Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:39

Müqəddəs Məryəm kilsəsində görüşdüyüm dindarlar bildirirlər ki, Azərbaycanda yeddi rus pravoslav kilsəsi fəaliyyət göstərir və onların işində hər hansı problem yoxdur. Dediklərinə görə, kilsənin bütün problemlərini özləri həll etməyə çalışırlar, çox zaman onlara iş adamları və hökumət də yardım edir. Elə 3-4 il əvvəl Bakıda Tbilisi prospektindəki 110 yaşlı rus pravoslav kilsəsini Moskvada yaşayan azərbaycanlı iş adamı, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndəsi mərhum Aydın Qurbanov təmir etdirib.



Bakının mərkəzində, Şamil Əzizbəyov küçəsində yerləşən Müqəddəs Məryəm kilsəsi də bir neçə dəfə təmir edilib. Bakıdakı rus pravoslav kilsələrinin katibi Mifodi Ata deyir ki, ötən il Sumqayıtda da bir rus pravoslav kilsəsi tikilib. Bakıdakı Mixayıl Arxangel kilsəsində isə hazırda təmir işləri aparılır. Onun sözlərinə görə, Azərbaycandakı rus pravoslav kilsələri həm də qədim mədəni abidə kimi qorunmaqdadır. Elə Müqəddəs Məryəm kilsəsinə gələn dindarlar da Azərbaycandakı kilsələrə münasibətin normal olduğunu bildirirlər:


Bakıda yaşayan ermənilərin Qriqoryan kilsəsinin fəaliyyəti 1990-cı ilin yanvarından dayandırılıb. İndi həmin kilsənin binasına nəzarəti Prezident Aparatı İşlər İdarəsi edir
«Hər şey normaldır. Mən məsciddə heç vaxt olmamışam və müqayisə edə bilmərəm. Amma, yaxşı baxılır, bütün bayramlar qeyd olunur. Elə də varlı kilsə deyil, amma təmizdir, hər şey səliqəlidir».

Dini İşlər üzrə Dövlət Komitəsinin sədr müavini Elçin Əsgərov isə deyir ki, Azərbaycanda fəaliyyət göstərən kilsələrə komitə nəzarət etsə də, fəaliyyət göstərməyən kilsələrin hamısı tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Belə kilsələrə əsasən qədim kilsələr və bir də fəaliyyətini dayandıran kilsələr daxildir. Xanlar və Daşkəsən rayonlarındakı lüteran kilsələrinin fəaliyyəti isə almanlar bu əraziləri tərk edəndən sonra dayanıb. Cənab Əsgərov deyir ki, həmin lüteran kilsələr hazırda tarixi abidə kimi qorunur.


Bakıda yaşayan ermənilərin Qriqoryan kilsəsinin fəaliyyəti isə 1990-cı ilin yanvarından dayandırılıb. İndi həmin kilsənin binasına nəzarət edən Prezident Aparatı İşlər İdarəsinə məxsus kitabxananın rəhbəri Mayıl Əhmədov deyir ki, 1990-cı ilin 20 yanvarında sovet qoşunları Bakıda dinc əhaliyə divan tutandan sonra bir qrup şəxs bu kilsəni yandırıb. Elə o vaxtdan da erməni kilsəsi müvəqqəti olaraq yaxınlıqdakı kitabxananın tabeçiliyinə verilib. Uzun müddət kilsə baxımsız qalsa da, kitabxana Prezident Aparatına veriləndən sonra onun tabeliyində olan kilsənin də səliqə-səhmanına əl gəzdirilib.



Müqəddəs Məryəm kilsəsi, 1 noyabr 2006
Kilsəni kimin yandırmasına gəldikdə, kitabxananın direktoru bildirir ki, uzun müddət araşdırma aparılsa da bu konkret nəticə verməyib. Mayıl Əhmədov düşünür ki, o vaxt Azərbaycanda milli azadlıq hərəkatını boğmaq istəyən qüvvələr bunun üçün bəhanə yaratmaq istəyiblər. Bəhanə isə Bakıda yaşayan ermənilərlə azərbaycanlıların arasına nifaq salmaq üçün kilsənin yandırılması olub. Bunun ardınca isə ermənilərə hücumlar təşkil edilib. Mayıl Əhmədov deyir ki, 2003-cü ildə kitabxana əsaslı təmir olunanda kilsənin də ətrafı dəmir hasar alınıb, ətrafında müəyyən abadlıq işləri aparılıb: «Kilsənin ətrafında əsaslı abadlıq işləri aparılıb-ağaclar, güllər əkilib, indi bunu kilsənin yanından keçən hər kəs görə bilər. Binanın memarlıq xüsusiyyəti pozulmadan təmizlik işləri aparılıb».

İndi kilsədə heç bir dini ayinin icra olunmadığını deyən kitabxana direktorunun sözlərinə görə, müvəqqəti olaraq Prezident Aparatı İşlər İdarəsinə məxsus kitabxananın tabeliyinə verilən kilsə binasında həmin kitabxananın erməni dilində olan ədəbiyyat fondu saxlanır: «Hazırda erməni kilsəsində keçmiş Lenin adına kitabxanada olan zəngin erməni ədəbiyyatı saxlanılır. Bunu hər kəs bilir. Bu nadir fondu biz qoruyub saxlamışıq və həmin fondu kilsədə yerləşdirmişik. Yəni erməni kilsəsindən sadəcə, erməni ədəbiyyatını qoruyub saxlamaq üçün köməkçi fond kimi istifadə edilir».



Mənsubiyyətindən asılı olmayaraq kilsələr qorunur və onların hamısı Azərbaycanının sərvətidir
Cənab Əhmədovun sözlərinə görə, kilsəyə yığılan kitablardan tarixçilər, araşdırmaçılar tez-tez istifadə edirlər. O, bildirir ki, indi erməni ədəbiyyatının qorunub saxlanması üçün istifadə edilən kilsəni gələcəkdə muzeyə çevirmək barədə də fikirlər var.

Dinşünas alim Altay Göyüşov isə hesab edir ki, hazırda Azərbaycanda məscidlərə münasibət necədirsə, kilsələrə də həmin münasibət göstərilir: «Bəlkə də bir qədər yüksəkdir».


Din araşdırmaçısı kimi Azərbaycandakı kilsələrin qorunmasında ciddi problemlərin olmadığını deyən Altay Göyüşova görə, mövcud olan problemlər də ümumilikdə tarixi abidələrə münasibət fonunda yaranan problemlərdir. Yəni, bütövlükdə Azərbaycandakı tarixi abidələrin bərpa, baxımsızlıq problemləri bəzi kilsələrdə də var.



Mədəniyyət və Turizm Nazirliyinin mədəni irsin qorunması şöbəsinin müdiri Rizvan Bayramovsa deyir ki, hansı millətə və ya dinə mənsubiyyətindən asılı olmayaraq Azərbaycan ərazisindəki bütün kilsələr mədəniyyət və tarixi abidə kimi mühafizə olunmaqdadır: «Mənsubiyyətindən asılı olmayaraq hamısı qorunur və həmin kilsələrin hamısı Azərbaycanının sərvətidir».


Cənab Bayramovun verdiyi məlumata görə, Azərbaycan ərazisində olan kilsələrin təxminən 80 faizə qədəri XIII əsrin ortalarına qədər tikilən kilsələrdir. XIX əsrin sonunda Qax rayonunda tikilən rus pravoslav kilsəsi iki-üç il əvvəl dövlət vəsaiti hesabına bərpa edilib. Bundan başqa, Şəkinin Kiş kəndində V-VI əsrlərdə tikilmiş məbəd tam bərpa edilib və həmin ərazi qoruq elan edilib, kilsənin içərisində isə muzey açılıb. Bu yaxınlarda isə Qax rayonunun Qum kəndində, bundan başqa Qəbələnin Nic kəndində udinlərin kilsəsi də tam bərpa olunub və istifadəyə verilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG