Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:35

Üzeyir Cəfərli: «Nazirliyin avtomobilləri sanki uşaqların məktəbə aparılıb-gətirilməsi üçündür»


Bakıda hərbi parad - 2013
Bakıda hərbi parad - 2013

-

Azərbaycan hərbi xərclərini Ümumi Daxili Məhsulun 4 faizindən çox artırmış ölkələrin sırasındadır.

Stokholm Beynəlxalq Sülh Araşdırma İnstitutunun (SIRPI) hazırladığı 2014-cü il dünya üzrə hərbi xərclərin hesabatında belə deyilir.

Bu İnstitutun 2005-ci ildən bu yana apardığı araşdırmalardan da görünür ki, Azərbaycan hərbi xərclərini sürətlə artıran ölkələr cərgəsindədir. Hətta 2012-ci ilin hesabatında bu ölkə 2011-ci il dünyada hərbi büdcəsini ən çox artıran (89 faiz) ölkə kimi tanınmışdı.

Rəsmi rəqəmlərə görə, 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2013-ci ildə 3.7 milyard ABŞ dolları təşkil edib. 2014-cü il üçün hərbi büdcə 3 milyard 800 milyon dollar civarında olub.

2015-ci il üçün nəzərdə tutulan hərbi xərclər isə növbəti rekord artım deməkdir – təxmini 5 milyard dollar. Bu isə Ermənistanın müvafiq il hərbi xərcləri ilə müqayisədə 10 dəfədən çoxdur.

«HƏRBİ XƏRCLƏRDƏ AZALMA GÖZLƏNİLMİR»

Bəs neftin dünya bazarında kəskin ucuzlaşdığı və bunun dövlət büdcəsinə təsiri fonunda da hərbi xərclərlə bağlı tendensiya davam edəcəkmi? Ümumiyyətlə, xərclərlə yanaşı, keyfiyyət də artırmı, lazımi islahatlar aparılırmı?

Rəsmilərlə hərbi ekspertlərin bu suallara bağlı fikirləri bir-birindən fərqlənir.

«Mən Milli Məclisin iclaslarından birində hətta demişəm ki, neft amilini kənara qoyub dövlət büdcəsi formalaşdıraq. Neft fondunun bütün vəsaitlərini Azərbaycan torpaqlarının hərbi yolla azad olunmasına sərf edək. Mən hesab edirəm ki, müəyyən xərcləri ixtisar etmək olar, amma hərbi xərclərdə heç bir ixtisar ola bilməz. Bu, həyatı əhəmiyyətli məsələdir və ölkənin təhlükəsizlik məsələsidir. Ona görə neftlə bağlı müxtəlif proyektlər sıradan çıxsa da, bu məsələdə heç bir dəyişiklik gözlənilmir».

Fərəc Quliyev
Fərəc Quliyev

Bunu Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev deyir. AzadlıqRadiosuna açıqlamasında deputat bildirir ki, torpaqlar işğaldan azad olunanadək hərbi xərclər ilbəil artırılmalıdır. Fərəc Quliyev deyir ki, artan təkcə xərclər deyil, həm də ordunun səviyyəsidir:

«Azərbaycan təbii ki, yeni silah növləri, texnika almaqla yanaşı, həm də hərbi sənaye kompleksini inkişaf etdirir. Amma həm də Azərbaycan ordusunun modernləşməsi istiqamətində ciddi şəkildə addımlar atılır».

«KİM O GENERALLARA İXTİYAR VERİB Kİ...»

Neftin ucuzlaşmasının dövlət büdcəsində yaratdığı kəsirdən asılı olmayaraq, hərbi xərcləri azaltmağın tərəfdarı olmayan hərbi ekspert Üzeyir Cəfərli ordunun inkişaf səviyyəsi məsələsində rəsmilərlə razılaşmır. Ekspertə görə, hərb sahəsinə ayrılan vəsaitlər çox vaxt təyinatı üzrə xərclənmir, bu istiqamətdə nəzarət də yetərincə deyil:

«Qapalı, güc strukturları özlərini son dərəcə sərbəst hiss edirlər, amma orda dağıdılan vəsaitlərin miqdarı milyonlarladır. Bu gün əsgərlər, zabitlər üçün kazarmaların, qida, geyim məsələlərinin həlli müsbət haldır, amma elə məsələlər də var ki, onlarla bağlı, təəssüf ki, heç bir nəzarət yoxdur. Bu gün Bakı şəhərində Müdafiə Nazirliyinə məxsus avtomobillər sanki xanımların işə aparılması, işdən gətirilməsi, uşaqların məktəbə aparılıb-gətirilməsi üçündür. Kim ixtiyar verir o generallara ki, həmin avtomobilləri, yanacağı şəxsi məqsədlər üçün sərf etsinlər? Niyə bunun qarşısı alınmır?».

Üzeyir Cəfərli
Üzeyir Cəfərli

«BU, ÇOXMU VACİB İDİ?»

Üzeyir Cəfərliyə görə, hazırda orduda edilməli olan islahatların sayı-hesabı yoxdur. Hər şeydən öncə kadr potensialının peşəkarlığının artırılması, zabitlərin xaricdə müasir standartlarla təhsil imkanlarının təmini, bu bilgilərin ölkədə tətbiqidir. Amma real islahatlara gəlincə:

«Bir misal. Yeni nazir vəzifəyə təyin olunandan sonra silahlı qüvvələrdə xeyli yeniliklər tətbiq olunub. Onlardan biri xidməti hərbi avtomobillərdə dövlət nömrə nişanlarının dəyişdirilməsidir. Təsəvvür edin ki, buna büdcədən altırəqəmli, bəlkə də çox vəsait gedib. Buna ehtiyac var idimi? Bu gün kazarmalar, sosial infrastrukturun genişlənməsi, müasirləşdirilməsi qaldığı halda, dövlət avtomobil nişan nömrələrinin dəyişdirilməsi çoxmu vacib idi? Bu avtomobil nömrələrinin milliləşdirilməsi nəyi dəyişdi ki? Döyüş hazırlığımı dəyişdi?».

«PEŞƏKAR ORDU YARADILMALIDIR»

Hərbçilərin Hüquqlarını Müdafiə Mərkəzinin direktoru Telman Əbilov da hesab edir ki, xərclənən çoxsaylı vəsaitlərin müqabilində peşəkar ordu yaradılmalıdır:

«Bizdə peşəkar orduya ehtiyac var. Ordunun güclü olması üçün ordu peşəkar olmalıdır. Çünki il yarıma çağırılan əsgər indiki mürəkkəb texnikaya demək olar ki, yiyələnə bilmir və ehtiyata buraxılır. Amma peşəkar ordu olsa, vəziyyət tam fərqli olar. Bu istiqamətdə müəyyən addımlar atılır, amma çox zəif şəkildə. Bu qədər vəsait xərclənirsə, ordu sürətli şəkildə peşəkar orduya çevrilməlidir».

Hərbi xərclərin şəffaflığına gəlincə, Telman Əbilova görə, bunun hazırda istənilən səviyyədə olmamasının günahı həm də vətəndaş ictimai nəzarətinin olmamasıdır.

Bu cür yanaşmanı doğru hesab etməyən deputat Fərəc Quliyev isə düşünür ki, orduda istər islahat, istərsə də vəsaitlərin şəffaf xərclənməsi yönündə heç bir problem yoxdur.

XS
SM
MD
LG