Keçid linkləri

Təcili xəbərlər

Doğrudanmı, elmin vətəni olmaz?


Mikhail Lomonosov (1711-1765)
Mikhail Lomonosov (1711-1765)

-

İNGİLİS DİLİ DÜNYA DİLİ OLDUĞUNDAN...

İnsan etiraf etməyi də bacarmalıdır. Arabir düşünürəm ki, tələbəlik çağımın, tələbəlik dönəminin yaşandığı şəhər və o şəhərin ab-havası olmasaydı, indi nə edərdim? Dünyagörüşüm, təhsilim indiki səviyyədə olardımı?..

Bəzən deyirlər ki, M.Lomonosov adına MDU - Moskva Dövlət Universiteti dünyanın öncül universitetləri siyahısına düşə bilmir. Cavabında deyirəm ki, bu, tam başqa kriteriyadır... İlk yerləri həmişə ingilisdilli universitetlər tutur. Bu da təbiidir, axı ingilis dili dünya dilidir. Amma bir gerçək də var: Öncüllər siyahısına düşməyən MDU-da olan müasir kafedralar heç dünyanın ən öndəgedən ali məktəblərində də yoxdur...

...Məqsədim MDU-nun reklamı deyil. Onun buna heç ehtiyacı da yoxdur. Sadəcə, maraqlı bir tarixə diqqət çəkmək istəyirəm – bu həftə Mikhail Lomonosov-un ölümündən düz 250 il ötür...

Bəlkə də oxucu düşünəcək ki, yəqin, bunun da mövzusu tükənib, indi başlayıb Rusiyanın korifeylərini sadalamağa...

ELM KORİFEYİ, YOXSA PATRİOT?

Amma tələsməyin, Lomonosov-u heç də elm korifeyi saymaqdan söhbət getmir. Vaxtilə akademik Pyotr Kapitsa da yazmış və dəlillər gətirmişdi ki, əslində, Lomonosov yaradıcılığının dünya elminə heç bir təsiri olmayıb...

Bəs bu adam niyə maraq doğurur? Birmənalı şəkildə patriotizminə - yurdsevərliyinə görə! Lomonosov çox böyük patriot idi. İndinin Rusiyasında belə patriotlar yoxdur. Elə MDU-nun dəyərli professorlarının çoxu da yenidənqurma başlayınca – «dəmir pərdə» götürülən kimi... ölkədən qaçdılar. Hamısı olmasa da, böyük əksəriyyəti üz tutdu Amerika və Avropanın adlı-sanlı və zəngin universitetlərinə...

Oxucu yenə deyəcək ki, bizə nə dəxili, Rusiyanın dərdi bizəmi qalıb? Yox, qalmayıb. Amma bu dərd həm də Azərbaycanın dərdidir. Elmlə bağlı o siyasət ki Azərbaycanda yürüdülür, adamı mat-məəttəl qoyur...

İDMAN LAZIMDIR, AMMA ELM...

İdmandan söhbət düşəndə, deyirlər ki, idman ölkəyə lazımdır və buna pul da xərcləyirlər. Hətta incəsənətdən də söz düşəndə qayıdırlar ki, bu da lazımdır və... yenə pul xərcləyirlər. Amma elə ki, söz gəlir elmin üstünə, qəribə «izhar»lar başlayır: «elmin vətəni olmaz!», «elmin kəfəni olmaz» və s. və i...

İdmandan söhbət düşəndə, deyirlər ki, idman ölkəyə lazımdır və buna pul da xərcləyirlər. Amma elə ki, söz gəlir elmin üstünə, qəribə «izhar»lar başlayır: «elmin vətəni olmaz!», «elmin kəfəni olmaz» və s. və i...

Doğrudanmı belədir? Doğrudanmı, elmin vətəni olmaz? Bir az əvvəldə Lomonosov-un adını çəkməyimiz bəlkə təəccüb doğurmuşdu. Amma onun həyatı göstərir ki, elmin vətəni olmasa da, kəfəni, aliminsə vətəni olur...

İndi min cür bəhanələr gətirirlər. Azərbaycan elmindəki durğunluğu min cür fərziyyə ilə əsaslandırırlar. Elmi karyerasını yarımçıq qoyan və bunu jurnalistika ilə əvəzləyən bir adamın bu xüsusda yazdıqları, bəlkə də, elə inandırıcı görünməyəcək. Amma bu, məcburiyyətdən irəli gəlmişdi...

80-ci illərin sonunda və 90-cı illərin əvvəlində ölkədə elmlə bağlı elə atmosfer yaranmışdı ki, sanki ölkə və cəmiyyət bu fürsəti çoxdan gözləyirmiş. Çoxdan gözləyirmiş ki, elm adlı bir sahənin üstündən xətt çəksin. Bəlli dərəcədəçəkdilər də! Güclü və gələcək vəd edən nə qədər alim üz tutdu xaricə - özəlliklə Türkiyəyə!..

MƏSƏLƏ TƏKCƏ MAAŞDA DEYİL...

Elmin əsas problemi nə idi? Əsas amil kimi həmişə alimlərin maaşını dilə gətirirlər. Təbii ki, bu, çox mühüm amildir - elmi işçinin normal maaşı olmalı və bu maaş ona özünü və ailəsini dolandırmağa yetməlidir...

Amma sovetlərin vaxtında da alimlər «qaz vurub qazan doldurmurdular», o vaxt da maaşlar elə yüksək deyildi. Sadəcə, alimin bir elmi işçi kimi inkişafına şərait vardı: elmin texniki bazasına diqqət ayrılır, materialların dərcinə şərait yaradılır, alimlərə təcrübə keçmək imkanları verilirdi...

Hər şeydə olduğu kimi, elmdə də dövriyyə olmalıdır. Uğur qazanmış, özünü elmi işçi kimi təsdiqləmiş adam, təbii ki, xaricə yollana bilər. Amma onların ardınca yeni insanların gəlməsi, prosesin qırılmaması şərti ilə...

İndi hamı iqtisadiyyatı, hüququ seçir, amma bu sahələrin inkişafına baxanda, görürsən ki, nə babat iqtisadiyyat var, nə də iqtisadiyyat elmi. Nə babat hüquq var, nə də hüquq elmi...

Deyə bilərlər ki, sovetlər dönəmində ölkə qapalı idi və o üzdən alimlər də SSRİ-də qalıb-işləmək məcburiyyətində qalmışdılar. Yox, belə deyildi. Sovetlərin vaxtında da «gəlirli» və «perspektivli» sahələr vardı. Amma ən istedadlı gənclər elmi seçirdi...

NƏ BABAT İQTİSADİYYAT VAR, NƏ DƏ HÜQUQ...

İndi hamı iqtisadiyyatı, hüququ seçir, amma bu sahələrin inkişafına baxanda, görürsən ki, nə babat iqtisadiyyat var, nə də iqtisadiyyat elmi. Nə babat hüquq var, nə də hüquq elmi... Amma hamı bu sahələrə can atır...

Bəlkə də istedadlı gənclik elmə, texnikaya yönəlsəydi, ölkə də dəyişərdi, onun elmi-texniki infrastrukturu da...

Elmə münasibəti göstərmək üçün dahaiki detalı qeyd etmək istərdik. Ermənistanda vəziyyət çox ağırdır və bununla bağlı Azərbaycanda deyilənlərin hamısı ilə razıyıq. Di gəl, iki ciddi fərq var. Birincisi odur ki, Azərbaycan gəncləri təhsil almaq üçün Misirə, ən yaxşı halda - Türkiyəyə yollanırsa, Ermənistan gəncləri Avropada, ABŞ-da təhsil alırlar...

AZƏRBAYCAN NİYƏ MÜKAFAT TƏSİS ETMİR?

İkincisi isə budur ki, Ermənistanda akademik Victor Ambartsumian-ın adına beynəlxalq elmi mükafat təsis olunub. Həmin mükafat iki ildən bir kosmik elmlər və xüsusən kosmologiya sahəsində xidməti olan alimlərə, üstəlik, prezident səviyyəsində təqdim olunur...

Etiraf etmək məcburiyyətindəyik ki, sovetlərin vaxtında da bu sahələr Ermənistanda daha çox irəliləmişdi... Amma azərbaycanlı alimlərin də neft problemləri sahəsində fundamental tədqiqatları vardı və bu sahədə çox sanballı alimlər yetişmişdi. Bəyəm onlardan birinin adına mükafat təsis etmək olmazmı?..

...Yeri gəlmişkən, sovetlər dönəmində təkcə Lomonosov-un adı 3 böyük mükafata verilmişdi. Bəlkə o mükafatların sayı daha çox idi, amma daha çox hallananları deyirəm...

... Düşünürəm ki, Mikhail Lomonosov-u niyə yada salmağım indi aydın oldu...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG