Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:38

Əfqanıstanın ilk qadın pilotu


Niloofar Rahmani
Niloofar Rahmani

-

23 yaşlı Niloofar Rahmani əfqan ordusunun ilk qadın pilotudur.

Əfqanıstanda 2001-ci ildə «Taliban» süqut etsə də, Niloofar-in özü və ailəsi ölüm hədələri aldığından dəfələrlə yaşayış yerini dəyişməli olub.

Ötən həftə kapitan Rahmani-yə ABŞ Dövlət katibinin «Qadınlara igidliyə görə» (International Women of Courage Award) mükafatı verilib.

Keilign Baker «Daily Mail» qəzetində yazır ki, Niloofar Əfqanıstan Hava Qüvvələrinə pilot seçimi barədə elanı eşidəndə 18 yaşı olub.

Rahmani deyir ki, hələ balaca qızcığaz ikən pilot olmaq arzusuyla yaşayıb və uçuş məktəbində oxuya bilmək üçün bir ilə yaxın ingiliscəni öyrənib.

2010-cu ildə Əfqan Hava Qüvvələri Zabit Təlimi Proqramına qatılıb, 2012-ci ilin iyulunda oranı ikinci leytenant dərəcəsi ilə bitirib. İlk uçuşunu «Cessna 182» ilə edib, ancaq daha böyük təyyarə sürmək istədiyindən qabaqcıl uçuş məktəbinə gedib və tezliklə «C-208» hərbi yük təyyarəsini sürməyə başlayıb.

Əfqanıstanda qadınların ölü və ya yaralı əsgərləri daşıması qadağandır. Ancaq Rahmani yaralı əsgər görən kimi bu qadağaya məhəl qoymayıb. O, yaralıları xəstəxanaya daşıyıb və bu barədə rəhbərlərinə məlumat verib. Onu cəzalandırmayıblar. Ancaq uğurları barədə məlumat yayılanda, ailəsinə həm qohumları, həm də «Taliban»dan ölüm hədələri gəlməyə başlayıb.

Ailə bir neçə dəfə yaşayış yerini dəyişməli olub.

Ancaq kapitan Rahmani qətiyyətlidir və deyir ki, sonucda məqsədi uçuş təlimatçısı olmaq, digər qadınları ruhlandırmaqdır. «Taliban»ın hədələrinə baxmayaraq, o, Əfqan Silahlı Qüvvələrində karyerasını davam etdirməkdə qərarlıdır.

«Özünü təkcə qadın kimi deyil, bir varlıq kimi görməli, özünə inanmalısan», - kapitan Rahmani deyir. «Uçuş məktəbini bitirmək asan deyildi, çox çətindi, ancaq kimsə bu riskə getməliydi ki, digər qadınlar da arzularını həyata keçirə bilsinlər».

Ötən həftəki mərasimdə, Birinci ledi Michelle Obama Rahmani-nin cəsurluğunu, fədakarlığını vurğulayıb.

Somadakı şaxtada qəza - 14 may 2014
Somadakı şaxtada qəza - 14 may 2014

TÜRKİYƏDƏ SOMA FACİƏSİNİN MƏHKƏMƏSİ BAŞLANIR

Türkiyədə 301 şaxtaçının ölümünə səbəb olmuş qəzanın məhkəməsi başlanır, məhkəmə qarşısına onlarla menecer, işçi çıxarılıb. «The Guardian» yazır ki, ölənlərin qohumları məhkəmənin başlanmasına imkan verməyib.

Onlar əsas şübhəlilərin məhkəməyə cəlb olunmasını tələb ediblər. İndilik məhkəmə qarşısına «Soma Kömür İşletmeleri» şirkətinin 45 əməkdaşı çıxarılır. Onlardan icraçı direktoru və baş menecer daxil olmaqla, 8-i qəsdən adamöldürmədə təqsirli bilinir və 25 ilədək həbs cəzası ala bilər. 37 təqsirləndirilən isə nisbətən yüngül maddələrlə ittiham olunur.

Ötən ilin mayında Türkiyənin qərbində, Somada şaxtada yanğın baş vermişdi.

Məhkəmə elə başlanan kimi kəsilib. Zərərçəkənlərin vəkilləri vəsatət qaldırıblar ki, özlərinin təhlükəsizliyi baxımından videolink vasitəsilə ifadə verəcək 8 nəfər məhkəməyə gətirilsin. Məhkəmə zalına polis də çağırılıb. Hakim prosesi çərşənbə gününədək təxirə salıb.

«Qatilləri buraya gətirin və qoy gözlərimizin içinə baxsınlar», - ölənlərin qohumlarından biri məhkəmə zalında qışqırıb.

Prosesdən öncə yüzlərlə etirazçı məhkəmənin keçirildi Akhisar şəhərində yürüşə çıxıb, təqsirləndirilənlərə sərt cəzalar istəyib.

Kürdyönümlü Xalq Demokratik Partiyasının rəhbəri Selahattin Demirtaş jurnalistlərə deyib ki, siyasətçilər də ittiham olunmalıdır:

«Müttəhimlər kürsüsündə bircə siyasətçi də yoxdur. Məhkəmə siyasətçilərin məsuliyyətini nəzərə almasa, ədalət tam bərpa oluna bilməz».

Təhqiqat materiallarında göstərilir ki, mayın 13-də baş vermiş faciədən bir neçə gün öncədən kömür yavaş-yavaş yanır, zəhərli qaz buraxırmış. Şaxtadan salamat çıxanlar iş şəraitinin pis olmasından, təhlükəsizlik şərtlərinin pozulmasından gileyləniblər. Onlara qaz maskaları da verilməyibmiş.

Hillary Clinton
Hillary Clinton

Proses Akhisar mədəniyyət mərkəzində keçirilir. Mərkəz müvəqqəti olaraq məhkəməyə çevrilib.

RUSİYADA HILLARY-NİN SEÇKİNİ UDUZMAĞI

«Hillary Clinton ABŞ-da deyil, Rusiyada prezidentliyə namizədliyini elan etsəydi, mütləq problemləri yaranardı – seçki kampaniyanın ilk videosuna görə». Leonid Bershidsky «Bloomberg View»da yazır ki, Rusiyanın seçkiyə nəzarət qurumları bu videonu elə ilk saniyələrdən qanunsuz sayardı.

«Rusiya qanunlarına görə, Hillary-nin namizədliyi dərhal ləğv olunardı», - müxalifət fəalı Alexei Navalny-nin 2013-cü ildə Moskvada mer seçkiləri kampaniyasının kuratoru Leonid Volkov Twitter-də yazıb.

Belə ki, Rusiya qanunvericiliyi seçki gününədək 18 yaşına çatmayanların hər hansı kampaniyada iştirakını qadağan edir. Ancaq Hillary Clinton-un kampaniya videosunda bir neçə yerdə azyaşlılar görünür. Hələ bu harasıdır? Videoda iki qey də çəkilib. Bu da Rusiya qanunvericiliyi ilə pozuntu sayılır, azyaşlılar arasında qeyri-ənənəvi cinsi münasibətlərin təbliğinə görə 19 min dollar cərimə də nəzərdə tutulur.

«Əslində bu gün Clinton-un videosunun Rusiya siyasətində yeri olmamasına qismən özü günahkardır. Məhz o, dövlət katibi olanda Putin Qərblə hər hansı ittifaqdan imtina etdi, Dövlət Departamentini Moskvada orta sinif etirazlarını qızışdırmaqda suçladı. 2011-2012-ci illərdəki nəticəsiz etirazlardan sonra Rusiya parlamenti onlarla məhdudlaşdırıcı qanunlar qəbul etdi», - müəllif yazır.​

XS
SM
MD
LG