait kimi qiymətləndirdiyi məbləğə vergi hesablayır. Belə çıxır ki, oğru oğurladığı əmlaka görə dövlətə vergi verməlidir”.

Vəkil ittihamın söz yığınından başqa bir şey olmadığını vurğulayıb. Bildirib ki, ortada sübut olmadığı halda dövlət ittihamçısının 9 il iş istəməsi özü də qərəzin, qisasçılığın əlamətidir. O, məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyib.

Vəkillər məhkəmədə təqdim etdikləri sübutların tədqiq olunmadığını da vurğulayıblar, bildiriblər ki, məhkəmə yalnız həmmin sənədləri üzdən oxumaqla işini bitmiş hesab edib.

Vəkillərin çıxışından sonra məhkəmə prosesi aprelin 15-a qədər təxirə salınıb. Növbəti prosesdə Rəsul Cəfərovun son söz deyəcəyi və hökmün elan olunacağı gözlənir.

Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir. Hakimiyyət təmsilçiləri isə Rəsul Cəfərova qarşı ittihamlarda hər hansı siyasi motiv olmadığını, onun konkret cinayətlərə görə saxlandığını deyirlər.

«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG